Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:26

"Havalılar" adında kənd olmayıb, "Xavalılar" var


Nəcəf Talıbov
Nəcəf Talıbov

- "Qızımdan köçürüb əlaçı olan qoduq!"

"Fikir mübadiləsi uzun çəkdi, çünki çıxışlara reqlament qoyulmamışdı. Elə Dəli Şaban bir saata yaxın danışdı, axırda ağzı köpükləndi, apardılar."

"Deyilən sözlər, səslənən fikirlər, ifadələr, intonasiyalar, leksikon bir necə dəfə zənginləşdi, kəskinləşdi, uşaqları toplantıdan uzaqlaşdırdılar."

Nəcəf Talıbov

Havalılar

(Hekayə)

(Paytaxtda)

- Ay qız, qovoryu je tebe, yaz: "Havalılar"!

- Rəis, axı həmin rayonun otuz il əvvəlki reyestrində "Havalılar" adında kənd olmayıb, "Xavalılar" var.

- Mən sənə "Havalılar" deyirəm də!!! Tak i pişi!!!

Yaşlı katibə kabinetdən çıxdı.

Rəis dodağının altında mızıldandı: "Hiyar qızı, hiyar!!! Çıxıb cəxənnəm olmadı ki, normalnoqo çeloveka na rabotu prinyali."

***

(Rayon mərkəzində)

Hər şey bələdiyyələrin yaradılması zamanı başladı: Buzbulaq kəndinin bir hissəsi, "kolxoz" dövründə (nə vaxtsa belə bir dövr olub, deyəsən ötən əsrin 30-cu illərində) öz kəndlərinin zorla Buzbulağa birləşdirildiyi əsas gətirərək, tarixi ədalətsizliyin aradan qaldırılmasını tələb etdilər.

Yəni, kəndlərinin ayrılmasını və qədimi adının bərpasını...

Kənd ziyalıları – məktəbin təsərrüfat müdiri, poçt məntəqəsinin rəisi və keçmiş sovxoz briqadiri yaxşıca hazırlaşdılar (kostyum, qalstuk, panama), əllərində təkzibolunmaz əşyayi-dəlillər (Babasının "front"dan yazdığı məktubun üstündəki ünvan, nənəsinin xatirələri, "Zəfər bayrağı"qəzetinin 34-cü il aprel nömrəsindən bir parça) rayon mərkəzinə gəldilər.

İcra başçısı aparatının humanitar məsələlər şöbəsinin müdir müavini şəxsən onları qəbul etdi.

Perspektivli iş idi: yeni kənd, yeni ştatlar, dövlət orqanlarının kənddəki struktur bölmələri, feldşer-mama məntəqəsi, hətta ibtidai məktəbin yeddi illik edilməsi...

Əhalinin işlə təmin edilməsi, rifah halının yüksəldilməsi... Hələ rayon mədəniyyət şöbəsinin kənd özfəaliyyət dərnəyi...

Yanğınsöndürənlər də istədilər ki, kənddə bölmə açsınlar, alınmadı... kənd evlərinin sayı nəyəsə uyğun gəlmədi.

Əsas məsələlərdən lap əsası isə, kəndin adının bərpası idi. Yəni, yeni kəndə "Xavalılar" adının qaytarılması.

Sağ olsun kənd ziyalıları – məktəbin təsərrüfat müdiri, poçt məntəqəsinin rəisi və keçmiş sovxoz briqadiri - və rayon rəhbərliyi: paytaxt qarşısında məsələ qaldırıldı, kəndin qədimi (tarixi) adı bərpa edildi.

Amma, bir balaca fərqlə – kəndin adı Xavalılar yox, Havalılar kimi təsdiq olundu.

Kənd ziyalıları – müdir, rəis və briqadir əvvəlcə etiraz etmək istədilər.

Ancaq İcra başçısının humanitar məsələlər şöbəsinin müdir müavini şəxsən qaşlarını çatıb onlara baxdı və dedi ki, niyə "narazılıq edirsiniz?" ("Pirinizə şıllaq atırsınız!"), "sevinmirsiniz?" ( "İt kimi əl-ayağımızı yeyirsiniz!"), "Başçıya minnətdarlıq etmirsiniz" ("Nanəcib yığını nanəcib!").

Şəxsən icra başçısı paytaxtdan xahiş edib ki, bu kəndi ayırsınlar. Bunlar isə, o boyda kəndin ayrılmağına, yeni bələdiyyə yaradılmağına sevinmirlər ("Pirinizə şıllaq atırsınız", "it kimi əl-ayağımızı yeyirsiniz", "nanəcib yığını nanəcib"), bir hərfə görə "iradınızı bildirirsiniz" ("p.. kimi iylənirsiniz!").

Ziyalılar da - müdir və briqadir- razılaşdılar.

Sonra humanitar məsələlər şöbəsinin müdir müavininin hirsi soyudu, dedi ki, "Havalılar" da pis səslənmir, çünki "X" - əslində rus hərfidir.

Məsələn, o özü əsgərlikdə olanda (DMB -74) ruslar Hətəmə "Xatam" deyirmişlər. Rusların özlərində heç "H" hərfi yoxdur.

Bir nəfər ingilis, şəxsən onun yanında rusca "qavaryu" əvəzinə "havaryu" demişdi, ona bir məzəli baxmışdılar.

Odur ki, kəndin adı "Havalılar" dır. Yəni, havası-zadı yaxşı kənd.

Pis də səslənmir.

Həm də, tibbi cəhətdən cəlbedicidir – astması, bronxiti olanlar havaya görə bura gələ bilərlər. Sanatoriya, pansionat, klinika, müalicə korpusları...

Elə müalicəyə gələnlərə meyvələrinizi-zadı satsanız, filan qədər qazanarsınız ("Varlanıb qudurarsınız!").

Ziyalılar da – müdir – varlanmağı gözünün qabağına gətirib kövrəldi.

***

(Kəndin girəcəyində)

İlk problem kəndin adı yazılmış və ox işarəsi çəkilmiş lövhədən başladı. Hansı köpək oğlusa oxu çevirib köhnə qəbristanlığa tərəf tuşlamışdı.

Özü də bunu məhz köpək oğlu eləmişdi, köpək qızı yox. Ona görə ki, köpək qızları belə işlərlə məşğul olmurlar, onların ayrı işləri var.

Lövhənin istiqamətinin düz olmamasını ilk növbədə əlaçı dördüncü "A" sinif şagirdi Əlövsət gördü. Maşallah, çox fərasətli uşaqdır. Elə o da kəndin adının "Xavalılar" yox, "Havalılar" yazıldığını aşkar etdi.

***

(Kəndin ortasında)

Müstəqilliyin dadını hələ ləzzətlə hiss edən kənd sakinləri dükanın qarşısında toplaşdılar. Bura, yəni "Dükanın yanı", qədimdən toplantı yeri olub.

Əvvəllər kənddə cəmi bir dükan var idi, sonralardan isə çoxlu "mini market", "market", hətta bir "supermarket" də düzəltdilər, amma dükan elə bircə dənə qaldı.

Sakinlərdən çoxu öz iradlarını açıq-aşkar bildirdilər. Kənd ziyalıları rayon icra hakimiyyəti aparatının humanitar məsələlər şöbəsinin müdir müavininin arqumentlərini bircə-bircə sadaladı.

Qənaətlənmədilər.

İbtidai məktəbin direktoruna müraciət etdilər.

Direktor bu kənddən deyildi, ona görə də toplantıda müşahidəçi qismində iştirak edirdi.

O, bir neçə dəfə öz-özünə "Xavalılar, Havalılar" dedi, necə səsləndiyini yoxladı. Sonra dərin fikrə getdi.

Daha sonra irişdi, dedi ki, təzə ad formaca fərqli olsa da, məzmunca daha münasibdir. Nəyə münasibdir, niyə münasibdir – demədi.

Direktoru toplantıdan kənarlaşdırdılar. Çünki, başqa kənddən idi. Elə düz də elədilər. Nə işi var ey, onun burada?

Kənddən ali təhsilli müəllim çıxmamışdı, ona görə bunu direktor qoymuşdular. Bütün siniflərə bütün dərsləri özü deyirdi, bir aləm də maaş alırdı. Dördüncü "A" sinif şagirdi Əlövsət kimi oğullar var ey bu kənddə, qoy böyüsün, özü direktor olacaq (əgər başqa kənddən evlənməsə)!!!

Toplantıda belə fikirlər səsləndi ki, "Havalılar" bir o qədər də yaxşı səslənmir, həm də deyəsən, başqa bir məna da verə bilər.

Məsələn, kimsə kənd sakinlərini "havalı", yəni, Allah eləməmiş, "başına hava gəlmiş" adlandıra bilər.

Fikir mübadiləsi uzun çəkdi, çünki çıxışlara reqlament qoyulmamışdı. Elə Dəli Şaban bir saata yaxın danışdı, axırda ağzı köpükləndi, apardılar.

Hava qaralana yaxın (inəklər sağılandan sonra) kənd arvadlarından ibarət nümayəndə heyəti toplantıya qoşuldu.

Deyilən sözlər, səslənən fikirlər, ifadələr, intonasiyalar, leksikon bir necə dəfə zənginləşdi, kəskinləşdi, uşaqları toplantıdan uzaqlaşdırdılar.

Axırda kəndin rəsmi dəlisi Zaman söz istədi.

Zaman ona görə rəsmi dəli sayılırdı ki, ruhi dispanserdə yatmışdı, kağızı var idi, ona görə də əsgərliyə aparmamışdılar və pensiya alırdı. Dəliliyə görə.

Kəndin qalan pensiyaçıları isə, bu pensiyanı almaq üçün qırx il sovxozda, necə deyərlər (yumşaq desək), xeyli əziyyət çəkmişdilər, çalışmışdılar.

Zamana söz verdilər. O, dedi:

- Ay camaat!

- ...

- "Havalı" - dəli deməkdir!

Təsdiq edənlər də oldu, etməyənlər də.

- İndi deyin görüm, mən pis yaşayıram?

Hamının fikrindən onun əsgərliyə getməməyi, pensiya almağı və sair nazi-nemətlər keçdi.

- Siz də dəli olun də, nə olacaq ki?

- Kəs səsini! Cəhənnəm ol ! Dəlinin biri dəli… (Yerlərdən səslər).

Zaman qımışdı, bir az əyilib camaata diqqətlə baxdı:

- Onsuz da, görürəm ki, çoxunuz məndən betər dəlisiniz…

- Dəli dədəndir. Babandır! Əcdadlarındır!

Zaman yenə qımışdı:

- Vallah, baxıram ki, sizin hamınızın nəslinizdə dəli var. Bir fikirləşin…

Sakitlik çökdü. Camaat fikirləşdi. Sonra kimsə dilləndi:

- Düz deyir də… Şəxsən mənim sağ-sol qonşularım evbaşı dəlidirlər…

Başqa birisi – çox güman ki, dillənənin qonşusu çəmkirdi:

- Bəs sən özün? Dəli Qızeyin nəvəsi deyilsən?

- Nə deyirəm ki, nəvəsiyəm… Dedim ki, mən ağıllıyam? Bu dəqiqə sübut edərəm…

Və bərk bir şapalaq səsi gəldi. Deyəsən, Qızey xanımın nəvəsi sözlərini hərəkəti ilə təsdiq etdi.

Ara qarışdı… Vur-çatlasın başladı…

Amma, insafən, ədəb-ərkan daxilində: kişilər kişilərlə dalaşıırdıla, qadınlar qadınlarla…

Arada bircə nəfər qanağaqsızlıq etdi: uşaqlarla birlikdə toplantını tərk etməmiş dördüncü sinif şagirdi əlaçı Əlövsətə bir təpik vurdu:

- Qızımdan köçürüb əlaçı olan qoduq!

Əlövsət də borclu qalmadı, onun qızının kim olduğunu ismi, sifəti, feli, sayı, təyini və durğu işarələri yerli-yerində olan bir mürəkkəb cümlə ilə dedi, axırında da üç dənə nida işarəsi qoydu.

Qıraqdan hadisələri seyr edən məktəb direktoru məmnunluqla şagirdinə baxdı.

Yarım saatdan sonra Zaman camaatı sakitləşdirdi:

- Bəsdir! Özünüzü çox yormayın! Sabah sobesə gedib dəlilik pensiyası almağa ərizə verin!

İki gün sonra pensiya idarəsinin müdiri və ruhi dispanserin baş həkimi müalicəyə getdilər. Truskavesə. Həyat yoldaşlarını aparmadılar: xarici pasportları yox idi.

Sonra kəndin marşrut avtobusu xarab oldu. Bəzi ağzıgöyçəklər deyirlər ki, maşın xarab-zad olmayıb.

Sadəcə bir havalı rayona çatanda gediş haqqı verməyi unudub (yəqin ki, fikirli olub), sürücü də mat-mat onun dalınca baxıb, sonra sərnişinlər deyib ki, "Nə edim? Havalılardandır da…" Sonra isə avtobusdakı bütün havalılar pulsuz düşüblər.

Sonra kənd əhli işıq pulu verməyi tərgizib. İşıq idarəsinin müdiri o alçaq gədə işığı kəsmək istəyib, amma… kəsməyib.

Polis sahə müvəkkili əslən havalı olduğu üçün (Arvadı Səy Alının qızıdır) hərdən bir kəndə gələ bilir, qohum-əqrəba ilə hal-əhval tutub gedir.

Vergi müfəttişləri "Havalılar" yazılmış lövhənin yanında, əllərində inzibati cərimə protokolları durub, həsrətliklə kəndə baxırlar.

Kənddə otuz ailənin başçısı dəyişib. İndi çox ailələrdə başçı – evin kişisidir.

Bir xəbər də var: Başqa kəndlər buraya nə qız verirlər, nə də qız alırlar. Daha havalı oğlanlar ancaq və ancaq havalı qızları alırlar. Amma uşaqlar şizofrenik doğulur.

Kəndin baytarının işi yaman çoxalıb…

Kənd kitabxanası normal işləyir. Açıq olanda.

Poçt həmişə açıq olur.

Havalılar bazarlığa qonşu rayona gedirlər. Məhsullarını da orada satırlar.

***

(Rayon mərkəzində)

Rayon rəhbərliyinin başı abadlıq işlərinə və əhalinin maddi-rifah halının yüksəldilməsi tədbirlərinin həyata keçirilməsinə qarışdığı üçün, əvvəlcə "Havalılar"a o qədər fikir vermirdilər.

Amma sonra… sonra nəsə oldu, fikir verdilər.

Qaz idarəsinin işçiləri kəndə qaz xətti çəkilişini yarımçıq saxladılar. Soyuğun dəliyə də, ağıllıya da eyni dərəcədə təsir etdiyini əsas gətirən havalılar ziyalıları bir həftədə müxtəlif instansiyalara yüz səksən beş şikayət ərizəsi yazdılar (hər evdən bir ərizə).

Məsələ böyüdü.

İşıq idarəsi, vergiçilər, polis və digər dövlət orqanları məsələni rayon rəhbərliyinə izah etdilər.

Rəhbərlik rayonda yeganə psixologiya təhsili olan Cavanşir müəllimi dəvət etdi, məsələni ona açıqladı.

Cavanşir müəllim adəti yzrə asta-asta güldü:

- Hər bir şəxsdə dəlilik əlamətləri var…

Rəhbər duruxdu.

- …bəzilərində az, bəzilərində çox…

-…

-…amma kiməsə hamı dəli desə, o dəli kimi də hərəkət edər… xüsusilə xeyir edəndə…

- Cavanşir müəllim, bəs məsləhətiniz nədir?

- Kəndin adını dəyişdirin..

***

Elə də etdilər. Düzdür, bir az əziyyət çəkdilər, amma alındı.

Deyilənlərə görə, indi kənddə vəziyyət yaxşıdır.

XS
SM
MD
LG