Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:36

Həyat gözəldir, qardaşım!!! (Hekayə)


Nəcəf Talıbovğ
Nəcəf Talıbovğ

-

Nəcəf Talıbov

YAĞIŞLI BİR GÜN

Küçədən gələn səsə oyandı: zibil maşını idi. Saata baxdı. Yeddinin yarısı. Tezdir. Zalım uşağı yatmağa qoymadı.

Bir-iki dəfə kişilənmiş durmuşdu ki, yuxusuna haram qatan zibil götürənlərin payını versin. Ancaq onu elə günə salmışdılar ki, cıqqırını da çıxara bilməmişdi.

İndi də başını aşağı salıb, sakitcə yerindən durdu. İşığı yandırmaq istədi, yanmadı.

Haradasa qısa qapanma olub. Bayırda yağış yağırdı.

Şükür, heç olmasa, qaz gəlir. Çaydanı plitənin ystünə qoydu.

Küncdə tavandan su damırdı. Deməli, yağış azı yarım saatdır ki, yağır.

Daman yerə ləyən qoydu.

Kəmşirin çay düzəltdi, səhər yeməyi yedi: azca pendir və çörək. İki dəfə istifadə olunmuş birdəfəlik ülgüclə üzünü qırxdı.

Böyründən keçən maşın çirkli yağış suyunu üstünə sıçratdı. İt oğlu heç üzr də istəmədi.

İşə çatdı, hələ yarım saat var idi. Qapının ağzında dayanıb bir siqaret yandırdı.

Rəis gəldi. Maşından düşdü.

- Nədir, səhərin gözü asılmamış qapının ağzını kəsdirmisən?!

Bu da bunun «salam»ı!!!

İçəri keçib yerində oturdu. Stolunun üstündəki qalaqdan bir kağız götürüb kompüterdə işləməyə başladı.

Bir azdan iş yoldaşları gəldilər. Qız da gəldi. Dilucu ümumi salam verib, yerində əyləşdi. Heç ona tərəf baxmadı da.

Şöbə müdiri yaxınlaşdı, əlindəki sənədi uzatdı:

- Bunu niyə işləməmisən?

- İndi verirsiniz də, ona görə.

- Mən bunu sənin stolunun üstündən götürmişəm! Səhər tezdən!

- Mən sizdən tez gəlmişdim axı? Necə...

- Söz güləşdirmə! Götür, işlə!

Götürdü. İşlədi.

Naharda bir küncə çəkilib sakitcə evdən gətirdiyi çörəyin arasındakı iki sosiskanı yedi. Qız üzünü kənara çevirib gözlərini süzdürdü.

Günortadan sonra bankdan zəng çaldılar, kreditin vaxtında ödənilməsinin zəruriliyi barədə moizə oxudular. Sonra tanışı zəng etdi. Borc istədi, «Yoxumdur» sözünü eşidəndə «Həyatı boyu bir işə yaramamısan» deyib dəstəyi atdı.

Axşam rəis yanına çağırdı, işdən azad olunduğunu bildirdi.

Bayıra çıxdı.

Qarşısında bir maşın dayandı. Qız binadan çıxıb maşına əyləşdi.

Köksünü ötürdü.

Fikirli-fikirli evə sarı yollandı.

Yolda onu maşın vurdu. Bərk yox, yavaşca. Tulladı səkiyə. Sürücü düşüb əvvəlcə onun yanına – maşının bamperi dəyən yerinə baxdı, sonra əl-ayağına. Zədə, sınıq, qançır olmadığını görüb dişinin dibindən çıxanı dedi:

- Korsan? Özünü nə soxursan maşının altına? Heyvan oğlu, heyvan!

Sonra da maşınını sürüb sakitcə çıxıb getdi.

Özünə gələndən sonra yavaş-yavaş yoluna düzəldi. Yaxınlıqdakı kafedə, bayırda qoyulmuş stulda əyləşdi.

Balaca bir sərçə başının üstündəki budaqda cikkildəyirdi. Cikkildədi, cikkildədi, sonra da pencəyinin qolunu bulayıb uçdu.

Stolun üstündən salfet götürüb sərçənin «bəxşiş»ini sildi, başının üstünü kəsdirmiş ofisianta dedi:

- Bir stəkan çay verin!

- Burada çay verilmir! – Ofisiant sözü tullayıb getdi.

Düşündü, düşündü, düşündü... Yaş, çirkli asfalta, zibil yeşiyində ciddi-cəhdlə nəsə axtaran qoca kişiyə, buludlu səmaya, küləyin havaya qaldırdığı zir-zibilə, protokol yazan avtomobil müfəttişinə, bir-biri ilə söyüşən marşrut avtobuslarının sürücülərinə, «Əliniz qurusun, zibil atan!» deyərək səkini süpürən sarı gödəkçəli qadına baxdı, baxdı, baxdı... Dedi:

- Həyat gözəldir, qardaşım!!!

Qonşu stolun arxasında əyləşmiş dolu kişi qarşısındakı nimçəni kənara itələdi, salfetlə ağzını sildi və başı ilə təsdiq etdi...

Noyabr, 2012-ci il

XS
SM
MD
LG