Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:37

Abdulla Abdullayev: «14 aydır heç nədən həbsdə oturmuşam»


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

«İbtidai araşdırma zamanı nə az, nə çox düz 170 nəfər dindirilib. Mən hələ məhkəmə tarixində belə qanunsuzluğa rast gəlməmişdim. Məhkəmə ibtidai istintaqın dindirmədiyi adamları zərərçəkmiş kimi dindirir. Absurddur».

Bunu mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.M.A.Y. Ticarət Mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin məhkəməsində onun vəkili Osman Kazımov deyib.

Məhkəmə Abdulla Abdullayevi külli miqdarda mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirir.

Vəkillər məhkəmə iclasında dindirilənlərlə bağlı etirazlarını bildirdilər. Onlar ibtidai istintaqın dindirmədiyi şəxslərin zərərçəkmiş qismində məhkəməyə çağırılıb dindirilməsinə qarşı çıxdılar. Vəkil Osman Kazımov isə, ümumiyyətlə, işə xitam verilməsi, Abdulla Abdullayev barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, pulların leqallaşdırılması ilə bağlı ittiham üzrə sübutların təqdim olunması barədə vəsatət qaldırdı.

«İttihamı veriblər, sübutlar da təqdim etsinlər. Görək bu adam bu pulları necə leqallaşdırıb? Pulların leqallaşdırılması deyəndə, istintaq nəyi nəzərdə tutub? Bu məhkəmə prosesi kimlərinsə sifarişi üzərində qurulmamalıdır».

«BU ÖLKƏDƏ ƏDALƏT QALMAYIB»

Abdulla Abdullayev də vəsatətləri müdafiə etdi:

«Bu işin başlanması elə bütövlükdə əsassızdır. Hər şey aprelin 12-də baş verib. Eyni gündə Sahibkarlığa Milli Kömək Fondundan prokurorluğa məktub göndərilib, məktub guya həmin gün də ünvanına çatıb. Dərhal istintaqa göndərilib, müstəntiq təyin olunub, cinayət işi başlanıb, ittiham irəli sürülüb. Halbuki bu, 15-20 günlük prosesdir. Biz həmişə eşidirik, deyirlər ki, ədalət yaxşı şeydir. Amma mən bu ədaləti görmürəm. Ədaləti elə günə salmısınız ki, bu ölkədə ədalət qalmayıb. Bu haqda danışanda, yəqin prezidentə də yanlış məlumat verirlər. 14 aydır heç nədən həbsdə oturmuşam. Heç olmasa, cəzamı tez versinlər, çıxıb gedim işimin dalınca».

Vəkillərin heç bir vəsatəti təmin olunmadı.

Məhkəmənin zərərçəkmiş kimi dindirdiyi bir neçə nəfərsə Abdulla Abdullayevi tanımadıqlarını, ondan şikayətçi olmadıqlarını, hər hansı zərərə düşmədiklərini dedilər. Bu şəxslər Abdulla Abdullayevin sahibi olduğu «Xudafərin» MMC-nin tikdiyi binadan mənzil alanlardır.

Məhkəməyə zərərçəkmiş qismində çağırılanların çoxu gəlmədiyi üçün hakim onların məcburi gətirilməsi barədə qərarı elan etdi. Məhkəmə iclası mayın 5-də davam edəcək.

Ötən il aprelin 4-də həbs olunan Abdulla Abdullayevdən şikayətçi İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu olub. Fond Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət məktubu göndərib. Baş Prokurorluğun qənaətinə görə, məktub araşdırılandan sonra Abdulla Abdullayevin külli miqdarda mənimsə və vəzifə səlahiyyətlərini aşma cinayətləri üzə çıxıb. İşadamı isə Fondun xətti ilə alınmış 3 milyon 397 min manatın təyinatı üzrə xərcləndiyini iddia edir.

XS
SM
MD
LG