Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:35

AMAY ticarət mərkəzinin rəhbərinə qarşı məhkəmədə zərərçəkən kimi tanınanlar dindirilir


Abdulla Abdullayev
Abdulla Abdullayev

.


Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə A.M.A.Y Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və onun keçmiş işçilərinin məhkəməsi davam edib.

Məhkəmə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış iki nəfəri dindirib.

Həmin şəxslərdən biri olan Taleh Məmmədov ifadəsində göstərib ki, “Xudafərin” MMC-dən 63 min manata mənzil alıb. Lakin hələ də mənzilə köçə bilməyib.

Taleh Məmmədov:
- Bu adamların heç birini tanımıram. Heç vaxt Korrupsiyaya qarşı Mübarizə İdarəsində olmamışam. İstintaqa ifadə verməmişəm.

Hakim:
-Bu adamlara qarşı hər hansı tələbiniz varmı?

Taleh Məmmədov:
-Yox. Heç bir tələbim yoxdur. Bircə istədiyim odur ki, binanı təhvil versinlər, yığışaq içərisinə.

Vəkillər zərərçəkmişə sual verməkdən imtina ediblər. Vəkil Osman Kazımov bunu belə izah etdi ki, istintaqda dindirilmədən zərərçəkmiş kimi tanınan şəxsə veriləcək sualları yoxdur:

“Bu, sadəcə biabırçılıqdır. Artıq neçənci şəxsdir ki, istintaqda dindirilmədiyi halda, zərərçəkmiş şəxs qismində tanınıb. Abdulla Abdullayevə nə cəza verəcəksiniz, öz işinizdir. Amma bu cür işləri məhkəməyə göndərmək məhkəmə sistemini ələ salmaqdır. Bu iş məhkəməyə necə göndərilib, bu ittiham necə yazılıb, başa düşmürəm”.

Zərərçəkmiş qismində dindirilmiş ikinci şəxs Əlican Ələkbərov oldu. O, ifadəsində göstərdi ki, 2004-cü ildə qardaşı ona mənzil alıb. 11 keçməsinə baxmayaraq bina hələ də hazır deyil:

“Qardaşım dedi ki, tikən də tanıdığımız adamdır, biz alırıq, məsləhətlidir, dedim mənə də götürün. Müqaviləni “Xudafərin” MMC ilə özüm bağlamışam, pulu da qardaşıma vermişəm, o ödəyib. Demişdilər ki, 2 ilə hazır olacaq, ancaq hələ də hazlır deyil”.

Zərərçəkmiş ibtidai istintaq tərəfindən dindirilmədiyi dedi:

“Korrupsiya İdarəsində olmamışam. Amma “Xudafərin” MMC-yə getmişəm, evimi tələb etmişəm. Adamı nə qədər aldatmaq olar? O vaxtkı pulla mən 50 ev alardım, kirayəyə verərdim. Gör nə qədər pulum gedib”.

Abdulla Abdullayev zərərçəkmiş şəxsdən nə qədər pul ödədiyini, pulu kimə verdiyini və həmin pullarının hara getdiyini xəbər aldı:

“Sənin orada mənzilin var. Sənə ödədiyin məbləğ qədər pul verirəm, 20 ildən sonra gətirib qaytararsan. O bina mənim günahıma görə yubanmayıb. Sizin şikayətlərinizə görə yubanıb”.

Zərərçəkmiş Ə.Ələkbərov heç kimə və heç yerə şikayət etmədiyini dedi.

Abdulla Abdullayev də mənimsəmə ittihamı ilə bağlı fikirlərini bildirdi:

“Mənə deyirlər ki, sən pul mənimsəmisən. Bu kişidən 50 min manat almışam, 50 min manatlıq da çek vermişəm. Həmin pula da bina tikilib. Əgər 50 min manat alıb, 30 min manatlıq çek versəydim, burada mənimsəmə deyə bilərdilər. Hər şey sənədlə həll olunubsa, burada hansı talamadan, hansı mənimsəmədən söhbət gedir? O ki qaldı binanın tam hazır olmamasına, burada da mənlik bir şey yoxdur. Prokurorluq gəlib tikintini 3 dəfə dayandırıbsa, mən necə başa çatdırım?”

Hakim növbəti məhkəmə iclasını aprelin 28-nə təyin etdi.

Abdulla Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu şikayət edib. Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə mühakimə olunur.

Abdulla Abdullayevlə birlikdə keçmiş işçiləri Elşən Novruzov, Heydər Rzayev Mehman Məmmədxanlı Vidadi Qurbanov, Nadejda İlyasova da mühakimə olunur. Abdulla Abdullayevdən fərqli olaraq onlar zamindədirlər.

XS
SM
MD
LG