Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Xədicəyə PEN Yazmaq Azadlığı mükafatı verilir


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayıl beynəlxalq PEN mükafatına layiq görülüb. Xədicəyə PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı verilir.

Onlarla idman yazarı PEN-ə qoşularaq Xədicəni ilk Avropa Oyunları ərəfəsində azadlığa buraxmağa çağırır.

PEN Amerika Mərkəzi bildirir ki, mükafat bu il mayın 5-də Nyu Yorkda Amerika Təbiət Tarixi Muzeyində təqdim olunacaq.

OLİMPİYA XARTİYASININ RUHU

Xədicə İsmayıl Azərbaycanda dövlət səviyyəsində korrupsiya faktlarını üzə çıxarmış jurnalistdir. O, ötən il dekabrın 5-də keçmiş həmkarını intihar həddinə çatdırma ittihamıyla həbs olunub.

PEN Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Thomas Bach-a məktub yazaraq İsmayılın ilk Avropa Oyunları ərəfəsində azadlığa buraxılmasına çağırıb. Həmin çağırışa Amerikanın tanınmış idman jurnalistləri – Bob Costas (NBC News), Frank Deford (Sports Illustrated), Steve Fainaru Mark Fainaru-Wada (ESPN) və David Remnick (The New Yorker) da qoşulub. Məktub müəllifləri BOK-u çağırır ki, Azərbaycana təzyiq göstərsin, “Olimpiya Xartiyasının ruhuna əməl olunsun və Xədicə İsmayıl və həmkarları bəraət alsın”.

Daha sonra bəyanatda Azərbaycanda repressiv media mühitindən bəhs olunur. Xədicə İsmayıla daha 4 ittiham da irəli sürülüb və 12 ilədək həbs cəzası ala bilər.

“XƏDİCƏ QORXU BİLMİR”

“Xədicə İsmayıl qorxu bilmir. O, dəfələrlə korrupsiyaya kəskin işıq salan araşdırmalar hazırlayıb,” PEN təşkilatının icraçı direktoru Suzanne Nossel deyib. “O, həbsxanadan da məktublar göndərir və göstərir ki, Azərbaycanda bütün yazarlar təqib qorxusu olmadan ifadə azadlığı əldə etməyincə susdurulmayacaq”.

PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı hər il işinə görə həbsə atılan və təqib olunan şəxslərə verilir. 1987-ci ildən bəri mükafata layiq görülən zaman həbsdə olan 39 yazardan 35-i azadlığa çıxıb. Xədicənin adından mükafatı azərbaycanlı jurnalist və dostu Emin Milli qəbul edəcək.

PEN Ədəbi Xidmət, İfadə Azadlığı Cəsarəti, Fəxri Naşir mükafatları da təqdim edir.

PEN Amerika Mərkəzi 1922-ci ildə yaradılıb, 4 min yazıçı üzvü var. Qurumun məqsəd dünyada ifadə azadlığına maneələri aradan qaldırmaqdır.

XS
SM
MD
LG