Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:28

Tural Mustafayev: «Xədicə İsmayıldan şikayətimi geri götürürəm»


Tural Mustafayev
Tural Mustafayev

-

«İndi mən Xədicə İsmayıldan şikayətçi deyiləm, səmimi olaraq barışmaq istəyirəm» -araşdırmaçı-jurnalist Xədicə İsmayılın həbsinə səbəb olan jurnalist Tural Mustafayev belə deyir.

O, AzadlıqRadiosuna açıqlamasında bildirib ki, baş prokuror Zakir Qaralova məktub yazıb, məqsədi - Xədicə İsmayılla bağlı şikayətini geri götürməkdir:

- Mənim Xədicə İsmayılla bağlı heç bir problemim yoxdur.

- Belə bir probleminiz yox idisə, niyə şikayətçi olmuşdunuz?

- Həmin vaxt psixoloji durumumda problemlər vardı, əsəb gərginliyi keçirirdim.

Tural Mustafayevin sözlərinə görə, o, bütün bunları baş prokurora məktubunda da bildirib və onu da əlavə edib ki, indi özünü tam sağlam sayır və ərizə xarakterli bu məktubu heç bir kənar təsir olmadan yazır.

Tural Mustafayev deyir ki, 2014-cü il noyabrın 26-dan, yəni şikayət ərizəsini yazandan bir gün sonra ölkədən çıxışına qadağa qoyulub. O, baş prokurora ünvanlandığı məktubda həmin qadağanın da aradan qaldırılmasını istəyib.

DAHA ÖNCƏ DƏ ŞİKAYƏTİ GERİ GÖTÜRMƏK İSTƏYİB, AMMA...

Tural Mustafayev ötən ilin dekabrında da - özünün facebook səhifəsində Xədicə Ismayıldan şikayət ərizəsini geri götürmək istədiyini yazmış, amma təxminən yarım saat sonra «Saxlanıldım!!!» sözlərini qeyd edərək, sanki qeybə çəkilmişdi.

AzadlıqRadiosunun bununla bağlı sualına cavabında o, həmin vaxt da şikayətini geri götürmək istədiyini, amma müəyyən səbəblərdən bunu edə bilmədiyini söyləyib. Tural Mustafayev «Söhbət hansı səbəblərdən gedir» sualını cavablamaqdanimtina edib.

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl dekabrın 5-də Tural Mustafayevin şikayət ərizəsi əsasında həbs olunub. Əvvəlcə «özünüöldürmə həddinə çatdırma» maddəsi ilə suçlanan jurnalistə daha sonra mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları da irəli sürülüb və bütün ittihamlar bir icraatda birləşdirilib.

AzadlıqRadiosu rəhbərliyinin fikrincə, Xədicənin həbsi onun yüksək vəzifəli ölkə məmurlarının gizli biznesi barədə araşdırmalarına görə hakimiyyətin qisasıdır. ​

XS
SM
MD
LG