Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Jurnalist Xədicə İsmayılla vəkilinin görüşünə icazə verilməyib


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Vəkil Yalçın İmanov aprelin 2-də Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Xədicə İsmayılla görüşmək istəsə də, bu, mümkün olmayıb. Təcridxana Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin təcridxanaya yolladığı məktubunu əsas gətirərək, görüşə icazə verməyib.

Bu barədə AzadlıqRadiosuna vəkilin özü bildirib.

İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayevin 12 mart 2015-ci il tarixdə imzaladığı məktubda deyilir ki, jurnalistə qarşı irəli sürülmüş ittihamlar (AR CM-nin 125, 179.3.2, 192.2.1, 213.1 və 308.2-ci maddələri) bir icraatda birləşdirilib, vəkil Yalçın İmanov AzadlıqRadiosunun nümayəndəsi kimi ötən ili dekabrın 28-də cinayət prosesindən kənarlaşdırılıb.

Y.İmanov jurnalistin ittiham olunduğu digər - AR CM-nin 147.2-ci maddəsi ilə bağlı martın 17-də onun ailə üzvləri ilə müqavilə bağlayıb və martın 19-da orderin surətini təqdim etməklə X.İsmayılla təcridxanada görüşüb.

Binəqədi rayon Məhkəməsinin fevralın 23-də çıxardığı hökmlə X.İsmayıl AR CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib və 2500 manat cərimə edilib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında şikayəti Elman Həsənov (Türkoğlu) qaldırıb.

Həmin hökmdən jurnalistin müdafiəçiləri tərəfindən apellyasiya şikayəti verilib.

Y.İmanov deyir ki, X.İsmayılın ittiham olunduğu bu işin Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində jurnalistə qarşı irəli sürülmüş ittihamlara hər hansı hüquqi aidiyyəti yoxdur:

«Bu səbəbdən də jurnalistin vəkili ilə görüşünə icazə verilməməsi tamamilə qanunsuz, əsassız və müdafiə hüququnun kobud pozuntusudur».

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» maddəsi ilə ittihamı irəli sürülüb.

Fevralın 13-də ona qarşı daha 4 maddə ilə - CM-nin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.

Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Jurnalist prezident ailəsinin biznesi haqda araşdırmaların müəllifidir.

XS
SM
MD
LG