Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:40

Qamət Süleymanov: 'İŞİD-ə qoşulanların sayı ona görə artır ki...'


Qamət Süleymanov
Qamət Süleymanov

-

Son zamanlar Azərbaycanda şəriət qaydalarının tətbiqini istəyənlərin də səsi eşidilməkdədir. Dünyəvi dövlətdə bu qaydaların tətbiqini vətəndaş niyə istəməlidir? Və ya İŞİD-ə qoşulanların sayı artmaqdadır. Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində onlarla bağlı 8 məhkəmə prosesi gedir.

Azərbaycanlıları bu qruplaşmada cəlb edən nədir? «Əbu-Bəkr» məscidinin imamı Qamət Süleymanovla söhbətə burdan başladıq.

- Qamət bəy, son zamanlar Azərbaycandan İŞİD-ə qoşulanların sayı artıb. Artıq bir çoxunun məhkəmə prosesi keçirilir. Azərbaycan vətəndaşını İŞİD-ə qoşulmağa vadar edən səbəb nədir?

- Səbəblər çoxdur. Səbəblərdən biri savadsızlıqdır, işsizliyin olmasıdır, iqtisadi gərginlikdir. Bir də, təbii ki, İŞİD özü də internetdə, «facebook»da təbliğatını aparır, adamları cəlb edir.

- Bəs bununla necə mübarizə aparmaq olar?

- Dini maarifləndirmə yolu ilə.

- Bu maarifləndirməni görürsünüz?

- O səviyyədə deyil... Biz kommunizmdən təzəcə çıxmışıq və bu sahədə bəzi problemlərimiz var.

- Müsahibələrinizdə demisiniz ki, bir neçə ildir qapısı bağlı qalan «Əbu-Bəkr» məscidi işləsəydi, İŞİD-ə qoşulanların sayı azalardı. Bununla nə demək istəyirsiniz?

- «Əbu-Bəkr» məscidi radikallığın əleyhinə gedib, həmişə bu yöndə söhbət, maarifləndirmə aparıb. Başa salmışıq ki, bu yol düzgün deyil.

- Son zamanlar Azərbaycanda şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq istəyənlərin də səsi artmağa başlayıb. Sizcə, konstitusion, sivil dövlət özünü doğrultmur, bu istək onun nəticəsidir, ya başqa səbəb var?

- Təcrübə göstərir ki, son zamanlar şəriətə meyl artıb. Məsələn, Türkiyədə islama meylli olanlar qələbə çaldılar, kütlənin böyük hissəsi onlara səs verdi, həmçinin Misirdə. Ola bilsin, başqa yerlərdə də belə olsun. Seçkilər olsa. Şəriət qaydaları ilə dövlət idarə etmək istəyənlərin sayının çoxalması dinə qayıdanların artması ilə bağlıdır. İnsanlar görürlər ki, müsəlman olduqlarına görə əzilirlər. Buna görə də insanda təəssübkeşlik yaranır.

- Şəriət qaydaları olanda müsəlman əzilməyəcək ki?

- Şəriət qanunları 1924-cü ilə kimi tətbiq olunub, o zaman Osmanlı xilafəti vardı. İndi onlar fikirləşirlər ki, şəriət qaydaları olsa, daha yaxşı olar.

- Siz şəriət qanunlarının Azərbaycanda tətbiqini necə təsəvvür edirsiniz?

- Bu, hələ mümkün deyil. Dövlət idarəçiliyi ağır məsələdir. Azərbaycanda hələ bunun rüşeymləri yoxdur.

-Şəriət qanunlarının qüvvəyə minməsinə inkişaf kimi baxırsınız, ya cəmiyyətin geriləməsi kimi?

- Bu, ayrıca inkişaf istəyir. Dövlət idarəçiliyi siyasətdir, iqtisadiyyatdır, müdafiədir, böyük sistemdir. Bir adam dursun ki, mən bunu bərpa edirəm... Bu, bir adamın işi deyil, hazırlıq olmalıdır, asan iş deyil.

- Şəriət qanunları sərt cəzalar tətbiq edir. XXI əsrdə insanın əlinin, dilinin kəsilməsinə, gözünün çıxarılmasına necə baxırsınız? Ölüm hökmü ləğv olunduğu dünyada bu, orta əsrlərə qayıtmaq deyilmi?

- Ölüm hökmü heç də hər yerdə ləğv olunmayıb. Amerikanın özünü götürək, bəzi ştatlarda ölüm hökmü qalır, insanları elektriklə öldürürlər. Yəni, edamlar davam edir. Mənə belə gəlir ki, ölüm hökmünün ləğvi xristianlıqla bağlıdır. Xristianlıqda insanı öldürmək olmaz, hər necə olur olsun.

- Bəs İslamda necə?

- İslamda da günahsız adamı öldürmək olmaz. Amma adam günah edibsə, cinayət törədibsə, cəzasını almalıdır.

- Necə bilirsiniz, insanın əlini kəsmək, dilini kəsmək kimi cəza metodu özünü doğruldarmı?

- Normal metoddur. Birincisi, bunu Allah deyib, qeyri-adi heç nə yoxdur. Sadəcə, biz islami dəyərlərdən uzaqlaşmışıq deyə, indi bu bizə qəribə gəlir.

- Bu qaydaların tətbiq olunduğu ölkələrdə cinayət azalıb?

-Müsəlman ölkələrindən ancaq Səudiyyə Ərəbistanı şəriət qanunlarını tətbiq edir. Müqayisə edəndə cinayət, əlbəttə, azdır.

- Bəlkə həmin ölkədə sosial problemlər azdır, bunun nəticəsidir?

- Toplum varsa, orda cinayət olacaq. Həmin toplum hansı səviyyədə olur-olsun.O cəzalar da olmalıdır. Sadəcə, bunun azı-çoxu var.

- Din insana həmişə təlqin edir ki, Allah bağışlayandır, o halda o, sizin dediyiniz kimi, Allahdan gələn qanunların yumşaq olmasını gözləyir yəqin.

- Baxır cinayətə. İnsan bilə-bilə kimisə öldürübsə... Bilmədən öldürübsə, güzəşt var. Narkotik yayanı, bu işi inkişaf etdirəni... Belə virusları artıq qırmaq lazımdır.

- Siz radikal qərarların tərəfdarısınız?

- Bu, radikallıq deyil. Cəmiyyətin sağlamlığı, saf qalmağı üçün hərdən radikal addımlar atılmalıdır.

- Müasir hüquq sistemi bir məsələni uzun-uzadı araşdıra bilir, hətta vətəndaş məhkəmə qərarından narazı qalanda, yuxarı instansiyaya müraciət edir.

- İslamda da belədir. O demək deyil ki, oğurluq edənin əli dərhal kəsilməlidir. Araşdırma gedir, qazilər baxırlar, şahidlər gətirilir... Belə deyirlər, Xəlifə Ömər ibn Xəttabın vaxtında iqtisadi cəhətdən ölkə zəifləmişdi, oğurluq çoxalmışdı. Ona görə də, xəlifə müvəqqəti olaraq həmin cəzanı dayandırmışdı. Çünki insanlar ölməmək üçün oğurluğa məcbur idilər.

- O zaman bir daha soruşuram, siz şəriət qaydalarının Azərbaycanda tətbiqinin tərəfdarısınız?

- Hər kəs istəyir ki, özünə uyğun qanunlar olsun. Liberallar bir şey istəyir, demokratlar başqa şey. Mən müsəlmanam və şəriət qanunlarının tətbiqini istəyirəm. Normal haldır.

- Şəriət qanunları ilə idarə olunan dövlət qurmaq istəyənlərsə həbs ediliblər. Sizi də bu düşüncələrinizə görə ittiham edə bilərlər?

-Birincisi, biz buna, bu proseslərə hələ hazır deyilik. Buna o yolla can atanlar düz etmirlər. Nə dövlət qurmaq? Biri duracaq, beş nəfər yığacaq ki, mən dövlət qururam? Belə dövlət qurarlar? Bu üslub düzgün deyil. Bu proses yavaş-yavaş getməlidir, Türkiyədəki kimi. Şəriət qaydalarına əməl etmək eyib deyil. Amma hələ bu Azərbaycanda görünmür, yaxın zamanda mümkün deyil.

- Dediniz ki, İŞİD-ə qoşulmağın bir səbəbi də işsizlik ola bilər. İnsanlar başqa bir ölkənin yolunda canlarından keçirlər, ancaq burda öz hüquqlarını tələb edə bilmirlər. Tutalım, hökumətdən iş və ya başqa sosial problemlərinin həllini tələb etmirlər. Bu, təzadlı deyilmi?

- Ola bilsin, təzadlıdır. İşsizlik indi hər yanda var. Ancaq «İş yoxdur, gedim Suriyada döyüşüm» fikri də düz deyil.

- Bəlkə o adamları maddi şeylərlə şirnikləndirirlər? Məsələ heç də haqq-hüquq məsələsi deyil?

- Niyyətə bağlıdır. Bəzən elə adamlar ora gedir ki, maddi ehtiyacı da yoxdur. İdeya uğrunda gedirlər.

- Azərbaycanda normal dini məktəblər varmı?

- Dini məktəblər çox deyil. Biri var, Dini İdarənin nəzdində. O məktəb də ancaq molla çıxardır, yas aparmağa və s. Yəni, əsas o işə baxılır. Oradan savadlı din adamı çıxdığını görməmişəm. Bəlkə yavaş-yavaş oldu.

- Tarixən Azərbaycan əhalisinin böyük hissəsi şiələr olub. Ancaq indi sünnilərin sayı da artmaqdadır. Bu hansısa qarşıdurma yarada bilərmi?

- Azərbaycanda əksəriyyətin şiə olduğunu demək şübhəlidir. Belə bir sorğunu kim aparıb? Şah İsmayıl Xətai hamını şiə edə bilmədi, axı. Ola bilər, yarı-yarı olsun. Ancaq bu da qarşıdurma səviyyəsinə çatmayıb. Tək-tək qruplarda radikal fikirlər var. O da dünyada gedən, İraqda, Suriyada gedən proseslərlə bağlıdır, məzhəbçilik prosesi getməsə də, baş verənlər bəzən məzhəbçilik kimi görünür. İslam insanların ölümünü istəmir, İslam insanların malını, dinini, namusunu qorumağa gələn dindir.

XS
SM
MD
LG