Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Azərbaycanlını İŞİD-ə aparan nədir? (video)


Azərbaycan vətəndaşlarının İŞİD-ə və ya başqa silahlı qruplaşmalara qoşulmasına necə baxırsınız?
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Azərbaycan vətəndaşlarının İŞİD-ə və ya başqa silahlı qruplaşmalara qoşulmasına necə baxırsınız?

-

Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-ə qoşulmaqda, Suriyada döyüşməkdə ittiham olunanlarla bağlı 8 məhkəmə prosesi gedir. Sonuncu məhkəmə prosesi aprelin 10-da başlayıb. ​

Azərbaycanın hüquq-mühafizə orqanları azərbaycanlı İŞİD-çilərlə bağlı son 6-7 ayda məlumat verməyə başlayıblar. İlkin məlumatda Azərbaycandan 26 nəfərin qanunsuz silahlı birləşmələrə qoşularaq döyüşdüyü deyilirdi. Daha sonra rəsmilər 5, 7, 10 nəfərlik ayrı-ayrı qrupların saxlandığı haqda xəbərlər yaydılar.

Hətta bəzi informasiyalarda İŞİD adı hallanmasa da, Azərbaycanda şəriət qanunu ilə idarə edilən dövlət qurmaq istəyənlərin bəzi cinayətlər törətdikləri də deyilirdi.

Bəs bu qədər azərbaycanlını İŞİD sıralarına cəlb edən, başqa ölkədə vuruşmağa vadar edən nədir?

VƏKİL: «ÖZ YERİNİ TAPA BİLMİR DEYƏ...»

Suriyada döyüşdüyü iddia olunanlardan üçünün vəkili olan Elman Osmanov öz müşahidələrini bölüşür. Onun bildirdiyinə görə, döyüşə gedənlər sələfi təriqətinin üzvləridir və onları ora aparan başlıca səbəb cihad ideyasıdır.

Ancaq vəkil başqa səbəblərin olduğunu da bildirir. Onun dediyinə görə, bəzi gənclər Azərbaycanda öz yerlərini tapa bilmədiklərinə, onlara normal ibadətə imkan verilmədiyinə görə ölkəni tərk etməyə məcbur qalıblar:

«Bəzilərini saqqal saxladıqlarına, geyimlərinə, başqa şeylərə görə işdən çıxarırlar, ya işə götürmürlər. Onlar da baxır başqa iş yoxdur, onda döyüşə yollanırlar. Deyə bilmərəm səbəb birdir, müxtəlif səbəblər ola bilər. Bu gəncləri təşkilatlandıran bir qurum da yoxdur. Özləri bu qərara gəlir və tək-tək döyüşə gedirlər».

İLHAM İSMAYIL: «ONLARI ŞİRNİKLƏNDİRİRLƏR»

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə bu qənaətdədir ki, ölkədə fanatik dindarların sayı çoxalıb. Buna səbəb də ölkədə sosial problemlərin çoxluğu, siyasi-iqtisadi gərginlikdir. Ekspertə görə, dini fanatiklərin çoxluğu isə istər-istəməz təhlükədir:

İlham İsmayıl
İlham İsmayıl

«Sorğulardan birində məlum olmuşdu ki, ölkə əhalisinin 8 faizi şəriət dövlətinin qurulmasını istəyir. Bu, balaca rəqəm deyil. 9 milyonluq ölkədə 720 min adam deməkdir. Onun da çox yox, 10 mini fanatik olanda, ölkədə hər cür destabilizasiya yaratmaq olar».

İlham İsmayılın bildirdiyinə görə, gəncləri bəzən şirnikləndirici təkliflərlə döyüş bölgəsinə apara bilirlər:

«Həmin fanatiklərdən 250-300 nəfəri «Ərəb baharı» başlayanda Suriyaya döyüşməyə getdi. Orda da müəyyən imkanlar yaradılırdı, həmin şəxslərə ayda 700 dollar, döyüşə gedib-gələnlərə 3 min dollar pul verilirdi. Ölənlərin ailəsinə 10 min dollar ödənirdi. Bu cür şirnikləndirici amillər – həm ideya, həm maddi baxımdan – potensial terrorçuların yetişməsinə səbəb oldu. Düzdür, onlar özlərini terrorçu yox, «İslamın döyüşçüləri» adlandırırlar».

İlham İsmayıl deyir ki, onlardan geri qayıdanlar da var, qalıb döyüşənlər də. Onun qənaətincə, bu adamlar gələcəkdə istənilən vaxt Azərbaycanda terror aktı törədə bilərlər. Bu mənada ekspert dövlətin onlarla diqqətli davranmasını vacib sayır:

«Məhkəmədə də gördünüz ki, aqressiv davranırlar. Deyirlər ki, şəriət qanunlarından başqa qanun tanımırlar. Bu adamlarla mübarizə təhlükəsizlik naminə dövlətin borcudur. Xüsusən də Avropa Oyunları ərəfəsində xüsusi xidmət orqanları diqqətli olmalı, gözlərini dörd açmalıdırlar».

Foto illüstrasiya
Foto illüstrasiya

DÖVLƏT ƏFV ETMƏLİ, YA CƏZALANDIRMALIDIR?

Vəkil Elman Osmanov da Suriyadan qayıdanların xüsusi xidmət orqanları tərəfindən yoxlanılmasını, araşdırılmasını normal sayır. Ancaq onların Azərbaycana təhlükəli olduğu fikrini bölüşmür: «Onlar bir də geri qayıtmayacaqlar. Nəyə görə döyüşə qayıtmalıdırlar ki? Getdi orda özünü, yerini tapa bilmədi, başa düşdü ki, bu fitnədir, qayıtdı evinə, ailəsinə. Neyləyir bu adamlar? İşləmir, ancaq məscidə gedib ibadətlə məşğul olurlar. Düzdür, Cinayət Məcəlləsindəki yeni - 282-ci maddəyə görə, vətəndaş Azərbaycanın hüdudlarından kənarda da cinayətkar qruplaşmada iştirak edibsə, məsuliyyətə cəlb olunmalıdır. Ancaq birinci dəfə olduğu üçün onları əfv etmək olar».

Elman Osmanov İŞİD-ə qoşulanlardan 3-nün hüquqlarını müdafiə edir, onların işi istintaqdadır. «Biri Əfqanıstanda döyüşüb, o biri döyüşmədən geri qayıdıb. Üçüncüsü də getmək istəyəndə saxlanılıb. İstintaqın əlində elə material da yoxdur» - deyir vəkil. Onun qənaətincə, peşman olaraq qayıdanlara güzəşt edilməlidir.

İlham İsmayıl isə hesab edir ki, məsələ hüquq çərçivəsində araşdırılmalıdır. «Yeni başlanan məhkəmə maarifləndirici rol oynayır, başqalarını yanlış yoldan çəkindirir. Bir yandan hüququn sərt diliylə danışaraq onları cəzalandırırlar ki, başqalarına görk olsun»- söyləyir ekspert.​

XS
SM
MD
LG