Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Avropa Oyunlarına «günü» gəlir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Müxtəlif idman növləri üzrə Avropa çempionatlarını birləşdirən yeni idman tədbiri 2018-ci ildə Qlazqo və Berlin şəhərlərində keçiriləcək. Martın 26-da yayılan xəbərə görə, atletika, velosipedsürmə, avarçəkmə, üzgüçülük və triatlon üzrə qitə qurumları ilk Avropa İdman Çempionatını təşkil etmək qərarı veriblər. Məqsəd dünya səhnəsində yeni brend yaratmaqla televiziya izləyicilərinin sayını, sponsorluq imkanlarını artırmaqdır.

Böyük Britaniyanın bir neçə saytı bu məlumata yer ayırıb.

AVROPA OYUNLARININ RƏQİBİ

Duncan Mackay «Inside the Games» saytında yazır ki, tədbir bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ilk meydan oxuyan rəqibdir.

Qlazqonun adı 2019-cu ildə ikinci Avropa Oyunlarının ev sahibliyinə namizədliyini verəcək şəhər kimi çəkilmişdi. Ancaq əvəzində Almaniyanın paytaxtı ilə birlikdə yeni bir tədbirə imza atmağa qərar verib.

Qlazqoda velosipedsürmə, avarçəkmə, üzgüçülük, triatlon, Berlində isə atletika yarışları keçiriləcək. Çempionatın iyulun sonunda, yaxud avqustun əvvəlində iki həftə ərzində keçirilməsi planlaşdırılır.

BAKIYA AZ TANINAN, GƏNC İDMANÇILAR GƏLİR

Avropa Atletika və Avropa Üzgüçülük liqaları da tədbirə qatılacaq.

Müəllif yazır ki, bu il Bakıya gələcək atletlər Avropa Atletika Komanda Çempionatlarının 3-cü liqasında oynayanlar, az tanınan idmançılardır. Belə ki, Avropa Atletika Liqası yeni tədbirə görə təqvimini dəyişməkdən imtina edib.

Azərbaycanın paytaxtına gələn üzgüçülər də gənclərdir, belə ki, Avropa Üzgüçülük Liqası bu tədbirə qatılmaq istəməyib.

Dünya Avarçəkmə Liqası əvvəlcə Avropa Oyunlarına getmək istəyib, ancaq sonradan fikirlərini dəyişiblər. Çünki yarış keçirməyə uyğun yer tapılmayıb.

Bundan başqa, Bakıda velodrom olmadığı üçün velotrek yarışları da baş tutmayacaq.

QLAZQO 100 MİLYON FUNT-STERLİNQ QAZANACAQ

Şotlandiyada keçiriləcək tədbirə isə 3 minə yaxın atletin gələcəyi, Avropa Yayım Birliyi ilə müqavilə sayəsində 850 milyon nəfərin yarışları izləyəcəyi bildirilir.

Berlində keçiriləcək oyunlara qolfun da salınacağı gözlənir.

Diqqətçəkən bir məqam da oyunların gətirəcəyi gəlirlə bağlıdır. Belə ki, ancaq Qlazqo şəhərinin 100 milyon funt-sterlinq (159 milyon dollar/127 milyon avro) qazanacağı bildirilir.

Qlazqo Şəhər Şurasının rəhbəri Gordon Matheson şəhərin belə nüfuzlu idman tədbirinə ev sahibliyi edəcəyindən çox məmnundur. Onun sözlərincə, «şəhər dünya səviyyəli tədbirlər keçirmək bacarığı, vətəndaşların qonaqpərvərliyinə görə bu şərəfə layiq görülüb».

«Evening Times» yazır ki, idmançılar üçün xüsusi şəhərcik nəzərdə tutulmayıb. Atletlər və rəsmilər otellərdə və tələbə yataqxanalarında qalacaqlar.

QIZIN İKİ ADAXLISI

ABŞ-da çalışan azərbaycanlı tarixçi alim Altay Göyüşov ilk Avropa İdman Çempionatı ilə bağlı xəbəri «facebook» səhifəsində belə şərh edir:

«Qızın iki adaxlısı varmış, şot vermək Məşədi İbada qaldı. Avropa deyil eee, Rustam bekdir:) İlk Avropa oyunlarının biri də 2018-də Qlazqoda və Berlində keçiriləcək:) Bizə uşaq-muşaq gəlirmiş, əsaslar ora gedəcəkmiş:) Vobşim bizim hökumətlə Avropanın fırıldaq menecerləri büdcəmizi oğurlamaq üçün sxem qurublar:)».

Xatırladaq ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 49 ölkədən qatılan idmançıların bütün xərclərini Azərbaycan üzərinə götürüb. Müstəqil iqtisadçı ekspertlər bu yarışlara üst-üstə 4 milyard manatadək vəsait xərcləndiyini iddia edirlər.

Beynəlxalq hüquq-müdafiə təşkilatları oyunlara bir neçə ay qalmış ölkədə insan haqlarının durumuna diqqət çəkir, hakimiyyəti həbsdə olan ictimai fəalları, jurnalistləri, bloqqerləri azad etməyə çağırır.

Hakimiyyət təmsilçiləri isə bu tənqidləri qətiyyətlə rədd edir, həmin qurumların Azərbaycana qarşı «qara-piar kampaniyası» apardığını bildirir.

XS
SM
MD
LG