Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

Bakı və Yerevan birgə əməliyyat keçirə bilərmi?


Azərbaycanın Xarici İşlər Nazirliyi UNEP-dən cavab gözləyir
Azərbaycanın Xarici İşlər Nazirliyi UNEP-dən cavab gözləyir

Azərbaycanın Ermənistanla işğal olunmuş ərazilərdə yanğına qarşı birgə əməliyyat keçirmək təşəbbüsünün məntiqdən kənar olduğunu deyən də var, əksini iddia edən də. Amma istənilən halda, Bakı işğal olunmuş ərazilərdə yanğınların qarşısını almaq üçün əməliyyat keçirmək istədiyini və bu yöndə Ermənistanla əməkdaşlığa hazır olduğunu bəyan edib. Eyni zamanda, yanğınla mübarizəni BMT səviyyəsinə çıxarmağa çalışır. Düzdü, Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş torpaqlarda yanğının qarşısını almaq üçün necə əməliyyat keçirəcəyi haqda heç nə deməyib. Və ya bu sahə üzrə ixtisaslaşmış BMT-nin UNEP – açıqlaması təşkilatından hansı dəstəyi gözlədiyini də açıqlamayıb.


Nazirliyin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə də bu sahədə çox az bilgisi olduğunu bildirir: «Xarici işlər nazirinin müavini Araz Əzimov bir neçə dəfə deyib ki, qoşunlar işğal olunmuş ərazidən geri çəkilsinlər. Bundan sonra ekspertlər ora girib imkanları və ehtiyacları araşdırsınlar». Cənab Tağızadə deyir ki, beynəlxalq ekspertlərin araşdırmasından sonra əməliyyata başlana bilər.


Nazir müavini Araz Əzimov ötən həftə erməni silahlı qüvvələrinin təmas xəttindən 20 kilometr geri çəkilməsini və mütəxəssislərin əraziyə girməsini təklif etmişdi. İndisə nazirlikdən bildirirlər ki, bu iyirmi yox, on kilometr və bəlkə daha az məsafə də ola bilər. Bu qərarı yalnız ekspert qrupu ora getdikdən sonra söyləyə olar. Qrup vəziyyətlə tanış olmalı və bundan sonra ortaya əməliyyatlarla bağlı plan qoymalıdırlar.


Yanğının qarşısını almaq üçün ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprşik də Yerevanda olarkən fəaliyyət planını müzakirə edəcəyini bildirmişdi. Onun qənaətincə, son zamanlar yalnız işğal altında olan ərazilərdə yox, həm də Azərbaycanla Ermənistan sərhədində yanğınların baş verməsi məsələnin ciddiləşdiyini göstərir. Ona görə də cənab Kasprşik hesab edir ki, təmas xəttinin yaxınlığında və ya sərhəd bölgəsində yaşayan yerli əhalinin zərər çəkməməsi üçün həmin ərazilərdə su qıtlığı problemini yoluna qoymaq lazımdır. Bu günlərdə Yerevanda olmuş cənab Kasprşik fəaliyyət planı və onun Yerevanda necə qarşılanması haqda gələn həftə Bakı səfərində danışacağını bildirir.


Azərbaycan Xarici İşlər Nazirliyindənsə bildirirlər ki, indiki məqamda daha çox UNEP-dən cavab gözləyirlər. Çünki bu təşkilat yanğınlar üzrə ixtisaslaşıb və yüksək təcrübəyə malikdir. Hökumətsə onlara cəmi iki gün öncə müraciət etdiyindən cavabın hələ gələn həftə gələcəyinə ümid edirlər.


Yerli politoloqların da qənaətincə, havalar istidir və üstəlik işğal olunmuş ərazilərdə əhali yaşamır deyə odla mübarizə aparmaq çətinləşib. Ona görə kənar müdaxilə vacibdir. Politoloq Rasim Musabəyov: «Əslində, yanğınla mübarizəni Azərbaycan və ya Ermənistan aparmalıdır. İşğalçı erməni tərəfdirsə məsuliyyət də onun boynundadır. Bacarmırsa, Azərbaycana imkan yaratmalıdır. Bu, Azərbaycan torpaqlarıdır və əhali ora qayıdacaq».


Bir neçə həftə əvvəl Ermənistan rəsmiləri də bildirmişdilər ki, yanğınlarla mübarizədə Azərbaycanla əməkdaşlığa hazırdırlar. Amma Bakıda politoloqlar arasında bu cavabın səmimiliyinə inananlar azdır. Bu fikrin tərəfdarları hesab edirlər ki, tərəflər arasında atəşkəs olsa da, müharibə bitməyib, diplomatik və təbliğat müharibəsi davam edir, ola bilər ki, Bakı da Yerevan da yanğın məsələsini həm də bir diplomatik mübarizə vasitəsi kimi görür.


Politoloq İlqar Məmmədov isə hesab edir ki, bir-biri ilə müharibə vəziyyətində olan iki ölkənin yanğına qarşı birgə əməliyyat aparması ağlabatan deyil: «Ermənistan Azərbaycanla hər hansı sahədə əməkdaşlıq istəyərdi. Amma bu mənə gülünc gəlir ki, torpaqlar işğal olunur və Bakı Ermənistanla əməkdaşlıqdan danışır. Bu heç bir məntiqə sığmır».


Ekspertlərsə düşünürlər ki, qarşı tərəf bu təklifə razılaşa bilər, çünki söhbət hərbi əməliyyatdan getmir. Bu əraziyə silahlı qüvvələr yox, sadəcə, yanğınla mübarizə aparacaq mütəxəssislər girə bilər, hətta təyyarə vasitəsilə odun söndürülməsinə çalışmaq olar.


O ki qaldı, bu problemin BMT səviyyəsində perspektivinə, Rasim Musabəyova görə, çətin ki, Təhlüksizlik Şurasının toplantısında yanğın məsələsi müzakirə olunsun. BMT-nin Baş Assambleyasının verdiyi qərarlar isə tövsiyə xarakterlidir.


XS
SM
MD
LG