Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:12

ADNA-dakı qətliamdan 5 il ötür


ADNA-nın hadisə baş verən binası önündə anım mərasimi, 30 aprel 2011
ADNA-nın hadisə baş verən binası önündə anım mərasimi, 30 aprel 2011
-
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 5 il ötür.

Hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs “Makarov” tipli tapançadan istifadə edib.

İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Nəticədə 12 nəfər ölüb, 13 nəfər yaralanıb. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qanlı hadisə nəticəsində Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu (1940), Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı (1951) Neft qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi Vahidov Məcnun Abdulvahid oğlu, Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı; tələbələr Məmmədov Taleh Tariyel oğlu, Bəndəliyev Yusif Telman oğlu, Bağırov Ayaz Cavanşir oğlu, Cabbarov Savalan Allahverdi oğlu, Abdullayev Emin İmaməli oğlu, Babaşov Ruslan Cəfər oğlu, Aslanov Ceyhun Sakit oğlu, Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı öldürülüb.

Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurub. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur.

Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

POLİS HADİSƏ YERİNƏ GÜL DÜZMƏYƏ İMKAN VERMƏYİB

Bu gün 28 may metrostansiyasının qarşısından akademiyanın Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna qədər əraziyə polis nəzarət edir.

5 il əvvəl burda 1-ci kursda oxumuş Araz Rəhimov əlindəki 10 qərənfili hadisənin baş verdiyi binanın pilləkənlərinə düzmək istəsə də polis ona imkan vermədi. Araz Rəhimov AzadlıqRadiosuna deyib ki, məqsədi həmin vaxt həlak olmuş qrup yoldaşlarının xatirəsini yad etmək olub. Polis ona imkan vermədiyi üçün o gülləri qrup yoldaşlarının qəbr üstünə aparcağını bildirib.
XS
SM
MD
LG