Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

QİSMƏT. İndi Dostoyevski yox, Tolstoy aktuallaşır...


QİSMƏT
QİSMƏT
-

Xeyirdə-şərdə, çay-araq məclislərində, müsahibədə-müzakirədə eyni klassik müəlliflər haqqında eyni qənaətləri təkrarlayan, fikrinin, ürəyinin barmaqlarını “refresh” yox, “replay” düyməsində sıxıb saxlayan dildən pəhləvan söz sərrafları öz mikro dünyalarında çox xoşbəxtdirlər.

Olsun, abilər-ablalar, olsun. Uzun ömür, can sağlığı, hələ lap yaradıcılıq uğurları da.



Oxunmalı kitablar


QİSMƏT


RAYMOND QUENEAU. “ÜSLUB MƏŞQLƏRİ”


Kəndirbaz ip üstündədir. Qollarını yana açıb, nə cürsə müvazinətini saxlayır.

Min dəfə, milyon dəfə yoxladığı, əsəblərini qorumağı öyrəndiyi, ustalaşdığı işi görür.

Aşağıda hamı heyrətlənir, həyəcanlanır və gizli bir istəklə onun yıxılmağını istəyir, əks halda bu tamaşanın heç bir marağı olmaz, amma kəndirbaz yıxılmır deyə alqışlanır, sevinc nidaları ərşü-əlaya yüksəlir.

Kənar gözlə baxanda, adama elə gəlir ki, ipin üstündəki kəndirbaz qəti nəfəs almır, heç yerimir də, uçur, ya da bizim heç vaxt bilməyəcəyimiz nəsə edir.

Biz ipin su, kəndirbazın da İsa olmadığını bilirik, amma onu da bilirik ki, bilmədiyimiz nəsə var. Nədir o nəsə?

Kəndirbazın sağa da, sola da yıxılmaq ehtimalı həmişə diridir və bu ehtimal gerçəkləşsə, milyonda bir ehtimalı istisna etməklə, bütün nəticələr ölümdür.

Kəndirbaz sənətçidir, ustadır, tərəflər ideologiyadır, kəndir isə məzmundur. Müvazinətini saxlamaq bacarığı həmin o “nəsədir, o “nəsə” çəmdir, üslubdur, stildir. Çəmini bilməsə, üslubu olmasa, məzmun ayağının altında Çin Səddi də olsa, geniş asfalt şosse də olsa, kəndirbazın yerişi eləcə yerişdir. Sənət tarixi “yerişlərin”, başqa cür desək, üslubların tarixidir, kəndirlərin yox. Nəyi yerimək yox, necə yerimək...

***

“Yeri get” – dedi, ustad yazıçı gənc həmkarına, “yeri get, sən nə bilirsən ədəbiyyat nədir?!” Sonra müdrikcəsinə bir ah çəkdi və dodağında şeytani təbəssüm parıldadı: “Ədəbiyyat mövzu deməkdir, başa düşdün möv-zu. Sən ......skinin romanlarını oxumamısan ? O necə dəhşət mövzulardı, ilahi! Sarsıdıcıdır, dahiyanədir.”

Bu yerdə ofisiant gəlir, sifarişlərini öyrənmək istəyir. Ustad yazıçı yeməkləri, içkiləri sifariş edir. Ofisiant soruşur : “Salat olsunmu?” Çoban salatı istəyirlər. Ofisiant “soğan olsunmu?” – soruşur. Olsun. “Mayonez olsunmu?” Olsun. “Limon sıxımmı?” Sıx. Ofisiant yenə nəsə demək istəyəndə, ustad əsəbiləşir: “Qoy söhbətimizi eləyək də, a kişi.“Sveji” olsun, yeməli olsun, nə sıxırsan, sıx. Bir salata görə bu qədər də xırdaçılıq olar?!”

Sonra ustad məmnun-məmnun stuluna yayxanır, mühazirəsinə davam edir. “Sən hələ gəncsən, bilməzsən, ədəbiyyat əzab deməkdir. Əzab olmasa, hər şey bekaradır.” Gənc bilmir nə desin. İndi o neyləməlidir? Ustad sanki onun beynindən keçənləri sezir : “Səndə əzab çatışmazlığı var. Təcili əzab çəkməlisən. “Gənc utana-sıxıla soruşur: “Başa düşmədim”.

Ustadın gözündə sevinc fontan vurur: “Darıxma, öyrədəcəm sənə əzab çəkməyi...”
Tolstoy və Dostoyevski
Tolstoy və Dostoyevski

Bu söhbətin sonrası da əvvəli kimi, ustad demiş, bekara şeydir.

Məsələ budur ki, bu gün dünyada Heminquey kimi jurnalist məntiqi ilə əsər yazmaq öz ömrünü başa vurub. Bugünün yazıçısı tarixdə heç vaxt olmadığı qədər araşdırmaçı olmalıdır, üstəlik fərqli ifadə formalarını, üslubları təcrübədən keçirməlidir.

Qətiyyən təsadüfi deyil ki, bu gün vəhşi istedadı ilə, az qala vəcd halında romanlar yazan Dostoyevski yox, incə üslubi gedişləri, bir çox ədəbi istiqaməti qabaqcadan müjdələməsi ilə Tolstoy aktuallaşır. Bu gün böyük bir epoxanı 100 romanla ifadə etmək arzusu ilə yanıb-alışmış, yalnız 95-ini yaza bilmiş qəhvəpərəst Balzak yox, bir abzasda balaca bir küçədəki beş-altı adamın ayrı zamanlardakı gündəlik fəaliyyətini yerləşdirmək üçün olmazın əzabına (Yenə əzab ?!) qatlaşan vasvası Flober yenidən boy göstərməyə başlayır.

Üslub haqqında, forma barəsində düşünmək vərdişini unutmuş ədəbiyyatımız folklora təslim olmağı folklardan bəhrələnmə adı ilə yeni kəşf kimi baş tacı edir və biz yenə çağdaş təmayülləri, ayıblar sözü olmasın, arxadan izləməli oluruq. Xeyirdə-şərdə, çay-araq məclislərində, müsahibədə-müzakirədə eyni klassik müəlliflər haqqında eyni qənaətləri təkrarlayan, fikrinin, ürəyinin barmaqlarını “refresh” yox, “replay” düyməsində sıxıb saxlayan dildən pəhləvan söz sərrafları öz mikro dünyalarında çox xoşbəxtdirlər. Olsun, abilər-ablalar, olsun. Uzun ömür, can sağlığı, hələ lap yaradıcılıq uğurları da.

***
Raymond Queneau, 1951
Raymond Queneau, 1951

1960-cı ildə Raymond Queneau (Reymon Kyono) və dostları Oulipo (Ulipo) məktəbi deyilən bir ədəbi istiqamətin əsasını qoydular.

Fransızca adı “Ouvroir de Littérature Potentielle” olan, mənası təxminən “Potensial ədəbiyyat atelyesi” kimi çevrilən bu istiqamətin təmsilçiləri əvvəlcə riyazi metodları ədəbiyyata tətbiq etdilər, sonra isə bu eksperimentləri başqa məcraya yönəldi. Onlar yazarkən bəzi şeylərdən imtina edərək, özlərini məhdudlaşdıraraq fərqli ifadə vasitələri axtarmağa, öz yaradıcılıq imkanlarının sərhədlərini müəyyənləşdirməyə cəhd etdilər.

Bu, təxminən böyük futbol meydançasında özünü göstərməyə alışmış futbolçunun, mini meydançada nəyə qadir olduğunu yoxlaması kimi bir şey idi. Amma əsas məsələ heç bu da deyildi, əsas məsələ ən müxtəlif sahələrdəki formaların-formulların ədəbiyyata tətbiq edilməsi və bu yolla yeni üslub tapılmasına doğru atılmış iri bir addım idi. Eksperimental ədəbiyyat Oulipo-çulara qədər heç vaxt bu qədər məhsuldar və cazibədar olmamışdı.

Sonradan daha çox Dogma-95 qrupunun təmsilçisi kimi tanınan Lars Von Trierin timsalında kinoda da çox maraqlı nəticələr ortaya çıxdı. Trierin “Beş əngəl” filmi Oulipo-çu filmə ən yaxşı nümunə hesab edilir. Film Trierin özünə ustad saydığı Yurgen Leti Haitidəki sakit-salamat evindən yenidən kino dünyasına qayıtmaq üçün çıxarması ilə başlayır. Trier ustadı Letə şedevr hesab etdiyi “Mükəmməl insan” filminin yeni versiyasını çəkməyi təklif edir. Lakin Trierin şərti var: Let həmin filmi beş versiyada çəkməlidir, amma hər versiya Trierin müəyyənləşdirdiyi əngəllərə uyğun çəkilməlidir.
Raymond Queneau, 1951
Raymond Queneau, 1951

Əngəllər bunlardır: birinci filmdə hər plan on kadrdan artıq olmamalıdır, filmin orjinalında qoyulan suallara cavab veriləcək, set qurulmayacaq və film Kubada çəkiləcək. İkinci versiya dünyanın ən səfil məkanında çəkiləcək, amma məkan göstərilməyəcək, qəhrəmanı Let oynayacaq, filmdə qadın olmayacaq, lakin yemək olacaq. İkinci versiyanı, bəyənməyən Trier Letə iki variant təklif edir: ya eyni filmi təzədən çəkəcək, ya da tamam azad davranacaq. Let azadlığı seçir. Dördüncü versiyada Let sevməsə də, bir animasiya olmalıdır. Beşinci film isə belədir ki, həmin versiyanı Trier çəkəcək, amma Letin imzası qoyulacaq.

Qayıdaq Reymond Queneau-nun “Üslub məşqləri” kitabına. Bu kitabda müəllif bir abzaslıq adi bir əhvalatı 99 ayrı üslubda yazır. Çap olunduğu gündən bu yana dünyanın demək olar ki, bütün dillərinə çevrilən bu kitab belə başlayır :

“1. Annotasiya.

Cənub avtobusu. Pik saatı. Lent əvəzinə kəndir bağlanmış keçə şlyapalı, boyu qəsdən dartılıb uzadılmış kimi görünən 26 yaşlı bir tip. Adamlar düşür. Bu tip yanındakı adama narazılığını bildirir. Adamı ittiham edir ki, yanından hər adam ötəndə onu itələyir. Səsində acizlik hiss olunur, əslində hirsli görünmək istəyir. Boş oturacaq görən kimi ora çökür.
İki saatdan sonra onunla Sen Lazar vağzalının önündəki Roma meydanında qarşılaşıram. Yanındakı dostu ona deyir : "Paltona bir düymə daha tikdirməlisən". Hara (yaxasına) tikdirməli olduğunu göstərir və səbəbini izah edir.”
XS
SM
MD
LG