Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:35

QISMƏT. Özdemir Asaf: ağlın təntənəsi


QİSMƏT
QİSMƏT
-

Mən Özdemir Asafın şeirlərini ovqatımın müxtəlif vaxtlarında təkrar-təkrar oxuyuram, amma belədir ki, hər kəsin hər şairdən xüsusi sevdiyi bir şeiri olur. Mənim Özdemir Asaf şeirim budur:

Sakın bir şey bırakma yarına
Yarın yok ki...


QISMƏT


ÖZDEMİR ASAF: AĞLIN TƏNTƏNƏSİ


Şeirin arxasında bəlli bir fəlsəfə, konsepsiya olmalıdırmı, yoxsa şeir yazıldığı anda sözlərin sehrli libasına bürünən, bilgiylə, ağılla qəti əlaqəsi olmayan, metafizik, transendental hadisədir?

Şeirin yolu mütləq bu iki tərəfdən birini seçməkdir, ya şeirin içində ürəklə ağıl əl-ələ tutub rəqs edə bilər?

Şair Apollonla dostluq etməlidir, yoxsa Dionislə?

Ədəbiyyat ancaq təsir etməli, həyəcanlandırmalıdırmı və bu təsiretmə yalnız hisslərin ifadəsinəmi bağlıdır, yoxsa düşüncə də insanı riqqətə gətirə bilər?

Şairləri öz ideal dövlətindən sapqın, infantil, boşboğaz, avara adıyla “deportasiya” edən Platon haqlı idi, yoxsa tam əksini düşünən Aristotel?

Kim bilir.

Poeziya tarixində Platona da, Aristotelə də haqq qazandıran yüzlərlə şair olub. Görünür, ədəbiyyat elə buna görə sona qədər ölçüyə, nəzəriyyəyə sığmır, əks təqdirdə, Höteyə qucaq açan ədəbiyyat öz qapılarını Remboya əbədi bağlamış olmalı, Nizami olan yerdə Ömər Xəyyam uzağı Yetim Eyvazın əcdadı sayılmalıydı.
Ozdemir Asaf
Ozdemir Asaf

“Divanəlik-intizam” dilemması çox vaxt “istedad, yoxsa intellekt?” kimi formulə edilsə də, fikrimcə, məsələnin kökündə dünyagörüş, dünyaya, həyata necə yanaşmaq, necə yaşamaq məsələsi durur.

Bu mənada geridəqalmış, köhnə ənənələrdən tamam qurtulmamış cəmiyyətlərdə çox vaxt müəlliflərin təkcə yazdıqları yox, həyatları haqqındakı əfsanələr də populyarlaşır. Gəlişigözəl deyilmiş ifadələr, hazırcavablıq nümunələri çox vaxt müəllifin obrazının əsas hissəsinə çevilir, onun nəyi yazması, yazdığının nə qədər lazımlı, yeni olması isə həmişə ikinci plana keçir.

Qərb ədəbiyyatında orta əsrlərdə özünü əzabkeş İsa obrazı ilə eyniləşdirən minlərlə sənətçi olub. Bunun nəticəsində əsrlər boyu bir çox müəlliflər, təkcə bədii mətnləri ilə yox, həm də özlərindən uydurduqları əzabkeş rolunu oynamaqla “gündəmdə” olublar: əzabkeş, nə yazdığını özü də bilməyən müqəddəs, iti qələmiylə həqiqəti varlılardan alıb kasıblara verən ədəbi Robin Qud və s.

Özünü zəncirlənmiş, məhkum, yarımçıq, ümidsiz hiss edən əksər cəmiyyətlərdə oxucular sənətçini əsasən sənətçi kimi görmək əvəzinə, ilk növbədə qəhrəman kimi görmək istəyir. Buna görə də, tutalım, bizim kimi cəmiyyətlərdə könüllü bəxtsizlər ordusu yaranır, dünyadan vaxtsız köçən istedadlı adamlar haqqında qəribə miflər meydana çıxır; yox, o binəvalar, o bəxtikəmlər, qətiyyən əyyaş deyildilər, sadəcə onları başa düşmədilər, onlar da bir növ intihar etdilər. Bu düşüncənin o biri başında latent bir təhdid də sezilir: Onları, o talesizləri bu qədər yaxşı başa düşən bizə sayğı göstərin, dünyamızı dəyişərik ha!

Məşhur misalda olduğu kimi “öz şairini həmişə yuxarıda – ya kürsüdə, ya da dar ağacında” görmək istəyən kütlənin arzularına uyğun gəlməyən bir adam – Özdemir Asaf, türk poeziyasında həyata baxışıyla da, yazdıqlarıyla da qəribə hadisə olub. (ardı aşağıda)

Özdemir Asaf. Var (öz dilindən)

***

Cumhuriyyətin elan edilməsinin hazırlıqları gedəndə, Mustafa Kamal Atatürk xüsusi tapşırıq verir : “Mehmet Asafa xəbər verin, Ankaraya gəlsin, Şura-yı dövləti quracağıq.”

1923-cü ilin iyun ayında Mehmet Asaf bəyin həyat yoldaşı Hamdiye xanım ekiz uşaq dünyaya gətirir, bir qız, bir oğlan: Halit Özdemir və Neire Özgönül.

Mehmet Asaf 1927-ci ildə dövlət qulluğuna dəvət olunur, cəmi üç il sonra 1930-cü ildə xəstələnir. Beynində damar çatlayır və həmin il dünyasını dəyişir. Çox sonralar türk ədəbiyyatının böyük şairlərinin sırasında özünəməxsus yeri olacaq Özdemir Asaf ən müxtəlif yazılarında, şeirlərində atasının yaddaşındakı natamam obrazını bərpa etməyə çalışır:

“Babam öldüğünde Hazirandı
O elli dördündeydi ben yedi
Bir ışık söndüğünde yol yandı
O kedi bunları nasıl da bildi.”
(Diyalog)

Mehmet Asaf bəyin ölümündən sonra ailənin Ankarada qalması üçün heç bir səbəb qalmır, ata evinə - İstanbula qayıdırlar. Bu qayıdışı, atasızlığı və çoxadamlı ailəsini Özdemir Asaf belə ifadə edir:

“Yedi yaşımda Ankaradan geldim
Babasızlığımı getirdim
İstanbulda deniz vardı
Denize ilk girişim düşmek yoluyla oldu

Akşam üzerlerini sevmezdim,
Annem ud çalardı güneşi batırırken
Amcamın ölüm haberi daha gelmedi
1922-de Murat dağlarında yüzbaşı Ali Saip
Üç anneannemden ikisini gördüm
On iki teyzemden altısını
Altı dayımdan ikisini
Öbürlerinin hep resimlerini gördüm

En büyük anneannem yüz on yaşında öldü
En büyük dayım doksan dokuz yaşında
Dedim altmış beş yaşında ölmüş
Kadınlar soyadlarını aldılar kocalarından
Bizler de ayrı ayrı adlar aldık otuz beş-de”
(Kişiye özel)

Bu avtobioqrafik şeirlər çox qəribədir. Az qala tamamən obrazlılıqdan arınıb, birbaşa ifadə olunub. Amma keçmişə elə bir nöqtədən baxış var ki, sadalama elə bir tondadır ki, bəlkə də burdan prozaya cəmi yarım addım var, amma o addım atılmayıb və hər şey şeir olub.

Özdemir Asaf İstanbulda əvvəlcə “Fransız Erkek liseyi”ndə, sonra Qalatasaray liseyində, sonda isə “Kabataş liseyi”ndə təhsil alır. Sonrakı bütün həyatı elə təhsil aldığı illərdəki kimi konkret bir yerdə qərar tutmayan, həmişə dəyişkən keçir.

Liseyi bitirən kimi şair İstanbul Universitetinin Hüquq bölümünə yazılır. Hüquq bölümündə cəmi iki il oxuyur, qızı Seda Arun yazır ki, “ordan atama bircə anam Sabahat Tezakı tanımaq kar qalmışdı”. Hüquq bölümündən uzaqlaşan Asaf İqtisadiyyat fakultəsinə keçir, burda da bir qərar tuta bilmir, o illərdə iki illik olan Jurnalistika fakultəsinə keçir, lakin bir ildən sonra oranı da tərk edir.

Sabahat Tezakın atası dönəmin ünlü tacirlərindən olan Mustafa Tezak idi və əvvəl-əvvəl qızının Özdəmirlə evliliyinə razı deyilmiş. Lakin hər iki ailə də övladlarının sevgisi qarşısında fikrini dəyişir. 1946-cı ildə Mustafa Tezak qızına uzun müddət dillərdə gəzən cehizlik verir və Liman Lokantasında dəbdəli toy çaldırır.

Özdemir Asafın atası vaxtilə dövlət qulluğunda çalışdığı illərdə övladları üçün köşklər (imarətlər) tikdirdiyi üçün bir müddət gənclərin maddi-mənəvi problemləri olmur, lakin Özdemir evlənən kimi çılğınlıqla iş həyatına atılır, eyni zamanda yarımçıq qalan təhsili üçün də dərdlənməyə başlayır.

Sığorta şirkətində görəvli olaraq ölkəni dolaşan Özdemir Asaf bir tərəfdən xeyli tanınmağından məmnun olsa da, o biri yandan gördüyü işin sənətçi xarakterinə uyğun olmamasından giley-güzar edir. “Dün yağmur yağacak” kitabındakı “Garıdan Gadı” adlı bioqrafik hekayəsində bu haqda oxuyuruq:
Özdemir Asaf
Özdemir Asaf

“Sığorta şirkətində işlədiyim illər həyatımın hərəkətli çağları idi. Pul qazanırdım. Gənc idim. Fəqət gözüm pulda deyildi. Başqa istəklərim vardı. İnsan tanımaq, fərqli günlər keçirmək, başqa-başqa yerlər görmək istəyirdim. Buna görə çoxlu gəzir, qazandığım pulu ancaq yeni çevrələr yaratmaq üçün xərcləyirdim. Yaxşı sığortaçı ola bilmədim, amma işimlə bağlı gördüyüm yerlər, tanıdığım adamlar məni doyururdu...”

Özdemir Asaf əsgərlikdə olanda qayınatası rəhmətə gedir və bu ölüm bir çox şeyə neqativ təsir edir. Əsgərlikdən qayıdan kimi kürəkəninə mətbəə açmaq sözü verən Mustafa Tezak dünyadan köçür, bir neçə il sonra atasının bu sözünü qızı, Özdemir Asafın həyatı yoldaşı Sabahat yerinə yetirir.

1950-cı ildə Özdemir Asaf “Sanat Basımevi” adı ilə mətbəəsini açır. Cemal Süreyanın dili ilə desək, “Cağaoğlunda balaca, amma lyuks” mətbəəni adından göründüyü kimi Özdemir Asaf həm də sənət evi konseptində düşünmüşdü.

50-ci illərdə Özdemir Asaf bir qrup sənətsevərlə Amerikaya, Kubaya, Kanar adalarına səyahət edir. Qayıdandan sonra o dövrdə Türkiyədə populyar olan ədəbiyyat gecələrində özünəməxsus şeirləri, zarafatları məşhurlaşır, xüsusilə qadınlar arasında ona özəl münasibət olur. Bu ədəbiyyat gecələrindən birində Türkiyənin ilk qadın fotoqrafı Yıldız Moran ilə tanış olur. Öz dili ilə desək, “rəngli, yepyeni, pırıl-pırıl, bambaşqa bir dünya, olağanüstü bir insan” olan Yıldız Moranla münasibətləri olsa da, həyat yoldaşı Sabahat xanımın şübhə və sitəmləri içində 1962-ci ilə qədər davam edir.

Özəl həyatında bu cür ikili ömür yaşayan Asaf 50-ci illərin ortasında “Yuvarlak masa yayınları” adı ilə nəşrlər evi açır və dalbadal öz şeir kitablarını çap edir. Amma bu illərdə çox qəribə şəkildə Asafın həyatına üçüncü bir qadın da girir və üçüncü qadına yazdığı məşhur sevgi şeirləri dillər əzbəri olur. Məşhur “Lavinia” şeirinin ithaf olunduğu bu qadın Mevhibe Bayatdır.

Mevhibe “Güzel sanatlar akademisi”ndə oxuyarkən, teatr üçün geyimlərə dizayn verən, dönəmin ən gözəl və istedadlı qadınlarından biri imiş və deyilənə görə, ədəbi mühitdə ona vurulmayan az adam varmış. Özdemir Asafın ona yazdığı türk ədəbiyyat tarixinin ən məşhur sevgi şeirlərindən olan “Lavinia” şeiri sonradan davam etməyən ədəbiyyat gecələrinin (edebiyat matineleri) sonuncu ən məşhur şeiri hesab olunur.

“Sana gitme demeyeceğim.
Üşüyorsun ceketimi al.
Günün en güzel saatleri bunlar.
Yanımda kal.

Sana gitme demeyeceğim
Gene de sen bilirsin.
Yalanlar istiyorsan yalanlar söyleyeyim,
İncinirsin.

Sana gitme demeyeceğim,
Ama gitme, Lavinia.
Adını gizleyecegim
Sen de bilme, Lavinia.”


İlhan Selçuk bir yazısında Özdemir Asafın Mevhibeye olan sevgisindən belə danışır: “Lavinia‘ya aşıktı Özdemir… Kral Latinus‘un kızıydı Lavinia; Vergilus‘a göre Roma yakınındaki on üç sunaklı tapınağıyla ünlü Lotuinium kenti Lavinia‘nın onuruna kurulmuştu. Özdemir sevdiği kız için uzun yıllar dillerde dolaşan ― Lavinia şiirini yazdı.”

Sonrakı araşdırmalarda məlum olur ki, Özdemir Asaf kimi elə İlhan Selçuk da, başqa bir çox şair də aşiq imiş Laviniaya. Çox qəribədir, elə Mevhibenin ilk əri də İlhan Selçuk olur.

1961-ci ildə çox dava-dalaşdan, çabadan sonra Özdemir Asaf həyat yoldaşı Sabahat xanımla boşanırlar. Bir il sonra Asaf Yıldız Moranla evlənir. (ardı aşağıda)

Özdemir Asaf. Lavinia (öz dilindən)

***

Özdemir Asaf 1959-cu ildə “Türk Ədəbiyyatçılar Birliyinin” təmsilçisi kimi Belçika Millətlərarası Şeir Bienalında, 1966-ci ildə isə Makedoniya Yazarlar Birliyinin dəvətlisi kimi Yuqoslaviyadakı şeir konqresində iştirak edir. Həmin illərdən başlayaraq mütəmadi olaraq dünya şairlərinin şeir kitablarını tərcümə edir. Onun tərcüməsində Oskar Uayld, Ezra Paund, Pol Elüar, Alfred de Musset, Şarl Bodler, Federiko Qarsiya Lorka, Pol Valeri türk oxucusuna təqdim olunub.

1970-ci ildə şair mətbəəsini və nəşrlər evini bağlayır, bir il sonra uzun illər məşhur olan “Şimdi-Biblio bar”ını açır. Bu bar o dönəmdə bütün sənət söhbətlərinin mərkəzinə çevrilir. Barın girişində Özdemir Asaf iki misra yazdırıbmış:

“Bana ıslak bir bez verin
Dünyanın tozunu alayım.”


Həmin illərdə Özdemir Asaf ilk dönəm yaradıcılığından tamam fərqli yolların axtarışına çıxır. İlk şeirlərində Yahya Kamal təsirindən tamam uzaqlaşan Asaf dönəm-dönəm məşhurlaşan şeir anlayışlarında özünü yoxlamaqla yanaşı, mütəxəssislərin fikrinə görə konkret heç bir “izm”ə, məktəbə aid edilməyən, tamam özünəməxsus bir şeir xətti yaradır.

Özünün məktublarında dostların yazdığı kimi “içi dolu şeirlər” yazmağa yönələn Özdemir Asaf bu illərdə inanılmaz dərəcədə çox oxuyur və oxuma sevgisi onun intellektual obrazını da möhkəmləndirir. İndi də Özdemir Asaf Türkiyənin ən intellektual şairlərindən biri kimi anılır.

Bəs kimləri oxuyurdu Asaf, necə oxuyurdu? Özü belə deyir:

“Çok değişik konularda okurum, hâlâ. Bir şairin olagan ilgi alanlarının dışında okumayı severim. Tarih‘ten Antropolojiye, Teknoloji‘den Teorik Fizik‘e kadar… Çok gezmiş olmam da bunun bir sonucu olsa gerektir.”

və həm də deyir ki:

“Merak ettiğim bir şey için hiçbir kitap okumadım. Hep bilmek, öğrenmek içindi seçtiğim kitaplar. Kısacası, ilk kitabım Alfabe ne ise, sonra okuduğum kitaplar da hep öyle olsun istedim.”

Özdemir Asaf müxtəlif dərgilərdə yazdığı yazılarda təkcə şeir haqqında yox, ümumən ədəbiyyata münasibət barəsində də dəqiq təsbitləri olan biri kimi qəbul edilir. Tutalım, Asafa görə olduğu kimi qalan, özü özünə sərhəd olan, üstünə heç nə qoymayan ədəbiyyatçı aqibəti unudulmaqdır, olduğu kimi qalmaq həmişə sadiqlik demək deyil.

Özdemir Asaf öz çağını “düşünmədən yazan və danışan adamlar çağı” adlandırır və bu fikirlərini poliqon adlı yazısında belə ifadə edir:

“Ben yazıma Poligon derken, çağımızın bir özelliğini belirtmeyi düşündüm. Acele düşünmek ve hemen kaleme sarılmak. Bir konunun enine boyuna ölçmeden, o konunun içindeki ana kavramların tam anlamını bilip araştırmadan konuşup yazmak. Hele uzun kısa ayrımı yapmadan konuşup yazmak. Ben işte, bizi bir kavram ve anlam kargaşası içine sürükleyen, o uzun kısa nedir ayırmadan ve saygısızca bize ve kendine saygısızlık eden gevezelere ateş edeceğim. O yüzden yazıma Poligon adını verdim.”

Özdemir Asaf şeirə münasibətdə “məna və fikir deyəndə nə deyildiyini anlamıram deyən” Ahmet Haşimdən fərqli olaraq, “elmsiz şeir, təməlsiz divardı” deyən Füzulinin və “ilm olmasa şair olmaz insan/ dilsiz sözü kadir olmaz insan” deyən Ziya Paşanın tərəfindədir. (ardı aşağıda)

Özdemir Asafın sözlərinə yazılmış mahnı


Klassiklərdən söz açmışkən, Özdemir Asaf şeirlərində ənənədən, klassik şeirdən gələn bilgilərini maraqlı formada əridib. Qəzəl formasında yazılan bir şeirə baxaq:

“Yaşadım da yoruldum, bir ağır-işçi gibi,
Uyudum da uyandım, binlerce kişi gibi.

Bana düşünmek vardı, payıma onu aldım,
İşledim de işledim bir hüner-işi gibi.

Horlandı, beğenildi; inandım, alınmadım,
Yolun geleceğini çizdim, geçmişi gibi

Zor dönemler olmadı-değil, olsundu, oldu,
Ne koştum ne de durdum kaçak gidişi gibi.

Bu konuyu burada bırakıyorsam birden,
Olmasın diyedir bir şeyin bitiş gibi.”


“Islık” (Fit) adlı şeirində də eyni şeyi görürük və qəribədir ki, ənənəvi formada yazılan hər iki şeirdə də şair sənətdən danışır, poetikasını ortaya qoyur :

“Sanatçı
Islık yaratandır.

Dillerde ezgisi kalır
Adını aratandır.

Ülkesi, geçtiği sokak,
Giderek vatan‘dır.

Kendi adına giden
Senin adına kalandır.”


Özdemir Asaf şeirində “Garip” şeirinin də izləri olub. Misal üçün “Altro” şeirinə baxaq :

“Şarkı söyleyormuşum
Sokaklarda
Görmüşler

Yere yere bakıyormuşum
Yürürken
Duymuşlar
Sonrasını kendileri uydurmuşlar.”


Bu şeirdə dilə düşməkdən, dedi-qodudan bəhs olunur ki, bu da mövzu baxımından Orhan Vəlinin məşhur “Dedikodu” şeirini xatırladır:

“Kim söylemiş beni
Süheylâ'ya vurulmuşum diye?
Kim görmüş, ama kim,
Eleni'yi öptüğümü,
Yüksekkaldırımda, güpegündüz?
Melâhat'i almışım da sonra
Alemdara gitmişim, öyle mi?
Onu sonra anlatırım fakat
Kimin bacağını sıkmışım tramvayda?
Güya bir de Galataya dadanmışız;
Kafaları çekip çekip
Orada alıyormuşuz soluğu;
Geç bunları, anam babam, geç;
Geç bunları bir kalem;
Bilirim ben yaptığımı.
Ya o, Muallâ'yı sandala atıp,
Ruhumda hicranın'ı söyletme hikâyesi?”


Amma fərq ondadır ki, Orhan Vəlinin sevə-sevə, ləzzət ala-ala ifadə etdiyi birbaşa ironik ton Özdemir Asafda yoxdur. Asafda daha çox hər misranın arxasına mövzunun özüylə, mahiyyəti ilə bağlı müdriklik yerləşdirilib. Son misradakı “sonrasını kendileri uydurmuşlar” qənaəti təkcə fikir kimi irəli sürülmür, özündən əvvəlki misralarda da ustalıqla sezdirilir. Baxın, şeirdəki qəhrəmanın “şarkı söyləməyini” görüblər, amma “yerə baxmağını” eşidiblər, demək hər şeyi tərsinə danışıblar, bu dedi-qodunun, dildən-dildən gəzməyin xarakterində var və bu mənada sonra misra təkcə ritm, qafiyə xatirinə deyil, həm də təsvirin məntiqi sonluğudur. (ardı aşağıda)

Özdemir Asaf. Qalan (öz dilindən)

***

1979-cu ildə Özdemir Asafın uşaqlığından qalma ağciyər xəstəliyi yenidən üzə çıxır və şair 1980-ci ildə məşhur barını bağlayır, xəstəxanaya yerləşir. Analizlərdən sonra məlum olur ki, şairin həm də beynində şiş var. Bu xəbəri eşidib xəstəxanada yanına gələn dostları ilə son nəfəsində də zarafatından qalmazmış. “Benim kafam herkesten farklı, içinde kanser var”.

1981-ci 58 yaşında dünyadan köçən şairi dostları bir çox cəhəti ilə xatırlayır. Biri onun uzun saçlarını, qalın bığlarını, bir başqası boynundan çıxarmadığı şarfı, başındakı beretkası ilə, bir digəri də “R” hərfini deyə bilməməsi ilə.

Özdemir Asaf öncədən özünün uzaqgörənliklə yazdığı misralarındakı kimi dünyadan köçür - Ölüm yavaş yavaş içerden başlar./Biter başkalarında – və dostların başqalarının çiynində torpağa tapşırılır.
Can Yücel
Can Yücel

Dəfnindən qayıdarkən Can Yücel özünəməxsus müdrikliklə, həm də yana-yana bədahətən bu şeiri deyir:

“Anlaşıldı bu
R-lerin intikamı
Onlar yuttu Özdemir Asafı.”


***

Mən Özdemir Asafın şeirlərini ovqatımın müxtəlif vaxtlarında təkrar-təkrar oxuyuram, amma belədir ki, hər kəsin hər şairdən xüsusi sevdiyi bir şeiri olur. Mənim Özdemir Asaf şeirim budur :

“Öyle çabuk geçiyor ki günler
Hele sen de bir bak hayatına.
Daha dün doğmuşuz sanki
Yeni okula başlamışız
Yeni sevmişiz

Öyle çabuk geçiyor ki günler
Hele sen de bir bak hayatına
Yarın bitecek sanki her şey
Yarın ölecek gibiyiz.

Daha doymamışız yaşamasına
Günlerimiz dün bir, bugün iki
Sakın bir şey bırakma yarına
Yarın yok ki.”
(Bugün ve Bugün)
XS
SM
MD
LG