Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:51

Torpaq əvəzinə neft və qaz - Dövlət Neft Şirkətinin Ermənistana təklifi [Video]


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanın Ermənistana qaz verməsi mümkündür, ancaq bir şərtlə. Həmin şərti Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) iyunun 10-da yaydığı bəyanatda açıqlayıb. Bəyanatda ilk öncə erməni xalqının acınacaqlı durumu vurğulanır. Ancaq Azərbaycanın Gürcüstan və Türkiyənin təbii qaz təminatında mühüm rol oynadığı diqqətə yetirilir və «Cənub qaz dəhlizi» layihəsinin gerçəkləşdirilməsi üçün Avropa Birliyi ilə intensiv iş aparıldığı qeyd olunur.

ŞƏRTLƏR DAXİLİNDƏ...

Bəyanatda o da bildirilir ki, «Transanadolu» Qaz Boru Kəməri (TANAP) layihəsi «Cənub qaz dəhlizi»nin əsas elementi kimi beynəlxalq ictimaiyyətin diqqətini çəkib. «Şahdəniz» konsorsiumu Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi konsepsiyası çərçivəsində qaz boru kəmərlərinin marşrutuna yekun qərar verilməsinə yaxındır.

Və nəhayət, Neft Şirkəti bildirir ki, Ermənistan işğal etdiyi torpaqlarla bağlı mövqeyini dəyişərsə, münaqişənin həllinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tərəfdar olarsa, «həyata keçirdiyimiz regional və qlobal əhəmiyyətli enerji layihələrinə cəlb edilə bilər. Yuxarıda qeyd olunan şərtlər daxilində Ermənistan Azərbaycan qazı üçün müraciət edərsə, bu məsələyə də baxıla bilər».

İyunun 9-da ANS televiziyası yaydığı xəbərdə ARDNŞ prezidenti Rövnəq Abdullayevdən sitat gətirib ki, «Azərbaycan humanist ölkədir və regionda aparıcı dövlət kimi öz məsuliyyətini dərk edir. Ermənistan qazla bağlı bizə müraciət etsə, sözsüz ki, biz onlara yardımçı olarıq».

Bu xəbərdən bir gün sonrakı bəyanat daha çox təkzibə oxşayır. ARDNŞ-in keçmiş prezidenti Sabit Bağırov:
Sabir Bağırov
Sabir Bağırov

«Məncə, neft şirkətinin rəhbərliyi hansısa suala cavab verərkən ancaq texniki baxımdan belə bir əməliyyatın mümkünlüyünü qeyd edib. Çox güman qeyd olunub ki, öncə həll olunası siyasi məsələlər var. Bunu kontekstdən çıxararaq, həmin bir cümlə ətrafında hay-küy qoparıblar».

NİYƏ İNDİ?

Ancaq Ermənistana qaz satışının indi gündəmə gəlməsi səbəbsiz deyil. Məsələ bundadır ki, bu yaxınlarda Rusiyanın «Qazprom» şirkəti Ermənistana satdığı təbii qazın qiymətini 180 dollardan 270 dollara qaldırıb, yəni 64 faiz bahalaşdırıb. Nəticədə Ermənistan da 10 min kubmetrədək qaz işlədən istehlakçılar üçün hər 1000 kubmetrin qiymətini 132 min dramdan 156 min drama (156 dram=0.4 dollar) qaldırıb. Yəni, hazırda bu ölkədə min kubmetr qazın qiyməti 376 dollardır. Bu, 18.2 faizlik artım respublikada etirazlar doğurub. 10 min kubmetrdən artıq qaz işlədənlər üçün min kubmetrin qiyməti 243 dollardan 277 dollara qalxıb (14% artım). Qazın sərhəddə qiyməti 270 dollardır, hökumət bu qiymətin 30%-ni subsidiya kimi ayırır.

Bəs bu halda, Neft Şirkətinin qeyd etdiyi kimi, «acınacaqlı durumda» olan erməni xalqı kimə üz tuta bilər? Hazırda Ermənistan Rusiya və İrandan qaz alır. İqtisadçı İlham Şaban deyir ki, İrandan qaz kommersiya müqaviləsi ilə deyil, barter müqaviləsi ilə alınır. 1 kubmetr qazın əvəzində 3 kilovat/saat elektrik enerjisi verilir, üstəlik, Ermənistan İran qazını daxili bazarda sata bilməz.
İlham Şaban
İlham Şaban

SİYASİ MƏSƏLƏ

İlham Şaban neft şirkətinin son bəyanatlarının kökündə siyasi məsələnin durduğunu vurğulayır. Axı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyunun sonuna gözlənən görüşü, əslində, prezidentlərin görüşünü hədəf götürüb. Ekspert neft şirkətinin bəyanatını «vaxtında verilmiş və ünvanlı» sayır. Yəni, Gürcüstan Ermənistana örnək göstərilir ki, Azərbaycanla dostluq halında o münasibəti siz də görə bilərsiniz. Üstəlik, enerji təhlükəsizliyi sarıdan da «narahat olmayın» mesajı göndərilir:

«İndiyəcən deyilmirdi ki, sülh danışıqları yekunlaşsa, Ermənistan bundan nə qazana bilər? İndi isə faktiki bildirilir ki, dünya qiymətinə yox, regional qiymətə enerji məhsulları əldə edə bilərsiniz. Bu, hər iki tərəfin marağına uyğundur».

Ekspert bildirir ki, Ermənistanın İrandan aldığı qazın min kubmetri 230 dollara başa gəlir. Hazırda Azərbaycan Gürcüstana kommersiya qazını 230-240 dollara satır:

«Bu da Ermənistan üçün çox yaxşı qiymətdir, çünki həmin ölkə heç bir yerdə bu qiymətə mavi yanacaq tapa bilməz».
XS
SM
MD
LG