Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:51

Xədicə İsmayılova daha bir beynəlxalq mükafat alıb


Xədicə İsmayılova
Xədicə İsmayılova
AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova daha bir beynəlxalq mükafat alıb.

Mayın 3-də Beynəlxalq Qadınların Media Fondu (IWMF) 2012-ci ildə Jurnalistikada Cəsarət və Həyat Uğuru Mükafatlarına layiq görülənlərin adlarını açıqlayıb. Xədicə İsmayılova daxil olmaqla, həmin mükafatları Efiopiya, Fələstin, Azərbaycan və Pakistandan olan dörd jurnalist alacaq.

IWMF bildirir ki, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova Jurnalistikada Cəsarət mükafatına ölkə elitasında korrupsiya və hakimiyyətdən sui-istifadəni araşdırdığına görə layiq görülüb. Qurum İsmayılovanın bu ilin martında şantaj kampaniyasına məruz qaldığını xatırladır. Ancaq qeyd olunur ki, bu, İsmayılovanı susdurmaq üçün birinci cəhd olmayıb. «O, müntəzəm olaraq hökumətyönlü mediada böhtan kampaniyalarına məruz qalır. Ancaq onu gözdən salmaq üçün edilən çoxsaylı cəhdlərə baxmayaraq, İsmayılova işini dayandırmayacağını deyib, onu ittiham edənləri pisləyib», qurumun bəyanatında belə deyilir.

Jurnalistikada Cəsarət mükafatına Xədicə İsmayılovadan başqa efiopiyalı köşə yazarı Reeyot Alemu, fələstinli bloqqer Asmaa al-Ghoul alacaq. Həyat Uğuru Mükafatına isə 70 yaşlı pakistanlı jurnalist Zubeida Mustafa layiq görülüb.

IWMF bildirir ki, hər il təhlükəli və çətin şəraitdə xəbər yayarkən qeyri-adi xarakter güclülüyü və bütövlüyü nümayiş etdirən qadınları mükafatlandırır.

Mükafatlar oktyabrın 24-də Nyu-Yorkda və oktyabrın 29-da Los Ancelesdə təqdim olunacaq.
XS
SM
MD
LG