Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:30

Avropa Parlamenti İlham Əliyevə müraciət etdi


AB-nin logosu
AB-nin logosu
Martın 14-də Avropa Parlamentinin 10 üzvü Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciət AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı aparılan kampaniyanın pislənməsilə başlayır:

«Dünya Beynəlxalq Qadınlar Gününü qeyd edərkən, Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovaya xüsusi «hədiyyə» göndərildi: şəxsi həyatını göstərən 6 foto və həqarətlə yazılmış şantaj məktubu. Biz əminik ki, bu hədə onun peşəkar fəaliyyətilə bağlıdır. Belə şeylər demokratik ölkələrdə baş verməməlidir. Bu, bizi həm də ona görə narahat edir ki, Xədicə İsmayılovanın işinə görə susdurulma cəhdləri ilk dəfə deyil baş verir».

Müraciətdə qeyd olunur ki, bu hadisə Azərbaycanda insan haqları və demokratiya mühitinə kəskin zərbə vurur. Qeyd olunur ki, jurnalistlərə hücum və cinayətkarların cəzasızlıq mühitindən istifadə etməsi onların fəaliyyətinə əngəl törədir. 7 il əvvəl «Monitor» jurnalının qətlə yetirilmiş redaktoru Elmar Hüseynovun qatilinin hələ də tapılmamağından narahatlıq vurğulanır.

«Yada salmaq istərdik ki, Azərbaycan insan haqları və fundamental azadlıqları əks etdirən çoxsaylı beynəlxalq sənədlər imzalayıb. Məlumat almaq və yaymaq azadlığı fundamental azadlıqdır. Bu, hər hansı ölkəni zəiflətmir, əksinə Azərbaycanın modernləşməsi və inkişaf yolunda vacib olan demokratiyanı, məsuliyyəti və şəffaflığı təbliğ edir.

Azərbaycan bir Avropa ölkəsi və Avropa Birliyinin qonşusudur. Biz Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının üzvü kimi Azərbaycanın rolunu və sizin ölkə ilə müxtəlif sahələrdə əməkdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlığın davamlı inkişafı üçün biz sizi öz ölkənizdə insan haqları və azadlıqlarına sayğıya təminat verməyə çağırırıq.

Biz sizə müraciət edirik ki, jurnalist Xədicə İsmayılovanın, o cümlədən digər jurnalist və insan haqları müdafiəçilərinin şərəf və ləyaqətinin müdafiəsində əlinizdən gələni edəsiniz və onların qorxu və hədə, şantaj və zorakılıqla üzləşmədən öz peşələrini davam etdirmək haqqına zəmanət verəsiniz. Avropa parlamentinin Xarici Əlaqələr Komitəsi təmsilçilərilə Bakıdakı son görüşünüzdə də siz özünüz də bildirmisiniz ki, Azərbaycan insan haqları və demokratik dəyərlərə böyük əhəmiyyət verir».

Müraciəti Elmar Brok, Barbara Lochbihler, Ana Gomes, Richard Howitt, Nicole Kiil-Nielsen, Jo Leinen, Ulrike Lunacek, Marietje Schaake, Andrey KovatchevMonica Macovei imzalayıblar.
XS
SM
MD
LG