Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Xədicə İsmayılovanın bəyanatı


Azerbaijan -- Journalist Khadija Ismayil, Baku, 16Feb2012
Azerbaijan -- Journalist Khadija Ismayil, Baku, 16Feb2012
Martın 7-də mənim ev ünvanıma təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Mənə, özümü yığışdırmasam, rüsvay olacağımı yazırlar.

Bu təhdid sürpriz deyildi. Uzun müddətdir, jurnalist araşdırmaları aparıram. O cümlədən, prezident İlham Əliyevin ailə üzvlərinin gizli bizneslərini araşdırmışam, ən yüksək səviyyədə korrupsiya ilə bağlı faktlar üzə çıxarmışam, hakim ailənin üzvlərinin ofşor biznesləri barədə gizlinləri açmışam.

Hazırda da ciddi araşdırma mövzuları üzərində işləyirəm. Birbaşa hakim ailəyə aidiyyatı olan şirkətlərlə bağlı rəsmi orqanlara sorğular göndərmişəm.

Ümumiyyətlə, jurnalist fəaliyyətim hökuməti çoxdan narahat edir. Ardıcıl olaraq hökumət qəzetlərində əleyhimə yazılar dərc edilir, haqqımda böhtanlar yayılır. İndiyə qədər ünvanıma erməni qohum-əqrəba, xarici kəşfiyyatla əməkdaşlıq kimi absurd ittihamlar səsləndirilib.

Buna qədər jurnalist həmkarlarım haqqında şantaj xarakterli məlumatlar yayılıb və mən dövlətin malını, xalqın pulunu və yaxşı yaşamaq imkanlarını yağmalayan adamların mənə qarşı yeni çirkin şantaj metodlarından istifadə edəcəyini gözləyirdim. Bunu göz altına almışdım və buna hazır idim.

Bu gün məktubu alandan sonra bir daha əmin oldum ki, istənilən təbliğat maşınının şantaj kampaniyasına hazıram. Mən işimi davam etdirirəm. Çünki öz peşəsinə hörmət edən jurnalist başqa cür edə bilməz.

Bir daha xatırladım ki, mənə qədər də jurnalistlərə və ictimai fəallara qarşı bu cür şantajdan istifadə ediblər. Bunun motivi ictimaiyyətə tam aydındır – danışan insanları susdurmaq istəyirlər. Bu iyrənc əməllərin arxasında böyük cinayətlər durur.

Mənə qarşı bundan sonra daha iyrənc və daha təhlükəli addımlar atıla bilər. Hökumətin borcu bu hadisələri araşdırmaqdır. İndiyə kimi apardığım araşdırmaların xarakteri və indiyə qədər ünvanıma səslənən tənqid və ittihamların mənbəyini nəzərə alaraq, hər hansı bir hadisənin, eləcə də təhlükəsizliyimin təmin olunmasının məsuliyyətini prezidentin daşıyacağına ümid edirəm.

Xədicə İsmayılova
XS
SM
MD
LG