Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

Putinin partiyası parlamentdəki yerlərinin sayını itirə bilər


Arxiv şəkil
Arxiv şəkil
Bazar günü Rusiyada Dövlət Dumasına seçkilər keçirilir. Dekabrın 1-i seçki təbliğatının sonuncu günüdür.

HAKİM PARTİYANIN MANDAT İTİRƏCƏYİNİ HAMI DEYİR, AMMA NƏ QƏDƏR?

Son illər hakim Vahid Rusiya Partiyası populyarlığını bir qədər itirsə də təhlilçilərin çoxu onun yenə parlamentdə çoxluğu qazana biləcəyini deyirlər. Amma müşahidəçilərin əksəriyyəti bu qənaətdədir ki, hakim partiya parlamentdə indi sahib olduğu üçdə-iki səs çoxluğunu əldən verəcək. Bu isə Rusiya siyasətində son ildə dominantlıq edən hazırkı Baş nazir Vladimir Putindən narazılığın aşkar əlaməti sayıla bilər.

Putinin Vahid Rusiya Partiyası 410 yerlik Dumada hazırda 315 mandata sahibdir. Əksər sorğuların nəticələrinə görə bu partiya yeni seçkidə mandatların ən çoxu 40 faizinə sahib ola biləcək.

Sankt-Peterburqda fəaliyyət göstərən Siyasət Fondunun rəhbəri Mikhail Vinogradov hesab edir ki, yeni Dumanın da Putinin yazdığı qanunları möhürləyən bir quruma çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir:

- Məncə, Vahid Rusiyanın rahatca Konstitusiyanı da dəyişməyə imkan verən üçdə-iki çoxluğa sahib olması mümkün olmayacaq. Amma yenə də çox şeyin dəyişəcəyinə ümid azdır. Hər şeydən əvvəl ona görə ki, Rusiyada Duma onsuz da Siyasi qərarları formalaşdıran və belə qərarları qəbul edən bir orqan deyil. İkincisi də məncə, Vahid Rusiya yenə də hökumət koalisiyasını formalaşdıracaq qədər səsə sahib olacaq.

DUMA “TƏSDiQETMƏ NAZiRLiYi”DİR?

Bu həftə Rusiyada çap olunan "Vedomosti" qəzeti də Rusiya Dumasını “Təsdiqetmə Nazirliyi” adlandırır. Qəzetə görə hakimiyyətin bu qolu sadəcə olaraq prezident və parlamentdən gələn qanunları möhürləyib təsdiq etməklə məşğuldur.

Moskvadakı Carnegie Mərkəzinin siyasi təhlilçisi Nikolai Petrov da bazar günü keçiriləcək Duma seçkilərinin Rusiya siyasətində çox şeyi dəyişə biləcəyinə inanmır:

- Siyasi partiyaları özündən asılı vəziyyətə salmağın çoxlu yolları var. Onlardan biri çox ciddi maliyyə nəzarətidir. Ölkədə biznes siyasi gücdən ayrı deyil deyə Kremlin razılığı olmadan heç bir siyasi qrup hər hansı biznesdən pula ümid edə bilməz. Pula bu cür total nəzarət Kremlə imkan verir ki, siyasi partiyaların seçki təbliğatına da təsir etsin. Çünki onlara gedən pul sadəcə olaraq istənilən an kəsilə bilər.

PREZİDENT VƏTƏNDAŞIN BİR SAATINI XAHİŞ EDİR

Rusiya prezidenti Dmitry Medvedev.
Rusiya prezidenti Dmitry Medvedev.
Dekabrın 2-də televiziya ilə xalqa müraciətində isə prezident Dmitry Medvedev ölkədəki bütün siyasi partiyaların azad və bərabər rəqabət imkanlarından faydalandıqlarını bildirir:

- Seçkidə səs verməyə nə qədər vaxt sərf edirsiniz? Elə çox vaxt lazım deyil, bəlkə yarım saat, ya da bir saat. Amma Sizin bu bir saatınız qarşıdakı beş ildə necə bir parlamentin formalaşacağına təsir edəcək. Bu, qarşıdurmalarla dolu, heç bir qanunun qəbulu mümkün olmayan bir parlamentmi olacaq? Təəssüf ki, bizim tariximizdə belə də olub. Yoxsa, biz effektiv işləyən, məsuliyyətli siyasətçilərdən təşkil edilmiş bir parlament olacaq. Elə parlament ki, bizim xalqın həyat standartlarını qaldıra bilər, addımları milli maraqlara uyğun olar.

Amma necə olsa da bazar günü keçiriləcək seçkilər gələn ilin martında nəzərdə tutulan prezident seçkisi ərəfəsində ictimai əhvalın bir sınağı ola bilər.

Dekabrın 1-də prezident Medvedevlə birlikdə televiziyaya çıxan Baş nazir Vladimir Putin də indiki seçkinin hakim elitaya nə qədər vacib olduğunu deyib:
Rusiyanın Baş naziri Vladimir Putin (solda) və prezident Dmitry Medvedev.
Rusiyanın Baş naziri Vladimir Putin (solda) və prezident Dmitry Medvedev.

- Bir daha vurğulamaq istəyirəm, əgər seçicilər yenə də Vahid Rusiyaya səs verib hökuməti bizim formalaşdırmağımıza imkan yaratsalar və qarşıdakı prezident seçkisində mənə səs versələr, Dmitry Anatolievich hökumət başçısı olacaq.

7 FAİZLİK MƏHDUDİYYƏTİ KİM AŞACAQ?

Təhlilçilər seçkiyə qatılan daha altı partiyadan hansıların mandat qazanmaq üçün zəruri olan yeddi faizlik həddi aşa biləcəyində yekdil fikirdə deyillər. Hökumətin nəzarətində olan Ümumrusiya İctimai Rəyin öyrənilməsi Mərkəzinin noyabrın 28-də elan etdiyi sonuncu araşdırmasına görə Vladimir Jirinovskinin ultramillətçi Liberal demokrat Partiyası, tgennady Züqanovun Kommunist Partiyası və Sergey Mironovun sol-mərkəzçi partiyası həmin məhdudiyyəti aşa biləcək.

Grigory Yavlinsky-nin liberal Yabloko bloku, sağ-mərkəzçi Doğru İş və millətçi Rusiya Millətçiləri partiyalarının yeddi faizlik həddi aşa biləcəklərinə ümid edənlər azdır.
Müşahidəçilər seçkidə kifayət qədər saxtalaşdırmaların olacağını da gözləyirlər. Onlar qeyd edirlər ki, Kreml bu seçkidə özünün nəzarətində olan bütün inzibati imkanları səfərbər edib.

Keçmiş Baş nazir Mikhail Kasyanov və Baş nazirin keçmiş müavini Boris Nemtsov isə tərəfdarlarını bu seçkini boykot etməyə çağırıblar. Onların Xalq Azadlıq Partiyası qeydiyyata alınmayıb və buna görə də indiki Duma seçkisini qanunsuz adlandırırlar.
XS
SM
MD
LG