Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:42

Böyük Palatanın komitəsi toplanır


Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi Böyük Palatasının komitəsi məhbus jurnalist Eynulla Fətullayevin işinə yenidən baxıb-baxmayacağı haqda qərarı sentyabrın ortalarında çıxara bilər. Məlumatı «Media forum» saytına Avropa İnsan Hüquqları Məhkəməsindən veriblər.

Adının çəkilməsini istəməyən mənbə bildirib ki, Azərbaycan dövlətinin Böyük Palataya verdiyi şikayətin palata komitəsinin gündəliyinə daxil edilib-edilmədiyi gələn həftə məlum olacaq:

«Növbəti həftə komitənin iclasının keçirilməsi nəzərdə tutulub. Komitə şikayətə baxıb onun Böyük Palataya çıxarılıb-çıxarılmaması haqda qərar verməlidir. Hətta məsələ komitənin budəfəki iclasının gündəliyinə salınmayıbsa belə, son qərar ən geci sentyabrın ortalarınadək veriləcək. Şikayətə baxılması çox uzadılmayacaq».

Eynulla Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə təhqirdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tutulandan sonra ona terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, vergidən yayınma ittihamları irəli sürülüb. 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlər Məhkəməsi Eynulla Fətullayevə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Eynulla Fətullayevin bu iki iş üzrə Azərbaycan dövlətinə qarşı şikayətinə baxaraq ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Azərbaycan hökuməti iyulun 15-də Böyük Palataya şikayət verib.

2009-cu il dekabrın 29-da saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb, ona yeni cinayət işi qaldırılıb.

İyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilib.
XS
SM
MD
LG