Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:41

Bakı Böyük Palataya müraciət edir


Eynulla Fətullayev
Eynulla Fətullayev
BU HƏFTƏNİN SONU MÜRACİƏT OLUNACAQ

Azərbaycan dövləti jurnalist Eynulla Fətullayevin işi ilə bağlı bu həftənin sonuna kimi Yuxarı Palataya müraciət etməlidir.

Bu haqda məlumatı AzadlıqRadiosuna Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov verib.

Onun sözlərinə görə, hökumətin müraciət üçün hələ ki, iyulun 21-dək vaxtı var. Çingiz Əsgərov onu da deyib ki, Azərbaycan tərəf müraciəti yubatmır. Sadəcə, sırada başqa vacib işlər olduğundan və üstəlik də sənədləşmə vaxt apardığından müraciət indilərdə ediləcək.

«Müraciəti yubatmaqla hökumət vaxt qazanmaq istəyir və üstəlik də qərəz nümayiş etdirir» kimi fikirlərəsə cənab Əsgərov belə cavab verib: «Bu, onların öz işidir».

Çingiz Əsgərov
Başqa sualları cavablandırmayan Çingiz Əsgərov yalnız onu deyib ki, bu haqda bir neçə gün sonra daha ətraflı danışa biləcək.

Bu ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin 8 il yarım müddətinə azadlıqdan məhrum edilməsi haqda Azərbaycan məhkəmələrinin qərarlarını qanunsuz saymışdı. Və buna görə də jurnalistin dərhal azadlığa buraxılmasını və dövlətin ona təzminat ödəməsini tələb etmişdi.

Amma Azərbaycan rəsmiləri bu qərarla razılaşmamış, Avropa İnsan Haqları Məhkəməsindəki Böyük Palataya müraciət edəcəyini bildirmişdilər.

Azərbaycan hökumətinin qərar çıxandan üç ay ərzində şikayət etmək haqqı var. Bu müddət iyulun 21-də başa çatır.

«MƏQSƏD ODUR Kİ, ONU İÇƏRİDƏ, BİZİ ÇÖLDƏ İNCİTSİNLƏR»


Jurnalistin atası Emin Fətullayevə görə, Azərbaycan dövlətinin Böyük Palataya az qala son anda müraciət etməkdə bircə məqsədi var:

«Onu içəridə incitsinlər, bizi çöldə. Başqa məsələ yoxdur. Kor da bilir balıq şordur… Saxlasın, lap üç ayın son günündə versin. Sonra?..»

İsaxan Aşurov
Eynulla Fətullayevin vəkili İsaxan Aşurov isə deyir ki, bu işin Böyük Palataya verilməsinə əsas yoxdur.

«İşin Böyük Palataya verilməsinin qaydaları konvensiyada nəzərdə tutulub. Bu iş üzrə də hakimlərin qərarı yekdil olub. Hətta dövlətin təyin etdiyi hakim də Eynulla Fətullayevin 10-cu maddədə nəzərdə tutulan hüququnun pozulmasına səs verib. Söhbət bu maddədən gedirsə, onun hüququnun pozulmasından gedirsə, bu, qarşı tərəfin ittihamlarının iflasa uğraması deməkdir. Bu vəziyyətdə hansı arqumentin gətiriləcəyi mənə də maraqlıdır».

Vəkil İsaxan Aşurova görə, hökumətin müraciətinə qısa müddətdə cavab verilə bilər. Çünki məhkəmə qərarında «dərhal azad edilsin» yazılıb deyə Böyük Palata işə mümkün qədər qısa müddətə baxmalıdır.

«Daha doğrusu, Böyük Palata yox, əvvəlcə işə beş nəfərlik hakimlər kollegiyası baxacaq. Mənim fikrimcə, bu iki həftədən çox çəkməyəcək. Və yenə də mənim fikrimcə hakimlər kollegiyası bu müraciəti rədd edəcək».

«ƏKS TƏQDİRDƏ TƏƏSSÜRAT YARANAR Kİ...»


Vəkilin qənaətini müstəqil hüquqşünas Fuad Ağayev də bölüşür. O da bu fikirdədir ki, müraciət Böyük Palataya qədər getməyəcək.
Fuad Ağayev
İşin Böyük Palataya göndərilib-göndərilməməsini müəyyənləşdirən hakimlər kollegiyası qərarını dərhal, iyulun 21-dək elan edəcək. Çünki artıq vaxt bitir:

«Azərbaycan dövlətinin müraciət üçün üç ay vaxtı vardı, o az qala son ana kimi gözlədi. Və məncə, eyni münasibəti Avropa İnsan Haqları Məhkəməsinin hakimlər kollegiyası bəsləməlidir. Müddət bitənə qədər müraciətə baxıb qərarını verər».

Fuad Ağayevə görə, əks təqdirdə iştirakçı dövlətlərdə belə təəssürat yaranar ki, sərəncamında olan üç ay müddəti son ana qədər gözləyərək axırıncı anda müraciət edə və məhkəməni seyt-not vəziyyətə sala bilər. Hüquqşünas deyir ki, qısa vaxtda bu məsələylə bağlı qəti söz deyiləcək. Azərbaycan dövlətininsə bu qərara əməl etməmək şansı qalmır.

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin redaktoru Eynulla Fətullayev dörd dəfə məhkum olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi onun 8 il yarımlıq həbs müddətini qanunsuz saymışdı. Narkotik saxlamaya görə iki il yarımlıq cəza jurnalistə iyulun 6-da verilib. Beynəlxalq qurumlar və jurnalist özü yazdıqlarına görə, uydurma maddələrlə həbs olunduğunu deyir.
XS
SM
MD
LG