Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:35

Ölən, yaralanan və bir-birini öldürən hərbçilərin adları açıqlandı


Bir neçə gün əvvəl prezident İlham Əliyev ordudakı xidmətlərinə görə Müdafiə naziri Səfər Əbiyevi «Şöhrət» ordeni ilə təltif edib
Bir neçə gün əvvəl prezident İlham Əliyev ordudakı xidmətlərinə görə Müdafiə naziri Səfər Əbiyevi «Şöhrət» ordeni ilə təltif edib
ÖLƏN, YARALANAN VƏ BİR-BİRİNİ ÖLDÜRƏN HƏRBÇİLƏRİN ADLARI

Müdafiə Nazirliyi hadisə nəticəsində ölən və yaralananların adlarını açıqlayıb:

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verən hadisə nəticəsində həlak olan və yaralananlar:

Qətlə yetirilən hərbi qulluqçular

Gümayev Yusif Sadəddin oğlu 1973, avqust 1990 Şəki RHK
Sadıxov Vasif Miraləm oğlu 1974, iyul 1992 Ağdaş RHK
Quliyev Anar Ələddin oğlu 1985, iyul 2002 Lənkəran RHK
Səmədov Elgün Loğman oğlu 1989, avqust 2007 Hacıqabul RHK

Yaralananlar

Babayev Valeh Məhəmməd oğlu 1975, avqust 1993 Göyçay RHK
Abbasov Samir Eyvaz oğlu 1985, oktyabr 2008 Daşkəsən RHK

Bir-birlərini öldürən əsgərlər

Əzizov Elxan Bəyalı oğlu 1990, yanvar 2009 Bakı, Yasamal RHK
Məmmədov Sadiq Etibar oğlu 1991, oktyabr 2009 Bakı Nəsimi RHK

HADİSƏ İLƏ BAĞLI 3 MADDƏ İLƏ CİNAYƏT İŞİ AÇILDI

Respublika Hərbi Prokurorluğunun ictimaiyyət üçün açıqladığı informasiyada olayda 6 hərbçinin öldüyü, 2 hərbçinin isə yaralandığı təsdiq olunur. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfraim Təhməzov:

- N saylı hərbi hissədə baş verən və ölümlə nəticələnən olayla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci ((bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb. Respublika Hərbi prokurorunun müavini Şəfaət İmranovun başçılığı ilə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirirlər. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

«OLAYLARIN SƏBƏBLƏRİNƏ KOMPLEKS YANAŞMAQ GƏRƏKDİR»

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli hərbçilər arasında analoji insidentlərin 2008-ci ildən başlayaraq daha da artdığını bildirir:

- 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrində hərbçilər arasında baş verən atışmalarda 28 hərbi qulluqçu həlak olub, 5 hərbçi yaralanıb. Səbəblər və nəticələr fərqli ola bilər. Olayların səbəblərinə kompleks yanaşmaq gərəkdir. Hərbi sektorda qanunun aliliyinin təmin olunmaması, şəxsi heyətin qanunvericilik və nizamnamə sənədləri haqqında bilgilərinin aşağı olması, hərbi xidmətin təşkilində indiyə kimi baş verən qanunsuzluqlar, o sıradan rüşvət faktoru, hərbi qulluqçuların sosial durumunun aşağı olması, hərbi hissələrdə ərzaq, geyim və tibb təminatında çatışmazlıqlar Azərbaycan Ordusunun ən ciddi problemlərindəndir. Əgər ciddi tədbirlər görülməsə, 2010-cu ildə bu cür faciəvi olayların artım tendensiyasını görəcəyik.

***

HƏLAK OLAN HƏRBÇİLƏR KİMLƏRDİR?

Hərbi mənbələrdən verilən xəbərə görə, həlak olan hərbçilər – divizion komandiri polkovnik-leytenant Vasif Cumayev, qərargah rəisi polkovnik-leytenant Rəşid Həsənov, polkovnik-leytenant Asif Sadıqov, polkovnik-leytenant Vazeh Qulyievdir. Daha iki yaralının adı dəqiqləşdirilir. Onların Gəncədəki Hərbi Hospitala aparıldığı xəbər verilir.

***

MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ HƏRBİ HİSSƏYƏ GEDİB

«Trend» agentliyi hərbi mənbələrə istinadla xəbər verib ki, əsgərlər zabitlərin olduğu otağa girərək onları avtomat silahla qətlə yetirib:

«Ölən zabitlərdən birinin divizion komandiri olduğu bildirilir. Atəş açan əsgərlər qaçmağa cəhd edərkən onlar öldürülüblər. Müdafiə nazirinin müavini Çingiz Məmmədov və digər rəsmi şəxslərin hərbi hissədə olduğu bildirilir».
***

Nə müdafiə naziri Səfər Əbiyev, nə də ölkə prezidenti, Ali Baş komandanın məsələyə münasibət bildirməyiblər.

FAKTLA BAĞLI HƏRBİ PROKURORLUQDA KOLLEGİYA İCLASI KEÇİRİLİB

Hərbi hissədəki atışma zamanı Azərbaycan ordusunun 6 hərbçisinin ölməsi faktı ilə bağlı Hərbi Prokurorluqda cinayət işi qaldırılıb. Hazırda Hərbi Prokurorluğun kollegiya iclasında məsələ müzakirə olunur.

***

HOSPİTALA TAPŞIRIQ VERİBLƏR Kİ, MƏLUMAT YAYILMASIN

Respublika Hərbi Hospitalının Qəbul Şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı AzadlıqRadiosuna bildirib ki, öldürülən hərbçilərin morqa yerləşdirilməsi və yaralıların taleyi haqda xəbər açıqlamamaq haqda tapşırıq alıblar.

***

HADİSƏ HARADA VƏ NECƏ BAŞ VERİB?

«Turan» agentliyinin məlumatına görə, hadisə Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissələrdən birində baş verib. İlkin məlumatlara görə, əsgər komandir heyətini güllələyib. Yaralılar Gəncə şəhərindəki hərbi hospitala yerləşdirilib.

Daşkəsəndəki digər mənbə Turana bildirib ki, həqiqətən hərbi hissələrdən birində əsgər komandirləri qətlə yetirib. «Rayonda hamı bu hadisədən danışır. Yerli camaat əsgərin həddindən artıq incidildiyindən xidməti silahı ilə komandirləri güllələdiyini deyir», - deyə mənbə qeyd edib.

Digər mənbənin "Turan"a dediyinə görə, hadisə dünən axşam saatlarında hərbi hissənin komandir heyəti bir yerə yığıldığı vaxt baş verib. Əsgər bundan istifadə edərək komandir otağında olan zabitlərə, sonra isə hara gəldi atəş açıb.
***

ÖLDÜRÜLƏN 4 HƏRBÇİDƏN BİRİ DİVİZİON KOMANDİRİ, BİRİ İSƏ QƏRARGAH RƏİSİDİR

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyir ki, öldürülən 4 hərbçidən biri divizion komandiri, biri isə hərbi hissənin qərargah rəisidir. Onun fikrincə, bütün hallarda fakta Ali Baş Komandan səviyyəsində münasibət bildirilməlidir.
Orduya başçılıq edən şəxslər o qədər orden-medallarla təltif olunub ki, onlarda özlərinə arxayınlıq yaranıb


«Bu məsələ elə belə də qalacaq. Baxmayaraq ki, Müdafiə Nazirliyi faktla bağlı ətraflı açıqlama verəcəyini vəd edib. Yadınızdadırsa, Seyfəli poliqonunda da əsgər Orxan Səfərov zabitləri gülləyəndə də nazirlik açıqlama verəcəyini bildirsə də bu, faktın təsdiqlənməsindən o yana getmədi. Üstəlik məhkəmə prosesi də qapalı keçirildi və ictimaiyyətə səbəblər bəlli olmadı. Narahatlıq doğuran məqam odur ki, bu cinayəti ölən əsgərlərin ayağına yazacaqlar və səbəblər dəqiq araşdırılmayacaq. Biz dəfələrlə bildirmişik ki, ordu rəhbərliyində ciddi kadr dəyişikliyinə ehtiyac var. Orduya başçılıq edən şəxslər o qədər orden-medallarla təltif olunub ki, onlarda özlərinə arxayınlıq yaranıb. Onlar heç bir məsələ ilə bağlı məsuliyyət daşımırlar. Bax bu cəzasızlıq mühiti belə faciələrə səbəb olur».

***
HƏRBİ HİSSƏDƏ ATIŞMA: 6 NƏFƏR HƏLAK OLUB

Yanvarın 28-də saat 18 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 2 əsgər avtomat silahdan atəş açıb. Atəş nəticəsində 4 hərbçi həlak olub, ikisi yaralanıb. Sonra həmin əsgərlər özlərini güllələyib öldürüblər.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi qaldırılıb, hazırda araşdırma gedir.

Müdafiə Nazirliyi bildirir ki, hadisəylə bağlı əlavə məlumat veriləcək.

Keçən ilin mayında Seyfəli poliqonunda oxşar hadisə baş vermişdi. Azərbaycan ordusunun əsgəri, 20 yaşlı Orxan Səfərov 5 hərbçini güllələmişdi. Onlardan dördü həlak olmuşdu, biri yaralanmışdı. Bu günlərdə həmin əsgərə ömürlük cəza verilib.

Bir neçə gün əvvəl prezident İlham Əliyev ordudakı xidmətlərinə görə Müdafiə naziri Səfər Əbiyevi «Şöhrət» ordeni ilə təltif edib.

AZƏRBAYCAN ORDUSUNUN ÖTƏN İLKİ İTKİLƏRİ VƏ SƏS-KÜYLÜ CİNAYƏT İŞLƏRİ

Ehtiyatda olan zabitlər birliyinin sədri Yaşar Cəfərli «Turan»a bildirib ki, 2009-cu ildə orduda həlak olanların sayı 73 nəfər təşkil edib və onların əksəriyyəti cəbhə xəttində həlak olmayıb. Son iki ildə bir neçə dəfə zabitlərin və çavuşların əsgərlər tərəfindən güllələnməsi halları olub.

Ən səs-küylü cinayət 2009-cu ilin mayında əsgər Orxan Səfərovun dörd zabit və çavuşu qətlə yetirəsi və daha beş əsgəri yaralaması olub. Cinayət əsgərin zabitlər tərəfindən təhqir edilməsi səbəbindən törədilib.

2009-cu ilin iyulunda Füzuli rayonunda əsgər Emin Rəhimov avtomat silahdan batalyon komandirinə və rota komandirinə atəş açıb.



2008-ci ilin noyabrında Beyləqan rayonunda əsgər Xəzan Məmmədov iki əsgəri - Samir və Zaur Qasımov qardaşlarını güllələyib.

2008-ci ilin avqustunda sıravi əsgər Faiq Sərkərov çavuş Afiq Tərlanovu güllələyib.

Ötən il həmçinin tabeçiliyində olan əsgərləri incidən və döyən zabit və köhnə əsgərlərin işi üzrə iki məhkəmə prosesi olub. Hadisələrdən biri hərbi hospitalda, digəri isə Hacıqabul rayonunda hərbi hissələrdən birində baş vermişdi.

Əsgərləri döyənlər baş verənləri telefonun videokamerası ilə lentə alıblar, sonra isə İnternetdə yerləşdiriblər. Yalnız bu video çəkiliş sayəsində iş ictimaiyyət arasında yayılıb və yalnız qalmaqaldan sonra hərbi rəhbərlik tədbirlər görüb.

Bütün bunların fonunda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri mətbuat konfranslarından birində bildirib ki, Azərbaycan ordusunda dedovşina yoxdur.


MÖVZU İLƏ BAĞLI MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG