Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:25

Rail Rzayevin qətlinin istintaqında yenilik


Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib
Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib
Azərbaycan müdafiə nazirinin keçmiş müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin hazırda həbsdə olan köməkçisi Aydın Rəfiyevin oğlu Anar Rəfiyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

A. RƏFİYEVİN HƏBS MÜDDƏTİ ARTIQ 4-CÜ DƏFƏDİR UZADILIR

APA-nın məlumatına görə, bu gün Nəsimi rayon Məhkəməsində hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə A. Rəfiyevin məhkəməsi keçirilib. Məhkəmə Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində A. Rəfiyevin barəsində başlanan cinayət işinin istintaqının hələ başa çatmamasını əsas gətirərək, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin daha üç ay uzadılması barədə qərar qəbul edib. Əlavə edək ki, A. Rəfiyevin həbs müddəti artıq 4-cü dəfədir uzadılır.

Xatırladaq ki, R. Rzayevin köməkçisi A. Rəfiyev və onun oğlu Anar bu il aprelin 16-da Yasamal rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yerləşən evlərində həbs ediliblər. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri generalın köməkçisi Aydın Rəfiyevin hərbi şəhərcikdə yerləşən mənzilinə və «Mitsubishi-Pajero» markalı maşınına baxış keçiriblər. Baxış zamanı maşından general Rail Rzayevə məxsus 1 ədəd qış gödəkcəsi və generalın xidməti avtomobilinin dövlət nömrə nişanı aşkar edilib. Məhkəmə Anar Rəfiyevi Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 179-cu (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilərək barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Təqsirləndirilən şəxslər avtomobildə aşkarlanan Müdafiə Nazirliyinə məxsus 10-00 HM dövlət nömrə nişanı və generala məxsus qış gödəkcəsini R. Rzayevin ölümündən bir müddət sonra generalın şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən nazirliyə qaytarılması üçün Aydın Rəfiyevə verildiyini bildiriblər. Lakin A. Rəfiyev məzuniyyətdə olduğu üçün onları Müdafiə Nazirliyinə təhvil verməyib.

BAŞ PROKUROR QƏTLDƏN DƏRHAL SONRA GENERALIN İŞ OTAĞINA MÜDAXİLƏ OLUNDUĞUNU BİLDİRİB

Baş prokuror Zakir Qaralov isə bu ilin oktyabrında jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların məhz bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror, həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib.

Faktla bağlı cinayət işi başlanıb. İstintaqı Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.
XS
SM
MD
LG