Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:40

N saylı hərbi hissənin qisas poliqonu


Məhkəmə prosesi noyabrın 17-də davam edəcək
Noyabrın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan ordusunun əsgəri, 20 yaşlı Orxan Səfərovun məhkəməsi başlayıb.

O.Səfərov Müdafiə Nazirliyinin Gəncədəki N saylı hərbi hissəsində qulluq edərkən bu il mayın 23-də Seyfəli poliqonunda üç çavuşu və bir əsgəri qətlə yetirməkdə, bir əsgər yoldaşını isə yaralamaqda təqsirləndirilir.

VƏKİL: «TƏQSİRLƏNDİRİLƏN ŞƏXS ANLAQSIZ OLUB»

Məhkəmə prosesi başlayan kimi Orxan Səfərovun vəkili Fikrət Azadov vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin əsəb sistemində problem olub:

«Onun hərbi xidmət müddətində yuxusuzluqdan əziyyət çəkməsi, xidmət boyu bir neçə dəfə tibb məntəqəsində yatması əsəb xəstəliyindən əziyyət çəkdiyinin göstəricisidir. İbtidai istintaq zamanı şahidlərin və onun öz ifadəsində də ruhi xəstə olduğu bildirilir. Mustafa Sayfulovun hadisədən bir müddət əvvəl Orxanın üzərinə sidik ifraz eləməsi və bunu başqa əsgərlərin yanında deməsi onda əsəb sarsıntısı yaradıb. O, özünü təhqir olunmuş hesab edib. Orxan yalnız Mustafa Sayfulovu, sonra da özünü öldürmək istəyib».

Vəkil təqsirləndirilənin hazırda heç nəyə reaksiya vermədiyini bildirib:

«Ona Penitensiar Xidmətin Müalicə Müəssisəsində reaktiv-psixoz diaqnozu qoyulub. Ona görə də, Orxana tibbi ekspertiza təyin olunmalıdır».

PROKUROR ORXANIN ÖZÜNÜ PSİXİ XƏSTƏ KİMİ APARDIĞINI DEYİR


Dövlət ittihamçısı Müşfiq Məmmədov vəsatətə münasibət bildirərək ekspertizaya ehtiyacın olmadığını söyləyib:

«Orxan Səfərov 1 il 5 ay xidmət edib və onda psixi əsəb pozğunluğu olmayıb».

Müşfiq Məmmədov Orxan Səfərovun törətdiyi cinayətin məsuliyyətini dərk etdiyindən özünü psixi xəstə kimi apardığını söyləyib. Prokuror və zərərçəkənlər vəsatətin rədd olunmasını istəyiblər. Vəsatət təmin olunmayıb. Sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

MUSTAFA SAYFULOV: «ƏCƏB ELƏMİŞƏM»

İttiham aktına görə, Orxan Səfərov bu il mayın 21-də taborun şəxsi heyəti ilə «Tabor tikinti təlimləri»ndə iştirak etmək üçün Seyfəli təlim mərkəzinə göndərilib. Mayın 23-ü gecə saat 4-dən 6-dək çadır düşərgəsində əsgər yoldaşları Səbuhi Əliyev və Mustafa Sayfulovla birlikdə patrul xidmətində olub. Saat 9 radələrində bölüyün şəxsi heyəti ilə təlim yerinə gedərkən, kiçik çavuş Ramal Babayev əsgər Rəvan Soltanova «Mustafa Sayfulov deyir ki, gecə Orxan Səfərovun başını islatmışam» - deyərkən Orxan Səfərov bunu eşidib. O, təlim yerində Mustafa Sayfulovdan belə bir söz dediyini soruşduqda, Mustafa Sayfulov «eləmişəm də, demişəm də, əcəb eləmişəm» - deyə bildirib.

Orxan Səfərov Mustafa Sayfulovdan qisas almaq qərarına gəlib. Təlim üçün verilmiş AK-74 markalı avtomat silahı atəş vəziyyətinə gətirərək, əsgərlər toplaşan istiqamətdə Mustafa Sayfulov tərəfə davamlı atəş açıb. Nəticədə cavuşlar - Mustafa Sayfulov, Taleh Hidayətov, Şəhriyar Həsənov, əsgər Ramin Ataşov güllə yarası alıblar. Əsgər Samir Mirzəyev isə güllədən yayınsa da, yüngül xəsarət alıb. Orxan Səfərov hadisə yerindən qaçmaq istəyərkən əsgər Fərid İmanovla qarşılaşıb. Silahı ona tuşlayaraq tətiyi çəkib. Patronun qurtarması Fərid İmanovu ölümdən qurtarıb.

Ramin Ataşov və Taleh Hidayətov hadisə yerində, Şəhriyar Həsənov isə hospitala aparılarkən yolda ölüb. Mustafa Sayfulov isə hospitalın cərrahiyyə şöbəsinə yerləşdirilib. Tibbi yardım göstərilsə də, Mustafa Sayfulovun həyatını xilas etmək mümkün olmayıb.

Orxan Səfərov ibtidai istintaqa verdiyi ilkin ifadəsində mayın 23-ü gecə patrul xidmətində olarkən iki yuxuya getdiyini və hər dəfə Sayfulov tərəfindən təpiklənərək ayıldığını bildirib. M.Sayfulovun ona qarşı təhqiramiz hərəkət etməsini isə ifadəsində belə qeyd edib: «Mən ikinci dəfə Sayfulovun təpikləməsinə yuxudan ayılanda dedi ki:

«SƏN YUXUDA OLANDA BAŞINI SİDİKLƏ İSLATMIŞAM»


Ancaq mən heç nə hiss etməmişdim. Səhər xidmət yerinə yollananda eşitdim ki, əsgərlər öz aralarında Sayfulovun mənim başıma sidik ifraz etməsindən danışırlar. Başa düşdüm ki, Sayfulov həqiqətən də bu hərəkəti edib. Poliqonda bizə patron paylanandan sonra onunla haqq-hesab çəkmək qərarına gəldim».

Bu, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ilkin ifadəsidir. Növbəti ifadəsində Orxan Əsgərov özünü təqsirli bilməyərək hadisə vaxtı anlaqsız vəziyyətdə olduğunu və baş vermiş hadisəni xatırlamadığını bildirib.

«ƏSGƏR ATƏŞ AÇA-AÇA QIŞQIRIRDI Kİ, HAMINIZI QIRACAĞAM»


Zərərçəkmiş qismində dindirilmiş Fərid İmanov ifadəsində göstərib ki, poliqonda olarkən Orxan Səfərovla Mustafa Sayfulovun mübahisə etdiyini görüb:

«Onlardan niyə mübahisə etdiklərini soruşanda, Sayfulov məni kənara itələdi, dedi ki, sən qarışma. Onlardan uzaqlaşandan bir neçə saniyə sonra atəş səsləri eşitdim. Geri çevriləndə gördüm ki, Orxan avtomatı əsgərlərə tərəf tuşlayaraq davamlı atəş aça-aça «hamınızı qıracağam» qışqırır. O, atəşi dayandırandan sonra hadisə yerindən uzaqlaşmaq istəyirdi. Mən onu tutmaq istəyərkən «yaxın gəlmə, vuracağam» dedi və silahı mənə tərəf tuşlayaraq tətiyi çəkdi. Özümü itirdim, gözlərimi yumub güllənin mənə dəyməsini gözlədim. Ancaq atəş açılmadı. Orxan patronunun qurtardığını başa düşərək silahı yerə atdı və təslim oldu».

İş üzrə dindirilmiş şahidlər də zərərçəkmişin ifadəsinə uyğun ifadələr veriblər.

Məhkəmə prosesi noyabrın 17-də davam edəcək.
XS
SM
MD
LG