Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

«İndi Azərbaycan əsl karikaturadır»


«Əgər xalqı fəallaşdırmaq, demokratik dəyişikliklərə inam yaratmaq mümkün olsa vəziyyəti dəyişmək olar…»
«Əgər xalqı fəallaşdırmaq, demokratik dəyişikliklərə inam yaratmaq mümkün olsa vəziyyəti dəyişmək olar…»
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət «Azadlıq» Radiosuna mühasibə verib.

-Lalə xanım, qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Sizcə bu seçkilər ölkədəki siyasi vəziyyəti dəyişə bilərmi?

-Sözsüz ki, bu bələdiyyə və parlament seçkiləri insanların fəallaşmasına gətirib çıxaracaq. Müxalifətin də xalqla birbaşa ünsiyyətinə imkan yaranacaq. Ancaq seçkilərin təmiz, demokratik keçirilməsi üçün hakimiyyətin siyasi iradə göstərməsi lazımdır. Müasir dövrün öz çağırışları var. Bu gün Azərbaycan istəyirsə ki, müasir dövrün tərkib hissəsi olsun, bu çağırışlara əməl etməlidir. Müasir dövrün çağırışlarının ən birincisi demokratiyadır. Bu seçkilər də bir sınaqdır. Bu sınaqdan da ilk növbədə hakimiyyət keçməlidir. Hakimiyyət özü-özünə cavab verməlidir. O diktaturaya gedib dövləti dalana dirəmək, yoxsa Azərbaycanı müasir dövrün tələblərinə cavab verən bir ölkəyə çevirmək istəyir?

-Lalə xanım, yəni bu sualın cavabı verilməyib? Prezidentin, ombudsmanın səlahiyyət müddəti artırıldı. İndi baş prokurorla bağlı bu gözlənilir.

- Bu elə belə də olmalıydı. Artıq bundan sonra deputatlar da, icra başçıları da ömürlük olmaq istəyəcəklər. Hakimiyyətin yuxarı eşalonu dövlət üçün, xalq üçün bir etalondur. Aşağıda baxırlar ki, əgər yuxarıda oğurlayırlar, onlar da oğurlayır. Aşağıda baxırlar əgər, yuxarılarda özlərini ömürlük elan edirlərsə, onlar da ömürlük olmağa can atırlar. Bu bir qanundur. Bu qanun həmişə işləyib. Belə bir əfsanə var: Əmir Teymur öz ordusu ilə bir alma bağından keçir. O, gözəl alma bağlarına baxıb vəzirinə deyir ki, ona bir alma dərib versin. Ancaq vəzir deyir ki, əmir sağ olsun, mən bunu edə bilmərəm. Əmir Teymur əsəbləşir və bunun ondan səbəbini soruşur. Vəzir qayıdır ki, əmir sizin ardınızca 100 minlik bir ordu gəlir. Əgər mən bu almalardan dərib birini sizə versəm, bağdan əsər-əlamət qalmayacaq. Bağ viran olacaq. Bu çox ibrətamiz bir məsəldir.
Əslində bu gün Azərbaycan karikaturaya bənzəyir. Hərçənd əvvəllər Azərbaycan Rusiya ilə müqayisə edilirdi. Yəni Azərbaycana mini Rusiya kimi baxırdılar. İndi isə Azərbaycan əsil karikaturadır.

-Ancaq çoxları bütün bunlarla belə hakimiyyəti çox güclü hesab edir.

-Yox hakimiyyət güclü deyil. Onun gücü polisdə və ordudadır. Ancaq zora söykənən güclü hakimiyyət ola bilməz. Güclü hakimiyyət xalqa öz müqəddəratını həll etməyə imkan verər, müxalifətlə dialoqa gedər. İndi isə az qala siyasi fəaliyyət, aksiyalar qadağan edilib…

-Deyirsiniz ki, siyasi fəaliyyət qadağan edilib. İndi də bəzi məmurlar interneti tənzimləmək niyyətindədir. Bunun axırın necə görürsünüz?

-Bu artıq totalitar rejimə keçiddir. Avtoritar rejimlərdə siyasi fəaliyyətə məhdudiyyətlər qoyulur. Totalitar cəmiyyətdə isə insanların artıq düşüncələrinə, həyat tərzinə qadağalar qoyulmağa başlayır. Baxın internetə məhdudiyyətlərin qoyulması, məscidlərin sökülməsi totalitar cəmiyyətə xas xüsusiyyətdir. Avropa qitəsində olan Azərbaycanı belə bir dalana dirəməyin sonu çox faciəli ola bilər…

-Lalə xanım, hakimiyyətin daxilində gedən prosesləri necə dəyərləndirirsiniz? Mediada belə fikirlər hallanır ki, baş nazirlik uğrunda gizli savaş gedir.

-Hakimiyyətin daxilində monolit birlik yoxdur. Monolit komanda ideya adamlarında olur. Bu komandada əslində, hərə öz mənfəətini güdür. Hamı öz sərvətlərini artırmaq haqqında düşünür və bunun uğrunda mübarizə aparır. Belə olan halda onların birliyindən danışmaq mümkün deyil.

-Bəs müxalifətin durumu necədir? Bəzi müxalifət partiyalarının sədrləri artıq deyirlər ki, bizim başlıca məqsədimiz hakimiyyətə gəlmək deyil. Bunu onların hakimiyyətə gəlməyə inamlarının itməsi kimi başa düşmək olarmı?

-Bəli, bu pessimizmin təzahürüdür. Mən bununla razılaşmıram. Hərçənd belə fikirləri mən başa düşürəm. Ancaq biz əksinə xalqı fəallaşdırıb, onlarda demokratik dəyişikliklərə inam yaratmalıyıq. Hər şey xalqın enerjisindən asılıdır. Əgər xalqı fəallaşdırmaq, demokratik dəyişikliklərə inam yaratmaq mümkün olsa vəziyyəti dəyişmək olar…
XS
SM
MD
LG