Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Rəhbərliyin dəyişməsi vəziyyəti də dəyişəcəkmi?


Müdafiə naziri Səfər Əbiyev
«Oğlum komandirinin əlindən özü özünü güllələyib. Komandiri hər gün ikiqat qaravula basırmış, naryad verirmiş. Uşaq dözə bilməyib. Məcbur qalıb haradansa anasına zəng edib deyib ki, ya komandiri öldürəcəyəm ya da özümü. Sonra komandiri vura bilmir, özünü vurur, gəlir düşür hospitala».

«ÖZÜNÜ VURUR, DÜŞÜR HOSPİTALA»

Bu ordudakı vəziyyətdən «Azadlıq» radiosuna gileylənən Göygöl rayon sakini Surxay Rəsulovun dedikləridir. Onunla bir müddət əvvəl hərbi hospitalın qarşısında söhbətləşmişdik.

Deyirdi ki, oğlu Ruslan Rəsulov N saylı hərbi hissədə 11 ay xidmət edəndən sonra komandirinin işgəncələrinə dözməyib özünü vurub. Surxay kişi mənimlə söhbət edəndə o qədər fikirli idi ki, özünü cəmləyib dəftərçəsində olan telefon nömrəsini də oxuya bilmirdi. Surxay Rəsulov kimi orduda əsgərlərlə dözülməz rəftar edilməsindən şikayətlənən valideynlər az deyil.

Ehtiyatda olan polkovnik leytenant Üzeyir Cəfərov isə deyir ki, son vaxtlar orduda baş verən qanunsuzluqlar artıq müdafiə naziri, baş qərargah rəisi, nazirin kadrlar və hərbi təhsil üzrə müavini və bəzi başqa generalların öz işlərindən kənarlaşdırılması məsələsini gündəmə gətirib.

«Mənim baş redaktoru olduğum «Milaz.info» saytı etibarlı mənbədən aldığı dəqiq məlumata görə silahlı qüvvələrdə baş verənlərlə bağlı ölkə rəhbərliyində də narahatçılıqlar var. Ona görə də kadr islahatına hazırlıqlar gedir. Müdafiə naziri, baş qərargah rəisi və digər vəzifəli şəxslər yaxın zamanlarda vəzifələrindən kənarlaşdırıla bilər. Bu kifayət qədər ciddi məsələdir».

İŞLƏR YETƏRİNCƏ DEYİL

Üzeyir Cəfərov deyir ki, ordunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər də yetərincə deyil. Halbuki, ölkə rəhbəri bu və digər işlərin həyata keçirilməsi üçün lazımi vəsaiti ayırır.
Üzeyir Cəfərov
Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarət koalisiyasının xətti ilə və KİV-dən götürülən məlumatlara əsasən yalnız 2009-cu ilin 7 ayı ərsində orduda ölənlərin sayı 45 nəfəri keçib. Bunların 12 nəfəri cəbhə xəttində düşmən gülləsindən həlak olanlardır. Qalanları isə nizamnamədən kənar hallar nəticəsində, həmçinin xəstəlik və bədbəxt hadisələrdən dünyasını dəyişənlərdir.

Üzeyir Cəfərov deyir ki, parlament istirahətdən qayıdandan sonra bu məsələ daha da ictimailəşəcək. Çünki Milli Məclisdə orduda baş verənlərlə bağlı yetərincə iradlar səslənib.

Milli Məclisdə həqiqətən də ordudakı neqativ hallardan danışılıb. Amma belə fikirlərə cavablar da az olmayıb. Məsələn yaz sessiyasında silahlı qüvvələrdə ölüm hallarının artdığından narahatçılıq bildirən bəzi deputatların cavabında millət vəkili Aydın Həsənov demişdi ki, «başqa ölkələrin də silahlı qüvvələrində ölüm-itim olur. Azərbaycanda inyə olmamalıdır ki. Bu ordudur, hər şey ola bilər. Hələ desən yay aylarında suda boğulub ölənlər də olacaq».

«BOŞ VƏ MƏNASIZ SÖZ-SÖHBƏTLƏR…»

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevə görə orduda ölüm halları ilə bağlı KİV-ə verilən şişirdilmiş məlumatlardır. O ki, qaldı Müdafiə Nazirliyi rəhbərliyinin işdən kənarlaşdırılacağı barədə deyilənlərə və yazılanlara, ya belə məlumatları qəsdən mətbuata sızdırırlar, ya da KİV-lər mövzu qıtlığı ilə üzləşdikləri üçün belə informasiyaları dövriyyəyə buraxırlar:

«Yazılanlara görə Müdafiə Nazirliyinin rəhbərliyində olan bütün generallar işdən kənarlaşdırılacaqlar. Sual olunur, bəs bu qədər generalın yeri necə doldurulacaq? Bunlar hamısı boş və mənasız söz-söhbətlərdir. Belə məlumatlara inanmaq lazım deyil».

Pənah Hüseyn
Teymur Abdullayev deyir ki, «Milaz.info» informasiya agentliyinin bu cür təxribat məlumatlar yayması ilk dəfə deyil. Ancaq deyilənlərin heç bir əsası yoxdur.

«ORDUDA CİDDİ İSLAHATLARA EHTİYAC VAR»

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Pənah Hüseynin fikrincə isə, indiki iqtidarın Müdafiə Nazirliyinin rəhbərliyini dəyişməsi inandırıcı görünmür. Çünki ordu rəhbərliyinin tərkibində həm NATO-ya inteqrasiya həm də Rusiyaya münasibət məsələsində bir növ balans qorunur. Yəni generallar arasında hər iki tərəflə isti münasibəti olan şəxslər var. Digər tərəfdən Müdafiə Nazirliyi hakimiyyətə loyal münasibəti ilə də fərqlənir.

Ancaq hər bir halda orduda baş verənlərə Müdafiə Nazirliyinin rəhbərləri məsuliyyət daşıyır. Onun sözlərinə görə, silahlı qüvvələrdə fövqəladə halların baş verməsilə bağlı dəfələrlə ordu rəhbərliyinin izahatı tələb olunsa da YAP çoxluğu parlamentdə buna imkan verməyib. Ancaq bütün hallarda orduda ciddi islahatların aparılmasına ehtiyac var və buna nail olmaq lazımdır:

«Artıq sübut olunmuş bir həqiqətdir ki, yalnız qanunlara əməl edildiyi, əsgərdən zabitədək hamının hüquqlarının qorunduğu, ictimai və parlament nəzarətinin mövcud olduğu ordular daha qüvvətlidir. Və ölkənin təhlükəsizliyi, müdafiəsi bu halda daha yüksək səviyyədə təmin olunur. təəssüf ki, bizdə avtoritar və qapalı idarəçilik sistemi orduya da özünün mənfi təsirini göstərir».

Pənah Hüseyn hesab edir ki, orduda ciddi dəyişiklərə nail olmaq üçün onun rəhbərliyini dəyişmək yetərli deyil. Bundan ötrü qanunvericilikdən başlayaraq orduda ciddi islahatların aparılmasını nəzərdə tutan kompleks tədbirlər həyata keçirilməlidir.
XS
SM
MD
LG