Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:28

Neft neçəyə olsun?


Şahmar Mövsümov
Şahmar Mövsümov
Büdcə üzərində işləyən hökumət ekspertlərinin optimizmi Azərbaycanın Neft Fondunu kəsirdə qoyub. Yarım ilin yekunlarını açıqlayan fond rəhbərliyi gələn ilin büdcəsinin daha ehtiyatla hesablanacağına ümid edir.

PROQNOZLAR NİYƏ DÜZ ÇIXMADI?

2009-cu il iyulun 24-nə olan məlumata görə Neft Fondunda 12 milyard 187 milyon dollar var.

Fondun prezidenti Şahmar Mövsümov deyir ki, fonddan büdcəyə təqribən 5 milyard manat (4 milyard 915 milyon manat) köçürüləcək. Köçürmələr Maliyyə Nazirliyi ilə razılaşdırılmış aylıq cədvəl üzrə aparılır.

Şahmar Mövsümov deyir ki, Neft Fonduna daxilolmalar üzrə proqnozlar özünü doğrultmasa da, dünya bazarında neftin qiymətinin kəskin azalması bu proqnozların təxminən 42 faiz reallaşması ilə nəticələnib:

«Bəllidir ki, bu ilin dövlət büdcəsində neftin qiyməti 70 dollar olaraq müəyyən edilib. Dünya bazarında isə ilin ilk 6 ayında neftin orta qiyməti təxminən 48 dollar olub. Bu səbəbdən gözlənilən gəlir əldə edilməyib. İndi 2010-cu ilin dövlət büdcəsi üzərində iş gedir. Ümid edirik ki, hökumət neftin büdcədəki qiymətinin müəyyənləşdirilməsində yetərincə konservativ olacaq».

40, YOXSA 70?

İqtisadçı Samir Talıblı beynəlxalq maliyyə şirkətlərinə istinadən deyir ki, gələn il neftin qiyməti hər barel üçün 70-80 dollardan aşağı olmayacaq. Amerika investisiya banklarının proqnozu isə daha yüksəkdir - 100-120 dollar. Ancaq bu, Azərbaycanın dövlət büdcəsinə o qədər də böyük təsir göstərməyəcək:

«Hər məqamda Azərbaycan hökumətinin əlində bir mexanizm var. Büdcənin gəlirlər hissəsində hər hansı problem yarandıqda Dövlət Neft Fondunun vəsaitlərindən transferlər edilir. Hökumət neftin qiymətini hətta 40 dollar da təyin edə bilər. O zaman Azərbaycanın gəlirləri proqnozlaşdırılandan artıq olacaq. Əksi də ola bilər. Bütün hallarda Azərbaycan hökuməti büdcədə yaranan problemləri Neft Fondundan ödəyəcək».

İlham Şaban
Samir Talıblı deyir ki, neftin qiymətinin enməsinin Azərbaycana yalnız texniki təsiri olacaq. Başqa sözlə bir sıra investisiya layihələrinin gerçəkləşdirilməsi təxirə düşə bilər.

ƏN YAXŞI RİFAH VƏ ANALOQSUZ DİRƏK

Neft Araşdırmaları Fondunun başçısı İlham Şaban isə düşünür ki, Azərbaycan neft gəlirlərinin saxlanması və idarə olunmasında üçüncü dünya ölkələrinin strategiyasını tətbiq edir:

«Neft çıxaran üçüncü dünya ölkələrinin 90 faizində durum belədir. İran, Səudiyyə Ərəbistanı, Küveyt və bir sıra başqa neft ölkələrində də düzgün proqnozlaşdırma, demək olar, yoxdur . Qiymət aşağı düşəndə, xərc yarananda isə ehtiyat fondlardan götürüb kəsirləri ödəyirlər. Ciddi təkliflər və diversifikasiya, demək olar, yoxdur».

İlham Şabanın fikrincə, inkişaf etmiş neft ölkələri kəm-kəsirlərini neft fondları hesabına ödəmirlər. Norveç, İsveç, Hollandiya və bir sıra Qərb dövlətlərində qanun neft gəlirlərinin yalnız 5 faizə qədərini xərcləməyə icazə verir. O deyir ki, Qərbin neft ölkələri vətəndaşların yüksək rifahı ilə fəxr edir, Azərbaycan kimi ölkələr isə üçmərtəbəli körpülər, ən hündür bayraq dirəyi kimi analoqu olmayan layihələri ilə.
XS
SM
MD
LG