Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

«Qazın qiymətini heç 50 manata da qaldırmağa ehtiyac yox idi»


Azəriqaz»ın Neft Şirkətinin tabeliyinə verilməsilə problemin çözümünə inanmıram»
Azəriqaz»ın Neft Şirkətinin tabeliyinə verilməsilə problemin çözümünə inanmıram»
Azərbaycanın bir neçə Qeyri-Hökumət Təşkilatı və ictimaiyyət nümayəndələri birləşərək yeni alyans yaradır. Məqsəd Azərbaycanda təbii qazın qiymətinin artırılmasının iqtisadi səbəblərinin araşdırılmasıdır.

İyulun 1-dən əhaliyə satılan qazın min kubmetrinin qiyməti 2 dəfədən çox qaldırılıb.

SƏMT QAZI DAXİLİ TƏLƏBATA YETİR

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi»nə görə, «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxan səmt qazı Azərbaycana qarşılıqsız verilir. Onun sözlərinə görə, təkcə bu yataqlardan neft çıxarılan zaman hasil olunan səmt qazı Azərbaycanın daxili tələbatını ödəmək üçün yetərlidir:

- Bu gün qiyməti nəinki 100, heç 50 manata qaldırmağa da ehtiyac yoxdur. «Azəriqaz»ın Neft Şirkətinin tabeliyinə verilməsilə problemin çözümünə inanmıram. Çünki ARDNŞ yetərincə qapalı müəssisədir.

Mehman Əliyevin fikrincə, qazın əhaliyə satış qiymətinin qaldırılması ilə bağlı son qərarın icrası dərhal dayandırılmalı, təhqiqatlar aparılmalı, yalnız bundan sonra qiymət məsələsinə yenidən baxılmalıdır.

BÖYÜK MÜƏMMA - İSTEHSAL, EMAL, SATIŞ

İqtisadi Tədqiqatlar Mərkəzinin başçısı Qubad İbadoğluya görəsə, bu sektorda qapalılıq olduğu üçün əhaliyə satılan qazın maya dəyərini hesablamaq faktiki mümkün deyil. ARDNŞ-ın 2006-cı il üçün olan hesabatında 1000 kubmetrin hasilat xərci 25 manat 50 qəpik göstərilib. 2007-ci ildə isə 27 manat 75 qəpik. 2009-cu ilin 7-ci ayı olsa da Netf Şirkəti hələ 2008-ci il üçün hesabatları açıqlamayıb. Q.İbadoğlu deyir ki, artım tempini nəzərə alsaq, bu qiymət 30 manat, bugünkü gün üçün isə 32 manat ola bilər. ARDNŞ-ın hesabatlarında şübhəli məqamlardan biri də daşıma xərclərinin emal xərclərini belə üstələməsidir:

- Bütün dünyada birləşmə yox, ayrılma prosesləri gedir. Dünya praktikasında istehsal, emal, satış şirkətləri tamamilə ayrıdır. Bunlar bir yerdə olduqca, qapalılıq yaranır. Bundan sonra ARDNŞ bütün işləri bir mərkəzdən idarə edib rəqəmləri də gizlədəcək. Biz heç bilməyəcəyik ki, hasilat nə qədərdir, istehlak nə qədərdir. Özləri rəqəm verəcəklər. Bu rəqəmlərin düzgünlüyünün öyrənilməsi üçün bu strukturlar mütləq ayrılmalı idi. Təəssüf ki, Azərbaycanda islahatlar əks istiqamətdə aparılır.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bir neçə gün öncə mətbuata açıqlamasında bildirmişdi ki, «Azəriqaz»ın Dövlət Neft Şirkətinə tabeliyi ilə bağlı qərarın icrasından sonra qazın maya dəyərinin yenidən hesablanması mümkündür. ARDNŞ-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də deyir ki, hələ bu məsələ gündəmdə deyil:

- Struktur dəyişiklikləri başa çatandan, xərclər hesablanandan sonra mümkündür ki, bu məsələ yenidən gündəmə gəlsin. İndilikdə isə hamı Tarif Şurasının qərarına tabe olmalıdır.

Bakı sakinləri ilə söhbətimizdə isə bəlli oldu ki, onlar təbii qaz tariflərinin artırılmasından narazıdırlar:

DAHA OCAQ QALAYACAM

- Sizcə, qazın qiymətinin artırılmasının iqtisadi əsasları varmı?

- Onsuz da əhali qazpulunu köhnə qiymətlərlə ödəyə bilmirdi. İnsanlar qazı qanunsuz yollarla əldə etməyə çalışırdılar. İndi bunun qarşısını almaq üçün qazın qiymətini aşağı salmaq yerinə, qiymətləri daha da qaldırıblar.

- Belə ölkə olar? Avtobusda xəbər tutmuşam ki, qazın qiymətini qaldırıblar.

- Hamının əhvalı pozulub. Köhnə qiymətlərlə belə ödəməkdə çətinlik çəkirdik. Təzə qiymətlərdən dəhşətə gəlmişik. Axı niyə neft ölkəsində yaşadığımız halda qazı bizə belə baha satırlar? Bütün istehsalçı dövlətlərdə qiymətlər çox ucuzdur. Avropaya baha satsınlar da. Ayın axırı qaz pullarını ödəmək zamanı gələndə insanlar əməlli-başlı stress keçirəcəklər.

- Belə çıxır ki, biz nə qazanırıq aparıb bağışlamalıyıq bu hökumətə. Bu ölkədə bizim nəyimiz var ki?

- Mən daha qaz yandırmayacam.

- Bəs yeməyi necə hazırlayacaqsınız?

- Gedib həyətdə ocaq qalayacam. Mənə 75 manat pensiya verirlər. Hansı pulu verim onlara?

- Bizim heç qazımız gəlmir.

- Niyə?

- Südçülük sovxozunda yaşayırıq. Neçə ildir boruları çəkiblər, ancaq qaz yoxdur. Azərbaycan qazı Avropaya gedir, bizə gəlib çatmır.

QHT-lərin və ictimaiyyət nümayəndələrinin birləşdiyi yeni alyans isə təbii qaz tariflərinin qaldırılması ilə bağlı dövlət başçısı və ARDNŞ prezidentinə müraciət hazırlayır. Alyans üzvləri hasilat, emal, daşınma xərcləri ilə bağlı bütün məsələlərdə şəffaflığın təmin olunmasını istəyir.
XS
SM
MD
LG