Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

«Azərbaycan Ermənistanda qazpaylayıcı stansiyalar qura bilər»


Nazim Məmmədov
Nazim Məmmədov
Parlamentin iqtisadi-siyasət komitəsinin üzvü Nazim Məmmədov «İşdən sonra»da işğal olunmuş beş rayonun qayıdacağı, iki ölkə arasındakı sərhəd açılacağı halda yaranan perspektivlərdən, görüləsi işlərdən danışıb.

«Dəyən ziyana görə Ermənistandan təzminat istəyə bilərik»

- İlkin hesablamalara görə, işğal olunmuş ərazilərə dəyən maddi ziyan 50-60 milyard dollardır. Bu, rəsmi rəqəm deyil və müəyyən mənada şişirdilmiş də ola bilər. Amma elə maddi-mədəniyyət abidələri var ki, onlara dəyən ziyanın qiyməti yoxdur. Dəymiş ziyanı aradan qaldırmaq isə təkcə Azərbaycanın boynuna düşməməlidir. Azərbaycan gələcəkdə dəymiş ziyana görə Ermənistandan təzminat da tələb edə bilər. Ermənistan fikirləşməməlidir ki, torpaqlarımızı azad etdikdən sonra heç bir məsuliyyəti qalmır.

- İşğaldakı rayonların bəziləri həm də təbii ehtiyatlarla zəngindir. Bundan başqa, vaxtilə Azərbaycanın kurort bölgələri olub. Sizcə, hökumət bu bölgələrlə bağlı indidən proqram hazırlamalıdırmı?

- Azərbaycanın qızıl ehtiyatlarının bir hissəsi də Kəlbəcərdə yerləşir. Zaman-zaman Ermənistanın Kanada və Hindistan şirkətləriylə Kəlbəcərdə qızıl yataqlarını istismar etməsi haqda məlumatlar almışıq. Sonradan Azərbaycan tərəfi buna etirazını bildirdi və bu işlər dayandırıldı. Mən ümid edirəm ki, gələcəkdə Azərbaycanın qeyri-neft sektoruna qoyulacaq sərmayələrin bir hissəsi də Kəlbəcərdəki yataqlara yatırılacaq.

«Sərhəd açılsa, Ermənistan bazarını, Göyçəni, Zəngəzuru tuta bilərik»

- Sərhəd açılarsa, bundan faydalanan ilk növbədə Ermənistan olacaq. Bəs Azərbaycan nə qazanacaq?

- Sərhədin açılması hər iki ölkə üçün sərfəlidir. Bizim iqtisadiyyatımız daha çox inkişaf etdiyi üçün, Ermənistana sərmayə yatırmaq imkanı yaranır. Bir misal çəkim: Almaniya İkinci Dünya müharibəsində uduzmuşdu, iqtisadiyyatı da parçalanmışdı. O zaman Polşada, Çexoslovakiyada yaşayan almanlar geriyə – Almaniyaya köçməyə məcbur qaldılar. Az sonra Almaniya iqtisadiyyatı dirçəldi və bu gün həmin torpaqları almanlar iqtisadi baxımdan alıblar, bu ərazilərdə alman şirkətləri dominant mövqedədirlər. Məncə, biz də yaxın zamanlarda Göyçəni, Zəngəzuru götürəcəyik.

- Sizcə, Ermənistan bu arada inkişaf etməyəcəkmi?

- Ermənistan son illərdə özünü böyük imkanlardan məhrum etdi. Yeni texnologiyalar dövründə iqtisadiyyatda itirilmiş bir gün illərə bərabərdir. Ona görə onların iqtisadiyyatını yenidən qurmasına vaxt lazımdır. Biz müharibəni uduzsaq da, iqtisadiyyatımızı qura bildik.

- Beynəlxalq qurumların təsiri altında Azərbaycanla Ermənistan birgə layihələrdə iştirak edə bilərmi? Və bu Azərbaycana nə vəd edir?

- Biz Ermənistan bazarını tuta bilərik. Məsələn, Ermənistanda qazpaylayıcı stansiyalar qura bilərik. Necə ki bunu Gürcüstanda etdik. Bu, uzaq perspektivdir. İyirmi, bəlkə otuz il lazımdır.

«Mənim də villam var…»

- Amma Azərbaycanda qazın qiyməti artırıldı…

- Mən qanunlarda müxtəlifliyin tərəfdarı deyiləm. Qazın satışında iki tarif vardı - idarə-müəssisələr üçün bir cür tarif mövcud idi, əhali üçün başqa cür. Mən sual edirəm, idarə-müəssisə də istehlakçıdır, əhali də. Niyə hər ikisinə də qaz eyni qiymətə satılmamalıdır?

- İdarə-müəssisənin gəliri var, amma əhalinin arasında kasıbı, təqaüdçüsü var…

- O düzgün yanaşma deyil. Kasıba dövlət ünvanlı sosial yardım verir. Fikir verin, Bakıda bütün binaların birinci mərtəbəsində kommersiya obyektləri yerləşir. Amma onlar hamısı mənzil kimi qeydiyyata düşüb. Mənzil kimi qeydiyyata düşməklə başqalarının haqqını yeyirlər. İkinci tərəfdən, üçotaqlı mənzildə yaşayan beş nəfərlik ailə ayda 8-10 manat qaz pulu ödəyir. Amma hər statistik ailə ayda siqaretə 35 manat, mobil telefona 40 manat ödəyir. Qaz pulunun artırılıb 16-20 manat olması böyük rəqəm deyil.

- Bəs 75 manat alan təqaüdçü üçün?

- Su, enerji, qaz, kanalizasiya pulu üst-üstə aylıq gəlirin 30 faizindən aşağıdırsa, qiymətlər məqbul sayılır. Tarif Şurası bu rəqəmləri göydən götürmür. Bir sual da mən verim: Niyə mənim bölgəmdə - Gədəbəydə qaz çəkilmir? «Azəriqaz»dan soruşuram, deyir ki, maliyyə çatışmazlığı var, hökumət də maliyyə ayırmır ki, özün yığdığın puldan investisiya qoy. Bir tərəfdən, Gədəbəydə insanların haqqı pozulur, o biri şəhərdə israfçılıq baş verir…

- İsrafçılığa yol verənsə dinləyicinin dediyinə görə, şəhərdəki villalardır, onların da sahibləri məmurlardır.

- Dinləyici ilə tamam razıyam. Mən də villada yaşayıram. Amma qaz pulunu ödəyirəm, qışda aylıq ödənişim 60-70 manat olur, yayda 35 manat. Bu o demək deyil ki, villada yaşayanların heç də hamısı pulu ödəmir.
XS
SM
MD
LG