Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:29

Qarabağ – Şuşasız, Laçınsız?


Şuşa qaçqınları, may 2009
Şuşa qaçqınları, may 2009
Qarabağ probleminin həlli ilə bağlı Bakı və Yerevan arasında mövqelərin yaxınlaşmasını Qarabağdan məcburi köçkünlər birmənalı qarşılamır. Bakıdakı bir neçə yataqxanada yaşayan Qarabağ köçkünləri deyir ki, onlar bu düyünün birdəfəlik çözümünə tərəfdardırlar:

Nizamlamanın fərqli şərtləri

- Biz bu yataqxanada az qala ikinci onilliyi başa vururuq. Hamımızın da Allahdan bir istəyimiz var – hansı yolla olur-olsun torpaqlarımızın geri alınması və bizim öz yurdumuza dönməyimiz. Ancaq mən işğal altında olan bütün torpaqların alınmasının tərəfdarıyam. Mən Şuşa həsrətindəyəm.

Bu sözləri Şuşadan məcburi köçkün Bahar Səmədova deyir. 7 nəfərlik ailə ilə köhnə yataqxananın 2 otağına sığınıblar. Söhbətə onun həyat yoldaşı Niyazi də qoşulur:

- Biz mərhələli nizamlamanın tərəfdarıyıq. Qoy birinci mərhələdə Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilsin, əhali yurduna dönsün, 5 il sonra da arzu edən ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib münaqişə başlayana qədər yaşadıqları ərazilərə köçürülsün. Bu məsələnin başqa yolunu görmürəm.

Sülh danışıqları nəticə verməyəcək

Köçkünlərlə söhbətimizdə o da bəlli oldu ki, çoxları sülh danışıqlarının nəticə verəcəyinə inanmır. Fərman Orucov Laçından məcburi köçkündür. 16 ildir Nərimanov rayonundakı yataqxanada məskunlaşıb:

- Ermənistan da bu müharibədə minlərlə şəhid verib. Onlar heç vaxt öz xoşlarına işğal etdikləri torpaqlarda geri çəkilməzlər. Bu iş ancaq hərbi əməliyyatlarla mümkündür. Ermənistan rəhbərləri Qarabağ müharibəsində iştirak etdiklərinə görə fəxr edirlər. İndi bu sülh sazişinə nə ad qoyacaqlar? Mən bu məsələnin baş tutacağına qəti inanmıram. Azərbaycan deyirsə ki, ordum güclüdür, regionun lider dövlətiyəm – o zaman güc işlədib torpağını alsın.

Qarabağ şousu

Köçkünlərlə söhbətdə diqqətimizi o da çəkdi ki, cavanlar Bakıdakı köçkün həyatından, işsizlikdən usanıblar. Oqtay Bayramov əslən Şuşadandır. Şuşa işğal ediləndə 19 yaşı varmış:

- Şuşa işğal ediləndə İqtisad Universitetində təhsil alırdım. İşğal zamanı ailəmiz Bakıya köçdü. Mənim 37, qardaşımın 32 yaşımız var. İşsizlik, evsizlik üzündən ailə qurmamışıq. Bu köçkün həyatından bezmişik. Dövlət hansı yolu göstərsə, o yolla Şuşaya getməyə hazırıq. Ancaq bu mərhələli nizamlama ilə torpaqların işğaldan azad ediləcəyi inandırıcı deyil. Bir də Şuşasız Qarabağı neynirik? Ermənilər internet forumlarında bizə yazır ki, necə alacaqsınız Qarabağı – hərbçiləriniz də müğənniliklə məşğuldur. Qarabağ kimin yadındadır? Ölkədə hamının başı şoulara qarışıb.

Zahid Abidov isə Kəlbəcər köçkünüdür. O da mərhələli nizamlamaya etiraz edir:

- Rəsmilər deyir ki, rayonların bir hissəsi alınsın, Şuşa, Laçın, Kəlbəcər qalsın 5 il sonraya. Bunu deyən insanlar bilmir ki, Laçın Qarabağdan Ermənistana dəhlizdir. Bu yol ermənilərin nəzarətində qaldıqca heç kim orda təhlükəsiz yaşaya bilməyəcək. Azərbaycanın iddia elədiyi qədər diplomatik gücü varsa, torpaqların hamısını işğaldan azad eləməlidir. Mərhələli nizamlama yalnız ermənilərin yaşamaq statusu ilə bağlı ola bilər. Ancaq mən əminəm ki, Azərbaycan güc işlətmədən o torpaqları 100 il sonra da ala bilməyəcək.

Rus barmağı

Kəlbəcərdən köçkün düşən Fikrət Talıbov isə deyir ki, bu oyunların arxasında Rusiya barmağı görür:

- Mən inkar eləmirəm ki, Azərbaycan rəhbərliyi Qarabağı işğaldan azad eləmək istəyir. Bu indiki iqtidarın bütün rəqibləri üzərində böyük qələbəsi olar. Regionda baş verənləri biz də görürük. Məncə Azərbaycan güman edir ki, Rusiyaya qaz versə, Rusiya Ermənistanın arxasından çəkilər. Ancaq Rusiya bu siyasətindən heç vaxt əl çəkməyəcək. Qafqazı, o sıradan Azərbaycanı özündən asılı saxlamaq üçün Rusiya Qarabağ probleminin çözümünə mane olacaq. Bu məsələni təkbaşına nizamlamağa Azərbaycanın gücü çatmaz.

Qarabağ düyünündə Rusiya izi görən təkcə Fikrət Talıbov deyil. Şuşadan məcbur köçkün Aydın Qasımov da bu fikirləri bölüşür:

- İndi İlham Əliyev Azərbaycan ərazilərini 1993-cü ilin iyunundakı vəziyyətinə qaytarmaq istəyir. Onun atası Heydər Əliyev hakimiyyətə gələndə Şuşa, Laçın, bir də Kəlbəcər işğal edilmişdi. 1993-cü ildə Heydər Əliyev prezident seçilənə qədər ard-arda 5 rayon işğal edildi. Böyük siyasətlə maraqlananların hamısı bilir ki, Elçibəy hökumətinin devrilməsində Rusiya izi var. İndi İlham Əliyev yenə bu məsələni Rusiya ilə çözməyə çalışır. Mən bu işin nəticə verəcəyinə inanmıram. Şuşasız, Laçınsız Qarabağ isə bizə ümumiyyətlə gərək deyil.
XS
SM
MD
LG