Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:35

«Yeni Fikir»çilər aclıq aksiyasına başlaya bilər


«Yeni Fikir» GT sədri Ruslan Bəşirli
«Yeni Fikir» GT sədri Ruslan Bəşirli

«Yeni Fikir»çilərin iyulun 10-da keçirilən məhkəmə prosesində prokuror Şahin Rəhimov gənclərin qanunsuz sahibkarlıqla məşğul olmaları haqda maddənin kifayət qədər sübut olmadığından ittihamdan çıxarılmasını istədi. Amma çıxışının əvvəlində ittiham aktındakı fikri təkrarlamalı oldu ki, təşkilat rəhbərliyi gəlirdən vergi ödəməməklə dövlətə milyonlarla manat ziyan vurub. Həmin ittihama görə, «Yeni Fikir» təşkilatı Açıq Cəmiyyət İnstitutu – «Soros» Fondundan və Norveçin Azərbaycandakı səfirliyindən 50 min dollar qrant alıb. Təşkilata daxil olan vəsaitdən dövlətə vergi ödənmədiyindən «Yeni Fikir»çilər qanunsuz sahibkarlıqla məşğul olmaqda ittiham olunurdu. Vəkillər hələ istintaq başa çatmamış Norveç səfiri Steynar Gilin və «Soros»un təmsilçilərinin dindirilməsini istəsələr də, bu təklif təmin olunmamışdı.


Müşahidəçilər hesab edir ki, hakimiyyət bu yolla üç il əvvəl keçirilən prezident seçkiləri zamanı göstərdiyi fəallığa və hakimiyyətin ünvanına sərt tənqidlər səsləndirdiyinə görə Steynar Gili «cəzalandırmaq» istəyirdi. Elə vəkil Osman Kazımov da bu ittihamın arxasında siyasi motivlərin durduğunu bildirir.


«Yeni Fikir» GT sədr müavini Səid Nuriyevin sözlərinə görə, dövlət ittihamçısı Şahin Rəhimovun bu addımı bir daha ittihamın absurd olduğunu göstərdi: «Elə o biri ittihamla da günahkar deyilik. Bizə bəraət verilməlidir».


Onu da əlavə edək ki, 192-ci maddə ittihamdan çıxarılmasa belə «Yeni Fikir»çilərin cəzası yüngülləşməyəcəkdi. Yəni qanunsuz sahibkarlıqla məşğul olduqları sübuta yetirildiyi halda onlar sadəcə, cərimə oluna bilərdilər. Hakimiyyəti zorla ələ keçirməyə cəhdə görə isə təşkilatın həbs edilən üzvləri 3 ildən 7 ilə kimi cəza ala bilərlər. Hərçənd vəkil Elçin Qənbərov deyir ki, dövlət ittihamçısı humanist görünməyə çalışıb. Bu işdə 10 ildən 15 ilə kimi cəza istənildiyi halda o müttəhimlərin gənc olduqlarını, əvvəllər məhkum olunmadıqlarını, üstəlik Səid Nuriyevin səhhətini nəzərə alıb yüngül cəza istəyib.


Dövlət ittihamçısının sözlərinə görə, «Yeni Fikir»çilər hakimiyyəti zorla ələ keçirməkdən ötrü 2005-ci ilin parlament seçkisindən az sonra əhalini onun nəticələrinin saxta olduğuna inandırmalı, kütləvi iğtişaşlar təşkil etməliymişlər. Seçkinin ertəsi günü qarışıqlıq yaratmaq üçün bir neçə ay əvvəldən təşkilata idmançı gənclər cəlb etməliymişlər. Onlar da polislə qarşıdurmada iştirak etməli, inzibati və hökumət binalarının ələ keçirilməsinə kömək göstərməlyimişlər. Bundan başqa, gənclər hakimiyyəti ələ keçirmək üçün Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda da ittiham olunurlar. İttiham tərəfi bunu sübuta yetirməkdən ötrü əsas kimi yerli televiziyalarda nümayiş etdirilmiş videokasseti və şahid ifadələrini əsas götürürlər. Həmin kasetdə Ruslan Bəşirli ermənilərin Azərbaycan torpaqlarını işğal etdiklərini deməklə yanaşı, qonşu dövlətlə iqtisadi əməkdaşlığın, hətta neft layihələrinə cəlb olunmasının mümkünlüyünü bildirir. Ruslan Bəşirli iyulun 10-da son çıxışında həmin kasetin montaj olunduğunu, hətta kompüter qrafikasından istifadə etməklə onun demədiyi sözlərin əlavə olunduğunu bir daha bildirdi. Dövlət ittihamçısı isə təşkilat sədrinin bu fikrinin ekspertiza zamanı sübuta yetirilmədiyini söylədi. Amma əlavə etdi ki, kaset montaj olunmasa da, bəzi kəsintilər var. Bunu da Ermənistanın xüsusi xidmət orqanları həyata keçiriblər.


Vəkil Osman Kazımovsa məhkəmə istintaqının ittihamı sübuta yetirə bilmədiyi qənaətindədir. O deyir ki, həmin kaset çəkiləndən 20-30 dəqiqə sonra Ruslan Bəşirli ilə bu danışıqlarda iştirak etmiş Osman Əlmuradova verilibsə, qısa müddətdə bir kasetdə 24 yerdə montaj və ya dövlət ittihamçısının söylədiyi kimi kəsinti aparmaq mümkün deyil. İkincisi, qonşu dövlətin hüquq mühafizə orqanları əməkdaşlığa cəlb etdiyi şəxsi niyə zərbə altına qoymalı və ya çəkdiyi kaseti onları verməliydi? Vəkil düşünür ki, bu sadəcə, üç ölkənin Azərbaycan, Gürcüstan və Ermənistan təhlükəsizlik orqanlarının birgə keçirdiyi əməliyyatdır.


Osman Kazımov onu da vurğulayır ki, «Yeni Fikir»çilərin xarici kəşfiyyat orqanları ilə əməkdaşlığı sübuta yetirilsə belə, onlar dövlət çevrilişinə cəhddə ittiham oluna bilməzlər. Onlar sadəcə, CM-nin 274-cü maddəsiylə casusluqda ittiham oulnmalıydılar. Vəkil məhkəmə istintaqının bu məqamın üstündən sükutla keçməsini yenə də siyasi məqsədlə bağlayır.


İyulun 10-da bütün vəkillər ittihamlar sübuta yetirilmədiyindən «Yeni Fikir»in hər üç üzvünə bəraət verilməsini istədilər. Dövlət ittihamçısı isə onların dövlət çevrilişinə cəhd göstərdiklərini sübuta yetirildiyini bildirdi və təşkilatın sədri Ruslan Bəşirliyə 7 il, onun müavinləri Ramin Tağıyevə 5 il, Səid Nuriyevə 3 il şərti cəza istədi.


«Yeni Fikir» GT-nin sədri Ruslan Bəşirli isə məhkəmənin qərarı ədalətli olmasa aclıq aksiyasına başlayacaqlarını söyləyib. Təşkilatın sədr müavini Səid Nuriyev: «Biz sonadək mübarizə aparacağıq. Bizim siyasi məhbus olduğumuz beynəlxalq qurumlarda şübhə doğurmur və tezliklə həmkarlarım azad olunacaqlar».


«Yeni Fikir» Gənclər Təşkilatı ötən il parlament seçkiləri ərəfəsində Müsavat, AXCP, ADP-nin yaratdığı «Azadlıq» blokunun mitinqlərində fəallığı ilə seçilirdi. Ötən il avqustun 4-də onlar hakimiyyəti zorla ələ keçirməyə cəhddə və qanunsuz sahibkarlıqla məşğul olmaqda ittiham olunaraq həbs olunublar.


XS
SM
MD
LG