Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:22

Vəkillər Fərhad Əliyevə qarşı ittihamların mücərrəd səsləndiyini söyləyirlər


Ekspertlər düşünür ki, sabiq nazir aclığa başlamaqla beynəlxalq qurumların, diplomatik korpusun diqqətini cəlb etməyə çalışır
Ekspertlər düşünür ki, sabiq nazir aclığa başlamaqla beynəlxalq qurumların, diplomatik korpusun diqqətini cəlb etməyə çalışır

İyulun 6-dan aclıq aksiyasına başlayan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev istintaqın gedişində narazıdır. Onun vəkillərindən biri Adil İsmayılovun sözlərinə görə, keçmiş nazir dövlət əmlakını mənimsəməkdə, kütləvi iğtişaşlar törətməkdə və hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunsa da, bunların heç biri sübuta yetirilməyib. «İttiham edirlər ki, Fərhad Əliyev dövlət əmlakını mənimsəyib. Nə mənimsəyib, nə qədər mənimsəyib, hansı yolla mənimsəyib, bilinmir. Dövlət əmlakını mənimsəməyin də formaları var, külli miqdarda, xeyli külli miqdarda və s…»


Vəkillər bu ittihamların çox mücərrəd səsləndiyini söyləyirlər. Keçmiş nazirin digər vəkili Elton Quliyevsə deyir ki, 9 ayda onlara bir sübut təqdim olunmayıb.


Adil İsmayılov: «Hərdən öz-özümə deyirəm ki, mən nə ilə məşğulam? 9 ayda istintaq məni 9 dəfə çağırmayıb. Gücümüz vəsatət qaldırmağa çatır».


Amma istintaqı aparan Respublika Prokurorluğu vəkillərin və Fərhad Əliyevin iradları ilə razılaşmır. Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyevin sözlərinə görə, hüquq-mühafizə orqanları da istintaqın tez zamanda başa çatmasını istəyir: «İntensiv istintaq hərəkətləri aparılır. Əhəmiyyət kəsb edən halların tam araşdırılması üçün vaxt tələb olunur».


Fərhad Əliyev 48 saatlıq aclıq aksiyasına başlamaqla ictimaiyyətin diqqətini prosesə cəlb etmək istəyir. Yəni bu, xəbərdarlıq aksiyasıdır. Vəkil Adil İsmayılov bildirir ki, sabiq nazir birinci dəfə aclıq etdiyindən müddət qoyublar. Əgər faydası olmasa müddətsiz aclığa başlanacağı da istisna olunmur.


Vəkil Elton Quliyevsə narahatdır ki, bu aksiya sabiq nazirin səhhətində ciddi problemlər yarada və arzuolunmaz nəticələrə səbəb ola bilər. Vəkil hesab edir ki, onun yaxınlarına olan təzyiqə son qoyulması və istintaqa etirazını çatdırmaq üçün başqa yolu qalmayıb və çarəsizlikdən bu addıma əl atıb. Hərçənd vəkillər bütün məhkəmə instansiyalarına müraciət etdiklərindən bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə də üz tuta bilərlər. Sadəcə, Fərhad Əliyev bütün problemlərin ölkə içində həll olunmasını istədiyindən bu addım yubanır.


Amma müşahidəçilərdən Fərhad Əliyevin 48 saatlıq aclığına ölkə rəsmilərinin reaksiya verəcəyinə inananlar azdır. Hərçənd elmi-praktik hüquq mərkəzinin əməkdaşı Mahmud Hacıyev deyir ki, məqsəd yalnız ölkə başçısına və ya prokurorluğa mesaj vermək deyil. Sabiq nazir aclığa başlamaqla beynəlxalq qurumların, diplomatik korpusun diqqətini cəlb etməyə çalışır: «Bu bir növ hakimiyyətə xəbərdarlıq ola bilər. O indiyə kimi istintaqa ifadə verməməklə aksiya keçirirdi. İndi isə aclığa əl atıb».


Hüquq müdafiəçisi Çingiz Qənizadə isə adətən belə aksiyaların nəticəsiz qaldığını deyir. Ona görə də sabiq nazirin aclığı diqqətdən kənarda qala bilər. Mahmud Hacıyevsə bununla razı deyil. O, hesab edir ki, Fərhad Əliyev nə Müstəqil Azərbaycan Universitetinin tələbəsidir, nə də jurnalistdir. Ona görə də bu aksiyaya açıq reaksiya olmasa da, münasibət bildiriləcək.


XS
SM
MD
LG