Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Bəzi ekspertlər «AMAY»ı hakimiyyətdaxili qruplaşmanın qurbanı hesab edirlər


«AMAY» Ticarət Mərkəzi, Bakı, 7 iyul 2006
«AMAY» Ticarət Mərkəzi, Bakı, 7 iyul 2006

Metronun «Gənclik» stansiyası yaxınlığında yerləşən «AMAY» Ticarət Mərkəzini sökməyə başlayıblar. Onun yerləşdiyi ərazidə idman kompleksinin tikiləcəyi bildirilir. Ticarət obyektini şəhərin müxtəlif yerlərinə köçürmək barədə məlumatlar yayılır.


Hazırda mərkəzin bir hissəsində alış-veriş gedir, amma digər hissəsində mağazalar sökülür. Sahibkarlar və satıcılar köç əhval-ruhiyyəsindədirlər, həm alver edib alıcını yola salır, həm də yır-yığış edirlər. Əksər geyim mağazalarında isə qiymətlər nəzərəçarpacaq şəkildə aşağı düşüb. Bunu mağaza sahibləri belə izah edirlər: «Bizi köçürdürlər. Bilmirik, nə olacaq. İki il lazımdır ki, müştəri yığaq. Mövsüm də gedir, paltarlar əlimizdə qalıb, gərək sataq ki, heç olmasa mayanı çıxaraq».


Sahibkarların əksəriyyəti köçürülməklərindən narazıdırlar və bizneslərini yenidən uğurlu qura bilməyəcəklərindən narahatdırlar. Amma təxminən iki il bundan əvvəl olduğu kimi, aksiya keçirib etiraz etmək istəmirlər. Onlar deyirlər ki, etirazın heç bir faydası olmayacaq.


Mərkəz üçün metronun «Xətai» stansiyasının yaxınlığında yer ayrılıb. «AMAY»ın baş mühəndisi Sabir Nəcəfov deyir ki, yeni tikilən mərkəzdə mağazaların çoxu artıq hazırdır: «Bəzi sahibkarlar artıq köçüb də. Kim ki, köçmək istəmir, onun vaxtilə mağaza üçün ödədiyi pulu özünə qaytarılır». Cənab Nəcəfov ümid edir ki, bu dəfə köçəcəkləri yerdən kimsə onları tərpətməyəcək.


Amma sahibkarlar deyirlər ki, burdakı müştərilərini illərlə yığıblar, tanınıblar və həm də indiki yerləri şəhər sakinlərinə alış-veriş üçün daha əlverişliydi. Bəziləri yeni məkanda işləməyə razılıq versə də, digərləri başqa yerlərdə özünə yer axtarırlar.


Bəs mağazaları sökülən sahibkarlara kompensasiya veriləcəkmi? Sahibkarlara faktiki işsiz qaldıqları müddətdə heç bir kompensasiya ödənilməyəcək və onlar da heç yerə şikayət etmək niyyətində deyillər.


Bəzi ekspertlər hesab edirlər ki, «AMAY» hakimiyyətdaxili qruplaşmanın qurbanıdır. Məsələn, iqtisadçı Azər Mehtiyev hesab edir ki, Azərbaycanda orta və iri sahibkarlıq siyasi elitaya bağlıdır. Siyasi elita dəyişəndə, biznes müstəvisində də yerdəyişmələr, mövqe zəifləmələri olur. Cənab Mehtiyevin fikrincə, Azərbaycanda sağlam biznes mühiti olmadığından əhali də dövlətlə sahibkar arasında problemlər yarananda kimin haqlı, kimin haqsız olduğunu bilmir.


İqtisadi İnkişaf Nazirliyindən bildirirlər ki, «AMAY»ın sökülməsinə qarışmırlar, elə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti də bu məsələnin onlara heç bir aidiyyəti olmadığını deyir.


XS
SM
MD
LG