Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:18

Sığorta şirkətləri ilə fermerlərin iş birliyi niyə alınmır?


Fermerlər ümid edir ki, hökumət nə vaxtsa problemdən çıxış yolu tapacaq və onlar da təbii fəlakətlərin girovuna çevrilməyəcəklər
Fermerlər ümid edir ki, hökumət nə vaxtsa problemdən çıxış yolu tapacaq və onlar da təbii fəlakətlərin girovuna çevrilməyəcəklər

Azərbaycanda sığorta sistemi çox zəifdir, kənd təsərrüfatında isə, demək olar heç yoxdur. Təbii ki, sığorta şirkətləri də var, məhsulunu dəyərləndirən kəndli də. Amma onların iş birliyi niyə alınmır?


Gədəbəyli sahibkar Asya Məmmədova deyir ki, əkin-bicin vaxtı bol məhsul götürmək ümidiylə işə başlayırlar, amma həmişə onları bir təhlükə addım-addım izləyir: birdən quraqlıq olsa, ya əkini dolu döysə, haraylarına kim çatacaq? Dəyən ziyanı kim ödəyəcək? Xanlar rayonunda yaşayan fermer Suliddin Mahmudov da bildirir ki, quraqlıq olanda və ya sel əkini aparanda köməklərinə kimsə çatmır: «Ziyana düşürük. Kənd təsərrüfatı riskli sahədir. Təkcə taxılçılıq yox, aqrar sahənin bütün sahələri sığorta olunmalıdır».


Cənab Mahmudovun fikrincə, fermerlər təbii fəlakətlərdən qorunmaq üçün təsərrüfatlarını sığorta etdirməyin qayğısına qalmalıdırlar. Bəzi vaxtlar əkini sel apardığından, dolu vurduğundan və ya il quraqlıq keçdiyindən məhsul götürə bilməsələr də, Xanlar rayonunda heç bir fermer öz təsərrüfatını indiyədək sığorta etdirməyib.


Şəmkir Fermerlər Birliyinin sədri İbrahim İbrahimovun sözlərinə görəsə, sığorta şirkətlərinin təklif etdiyi şərtlər ağırdır, onsuz da təsərrüfatın saxlanmasına, əkin-biçinə kifayət qədər çox xərc çəkən fermer sığortaya yüksək faizlə pul ödəyə bilmir: «Sığorta şirkətləri fermerlərə yaxın gəlmir. Halbuki bütün dünyada, fermer öz təsərrüfatını sığorta edib, sonra arxayın işinə başlayır. Gərək məhsul sığorta olunsun. Bunun üçün də sığorta şirkətinin təmsilçiləri ilə fermerlər bir masa arxasında oturub razılığa gəlməlidirlər».


Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin fikrincəsə, aqrar sektorun riskini azaltmaq üçün hökumət də sığorta şirkətini güzəştli sistem tətbiq etməklə həvəsləndirməli, fermerlərə dəyən ziyanın ödənilməsi mexanizmini hazırlamalıdır.


«Azərdövlət» Sığorta Şirkəti sədrinin birinci müavini Aftandil Hacıyev isə, düşünür ki, onların təklif etdiyi qiymətlər elə də yüksək deyil. Çünki kənd təsərrüfatı sahəsində risk böyükdür: «Mütəxəssislər hesablayıblar ki, 5 ilin 2 ili məhsuldar olursa, 2 ili təbii fəlakət baş verir, 1 il də orta səviyyədə məhsul götürmək olur. Buna görə də sığorta şirkətləri üçün aqrar sahəni sığorta etmək risk tələb edir».


Cənab Hacıyev bildirir ki, onlar 1 ha. sahədən əldə ediləcək məhsulun dəyərinin 5 faizi qədər sığorta haqqı alırlar, məhsul məhv olarsa, dəyən ziyanı tam ödəyirlər. Ancaq o, Azərbaycanda aqrar sahənin sığortadan kənarda qalmasını təkcə risk ehtimalına və yüksək qiymətlərə bağlamır. «Azərdövlət» Sığorta Şirkəti rəsmisinin fikrincə, fermerlər öz təsərrüfatlarını sığorta etməyə maraq göstərmirlər.


Aftandil Hacıyev deyir ki, hökumət aqrar sahəni sığortaya cəlb etmək üçün güzəştli sistem tətbiq edir, belə ki, taxıl strateji məhsul sayıldığından taxılçılıqla məşğul olan fermer öz sahəsini əlverişli qiymətlərlə sığorta edə bilər.


Taxılçılıqla məşğul olanlar arasında sığorta şirkətlərinə müraciət edənlərin sayı isə, barmaqla sayılacaq qədərdir. Aftandil Hacıyev deyir ki, sığorta ilə bağlı fermerlər arasında maarifləndirmə işlərini şirkət özü aparmalıdır. Gədəbəyli fermer Asya Məmmədova isə, ümid edir ki, hökumət nə vaxtsa bu problemlərin çarəsini tapacaq və onlar da təbii fəlakətlərin girovuna çevrilməyəcəklər.


XS
SM
MD
LG