Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:32

AŞ PA-nın iyun sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ salına bilər


Andreas Qross, Bakı, 28 may 2006
Andreas Qross, Bakı, 28 may 2006

Andreas Qross «Azadlıq» radiosuna deyib ki, məruzə üzərində iş gedir və onların Bakıda verdikləri bəyanatlar qüvvəsində qalır


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyun sessiyasında Azərbaycandakı təkrar parlament seçkiləri ayrıca müzakirə mövzusu olmayacaq. Ancaq sessiyanın gündəliyinə Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri yerinə yetirməsinə dair xüsusi məruzənin müzakirəyə çıxarılması istisna edilmir. AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross bu hesabat üzərində iş getdiyini deyir. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidovsa hesabatın qurumun payız sessiyasına da qala biləcəyini deyir: «Həmməruzəçilər Azərbaycanda olub. Azərbaycan monitorinq altında olduğuna görə, onlar mütəmadi olaraq məruzə hazırlayıb, sessiyaya təqdim edirlər. Məruzə hazır olsa, iyun sessiyasına, hazır olmasa, sentyabr sessiyasına çıxarılacaq. AŞ PA Monitorinq Komitəsinin iclası iyunun 6-da Parisdə olacaq, həmin iclasdan sonra bu barədə konkret fikir demək mümkündür».


Amma həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri necə yerinə yetirməsi barədə məruzə hazırlayırlar, seçkilərə dair hesabatı isə Şuranın Müşahidə Missiyasının rəhbəri Leo Platvoet verib. Səməd Seyidovun bildirdiyinə görə, mayın 29-da Moskvada AŞ PA-nın Daimi Komitəsinin iclasında cənab Platvoetin hesabatı qəbul olunub. Və seçki məsələsi AŞ PA-nın gündəliyində olmayacaq.


Azərbaycanın öz öhdəliklərini necə yerinə yetirməsi barədə hesabat hazırlayan həmməruzəçilərdən Andreas Qross isə «Azadlıq» radiosuna deyib ki, məruzə üzərində iş gedir və onların Bakıda verdikləri bəyanatlar qüvvədə qalır. Həmməruzəçilər Bakıda demişdilər ki, Azərbaycan iyun sessiyasında heç də yanvar sessiyasından az tənqid olunmayacaq.


Azərbaycana dair hazırlanan xüsusi məruzədə həm bu ölkənin Avropa Şurası qarşısında öhdəliklərini necə yerinə yetirməsi, həm də siyasi məhbuslar məsələsi əks olunacaq.


XS
SM
MD
LG