Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:35

Demokratiya neftin qurbanına çevrildi?


Prezident İlham Əliyev "Mərkəzi Azəri" platformasında, 18 fevral 2005
Prezident İlham Əliyev "Mərkəzi Azəri" platformasında, 18 fevral 2005

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, neft qurtarandan sonra Azərbaycan maraq dairəsindən çıxıb ucqar bir ölkəyə çevrilə bilər


Azərbaycanda neft amilinə görə, insan haqları və demokratiyanın arxa plana keçməsi barədə fikirlər ilk dəfə deyil ki, səslənir. Bir müddət əvvəl Vaşinqtondakı Con Hopkins Universitetinin eksperti Svante Kornel «Azadlıq» radiosuna müsahibəsində demişdi ki, Amerika prezidenti Corc Buşun İlham Əliyevlə görüşündən sonra demokratiya məsələsi bir müddət tarixə köçəcək. Cənab Kornel bunu Birləşmiş Ştatların hazırda Azərbaycanla strateji işbirliyində marağıyla izah etmişdi.


Əvvəllər bu cür bəyanatları ayrı-ayrı ekspertlər səsləndirirdisə, indi artıq AŞ PA həmməruzəçisi Andreas Qross dolayısıyla deyir ki, Azərbaycan hökuməti neft gəlirləri səbəbindən insan haqlarını kiçiltmək siyasəti tutur: «Belə başa düşürəm ki, hakimiyyətin ətrafında olan varlı insanlar neft gəlirləri olduğu halda, uzunmüddətli inkişaf haqqında düşünmürlər. Amma insan hüquqlarını kiçiltmək düzgün siyasət deyil. Aydındır ki, neftin bahalaşması və prezident Buşun nəhayət ki, Azərbaycan prezidenti ilə görüşməsinə arxayın olaraq hökumətin bizə münasibəti dəyişib».


Hakim YAP-dan millət vəkili Aydın Mirzəzadə belə bəyanatları əsassız sayır: «Azərbaycan hökuməti üçün həm insan haqlarının, demokratik prinsiplərin, həm də iqtisadi artımın cəmiyyətdə bərqərar olması vacibdir. Nə demokratiyanı iqtisadi inkişafsız, nə də iqtisadi inkişafı demokratiyasız təsəvvür etmək mümkün deyil. Demokratiya məqsəd deyil, vasitədir. Həmin vasitə ilə iqtisadi inkişafa, insanların sosial rifahının yaxşılaşdırılmasına nail olmaq hər bir hökumətin vəzifəsidir». Cənab Mirzəzadənin fikrincə, Azərbaycanda demokratik mühit sahibkarlığın inkişafına, qeyri-neft sektorunun irəliləyişinə, xarici sərmayələrin artımına gətirib çıxarıb.


Politoloq Zərdüşt Əlizadənin fikrincə isə, Qərbin ikili standartları Azərbaycanda Dağlıq Qarabağ münaqişəsində olduğu kimi, demokratiya məsələsində də özünü göstərir. Yəni Qərb bu məsələdə barışdırıcı mövqe tutur, buna səbəbsə geosiyasi maraqlardır: «Azərbaycan Amerikaya İrana qarşı fəaliyyət üçün baza verir, Qərbin neft-qaz oyunlarında iştirak edir, buna görə də onun bütün günahlarından keçirlər. Əvvəllər rüşvət verə-verə Siyasi Büroya qədər yüksəlmişdilər, indi də Qərbə Azərbaycan neftindən, ölkənin milli maraqlarından rüşvət verə-verə yüksəlirlər».


Cənab Əlizadə eyni zamanda Azərbaycanda demokratiya, insan haqları məsələlərində əsas məsuliyyəti Qərb dövlətlərinin deyil, Azərbaycan cəmiyyətinin - ziyalı və müxalifətçilərin daşıdığını deyir.


O ki qaldı ölkədə belə vəziyyətin nə qədər davam edəcəyinə, Zərdüşt Əlizadə bunun bəzi səbəblərini açıqlayır: «Neft qurtarandan sonra Azərbaycan maraq dairəsindən çıxıb ucqar bir ölkəyə çevriləcək. Yaxud əgər İran Qərbə meyllənsə, Azərbaycanın əhəmiyyəti sıfıra bərabər olacaq».


Hakim YAP-dan millət vəkili Aydın Mirzəzadə isə deyir ki, ölkə daxilində gedən proseslər bu dövlətin daxili məsələsidir, hansısa bir ölkənin Azərbaycanın daxili işlərinə qiymət verməsinə ehtiyac yoxdur.


AŞ PA-nın iyun sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini necə yerinə yetirməsi barədə hesabat müzakirəyə çıxarılacaq. Yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatı ayrıca müzakirə olunmuşdu. Ancaq mandat təsdiqlənsə də, Azərbaycana iyun sessiyasınacan vaxt verilmişdi. Həmməruzəçilər Andreas Qross və Andres Herkelsə bu fikirdədir ki, iyun sessiyasında vəziyyət yanvar sessiyasında olduğundan az tənqid olunmayacaq.


XS
SM
MD
LG