Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:34

Bayden Zelenskini Ağ Evə dəvət edir


ABŞ prezidenti Co Bayden (solda) və Ukrayna prezidenti Volodimir Zelenski (Fotokollaj)
ABŞ prezidenti Co Bayden (solda) və Ukrayna prezidenti Volodimir Zelenski (Fotokollaj)

Ağ evin sözçüsü “Axios”a deyib ki, administrasiya Ukrayna ilə konsultasiyanı davam etdirir, eyni zamanda Almaniyaya təsir göstərir ki, “Şimal axını 2-nin Ukraynaya və Avropanın enerji təhlükəsizliyinə yaratdığı riskləri yoluna qoysun”

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iyunun 7-də jurnalistlərə bildirib ki, prezident Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbətində onu Ağ Evə dəvət edib.

Bayden deyib ki, Zelenskini Ağ Evdə salamlamaqdan məmnun olardı.

Müşavirin sözlərinə görə ABŞ prezidenti söhbət zamanı Ukraynanın suverenliyini dəstəklədiyini bir daha təsdiqləyib.

Reuters agentliyi Ukrayna prezidentinin müşavirinə istinadən yazır ki, Bayden və Zelenski telefon söhbəti zamanı ABŞ prezidentinin Vladimir Putinlə iyunun 16-a təyin edilmiş görüşündən əvvəl Vaşinqton və Kiyevin mövqelərini bir daha koordinasiya ediblər.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə sammitindən öncə onunla görüşmək istədiyini demişdi.

Zelenskinin niyyəti Birləşmiş Ştatların Şimal axını-2 qaz kəmərinə sanksiyaları qaldırmaqla bağlı qərarını müzakirə etməkdir.

ABŞ-ın “Axios” xəbər vebsaytına müsahibəsində Zelenski deyib ki, Baydeni kəməri dayandırmağa inandırmaqdan ötrü onunla “istənilə an planetin istənilən yerində görüşmək” istərdi.

“Real silah”

“Bu, Rusiya Federasiyasının əlində silah, real silahdır… Bu silaha güllələrin Birləşmiş Ştatlar kimi böyük ölkə tərəfindən verilə biləcəyi… çox da anlaşılan deyil”, – iyunun 4-də “Axios”a videokonfrans vasitəsilə danışan Zelenski söyləyib.

Tamamlanmaq üzrə olan “Şimal axını 2” kəməri Baltik dənizinin dibiylə Rusiyadan Almaniyaya çəkilir. Bu kəmər, ərazisindən qaz tranziti haqlarından asılı olan Ukraynadan yan keçir.

Konqresin bir çox üzvləri kəmərə qarşı çıxıb, onun Avropanı Rusiyadan enerji təchizatından asılı duruma salacağını deyiblər.

Amma ABŞ-ın dirənişinə baxmayaraq, Almaniya hökuməti layihəni dayandırmaqdan imtina edib, onun kommersiya layihəsi, suveren məsələ olduğunu bildirib.

Putinin iyunun 4-də bildirməsinə görə, kəmərin sualtı hissəsinin Almaniya ərazisindəki hissəyə birləşdirilməsindən ötrü hələ iş görülməlidir. Rusiyanın Gazprom enerji şirkəti “Şimal axını 2-ni qazla doldurmağa hazırdır”, – o, sözlərinə əlavə edib.

“Birbaşa siqnallar”

Putinin bəyanatından iki həftə öncə isə Bayden administrasiyası kəmərə sanksiyaları dayandırmağa qərar verib, layihənin tamamlanmağa yaxın olduğunu, Almaniya kimi Avropa müttəfiqləri ilə yaxşı münasibətlərin vacibliyini vurğulayıb.

Dövlət Departamentinin məlumatına görə, kəməri çəkən Rusiya şirkəti və onun almaniyalı baş icraçı direktoru, Putinin müttəfiqi Matias Varniq sanksiya tətbiq ediləsi fəaliyyətlə məşğul olublar. Amma sanksiyalar ABŞ-ın milli marağına zidd olduğu üçün dayandırılıb, qurum bildirib.

Baydenin qərar açıqlanandan sonra jurnalistlərə deməsinə görə, sanksiyalar ABŞ-Avropa münasibətlərinə əks-təsir göstərər. “Bu o demək deyil ki, mən Almaniyaya nəyisə edib etməməyi deyə bilərəm”, – o vurğulayıb.

Zelenski “Axios”un iyunun 6-də dərc etdiyi müsahibədə deyir ki, sanksiyaların dayandırılması xəbəri açıqlanmazdan öncə Bayden ona ABŞ-ın kəməri bloklamağa hazır olması haqda “birbaşa siqnallar” verib.

Zelenskinin sözlərinə görə, o, qəzəb hissini arxada qoyub, indiki hissini məyusluq adlandırardı.

“Bayden siyasətdə Maykl Cordandır”

Ağ evin sözçüsü isə “Axios”a deyib ki, administrasiya Ukrayna ilə konsultasiyanı davam etdirir, eyni zamanda Almaniyaya təsir göstərir ki, “Şimal axını 2-nin Ukraynaya və Avropanın enerji təhlükəsizliyinə yaratdığı riskləri yoluna qoysun”.

Bayden iyunun 16-da Cenevrədə Putinlə görüşəndə “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edəcək”, sözçü deyib.

Zelenski Baydenin kəməri hələ də dayandıra biləcəyi haqda “müsbət” düşündüyünü deyib. “Mən hələ də inanıram ki, Bayden siyasətdə Maykl Cordandır”, deyə o, ABŞ-ın basketbol ulduzunun adını çəkib. Yəni, o, opponentlərini “yalançı qələbə hissinə inandıra”, sonra isə “son məqamda qələbəni ələ keçirə bilər”.

Zelenski Baydenin dəstəyini qiymətləndirdiyini deyib. Ancaq onu da əlavə edib ki, “Şimal axını 2” qərarı ukraynalıların Birləşmiş Ştatlara “bəslədiyi inamı qıra bilər”.

“Bu şəraitdə belə bir hiss yaranır ki, Rusiyanın Birləşmiş Ştatları üstələməyə böyük şansı olacaq”, – o vurğulayıb.

XS
SM
MD
LG