Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:27

Xədicə İsmayılın məhkəmədə son sözü


Xədicə İsmayıl
Xədicə İsmayıl

.

Prokuror avqustun 31-də keçirilən məhkəmə iclasında araşdırmaçı jurnalist Xədicə İsmayılın son söz deməsinə imkan verməyib.

Hakim Ramella Allahverdiyeva son sözlə çıxış edən jurnalistin sözünü kəsərək "mahiyyəti üzrə danışmadığını" bildirib.

Buna baxmayaraq jurnalist çıxışına davam edib.

Amma hakim ona 3 dəfə çıxışın məzmununa görə xəbərdarlıq edib. Sonda isə jurnalistin çıxışın bitirməsinə imkan verməyib.

Hakim jurnalistin çıxışını kəsdikdən sonra hökm üçün müşavirəyə gedib. Onun hökmü sentyabrın 1-də, ya da 2-də elan edəcəyi gözlənir.

***

Xədicə İsmayılın son sözü:

"Hörmətli proses iştirakçıları, məhkəmə heyəti, zorən bu prosesin müşahidəçilərinə çevrilib, məhkəməyə maraq göstərən ictimaiyyətin zala daxil olmağını əngəlləmək üçün kürsüləri dolduranlar!

Sizin bu ekspress məhkəmə prosesindən çıxardığınız nəticə nədir, bilmirəm, mənim qənaətim budur ki, repressiya maşını çökmək üzrədir. Əlbəttə, bunu neft bazarındakı çöküşün effekti kimi də qiymətləndirə bilərik, amma başqa səbəblər də var. Səbəbin biri bizik!

Azərbaycan hüquq-mühafizə sisteminin cinayət olmayan yerdə onu uydurmaq qabiliyyəti çoxlarına məlumdur. Amma bu ölkənin vicdanlı vətəndaşları və vicdanlı jurnalistləri (bu prosesi işıqlandırmaq əvəzinə prokurorluğa mirzəlik edənləri nəzərdə tutmuram, əlbəttə ki), hüquq müdafiəçiləri Azərbaycanın məhkəmə-hüquq prosesinin biabırçılıqlarını illər boyu ustalıqla ifşa edərək, repressiya maşınını daha biabırçı yollarla öz əməllərini ört-basdır etməyə məcbur etdilər. Yalanlarının üstü açıldıqca daha çox yalan danışmağa məcbur olan dələduzlar kimi prokurorluq işçiləri və məhkəmə də qanunsuzluqların üstü açıldıqca daha çox saxtakarlığa, daha çox qanunsuzluğa əl atmalı oldular.

Bu proses ilk növbədə prokurorluq, vergi işçilərinin aldıqları paket maaşları doğrultmadığı, onlara qanunsuz verilən imtiyazlar müqabilində düz-əməlli şərləmə işi düzüb-qoşa bilmədiyini ortaya qoydu.

Bəli, böhtan və şər də qabiliyyət istəyir. İnsanların iradəsini sındıraraq, savadsızlığından, psixoloji durumundan, qorxusundan istifadə edərək imza atdırdıqları ifadələr belə mənə qarşı açılan cinayət işi üçün kifayət qədər əsas vermirdi, üstəlik, məhkəmə istintaqı zamanı o ifadələrin hər birinin qanunsuz yollarla, təzyiqlə alındığı, yaxud, oxunmadan imza atdırmaqla saxtalaşdırıldığı, bəzən isə imzalarının belə saxtalaşdırılaraq, ifadələrə əlavələr edildiyi ortaya çıxdı. Şahidlərdən birinə hələ rüşvət də təklif olunmuşdu. Nə gündəsiniz! Saxtakarlığın ən ucuz variantlarından istifadə edərək mənə qarşı tikilən iş elə özü-özünün ifşası idi, odur ki, mən vəkillərimin dediklərindən əlavə bu məsələləri uzun-uzadı təsvir etməyəcəyəm.

ONLAR SİZİN ETİMADINIZI DOĞRULTMURLAR, CƏNAB PREZİDENT

Onsuz da vergi müfəttişləri suallara cavab verərkən çox faktlar üzə çıxdı:

Mənim imzam olan bircə sənəd belə görmədiklərini dedilər.
Yalnız prokurorluğun onlara verdiyi sənədlərə baxdıqlarını qeyd etdilər.
Elektron sənədlərə, nümayəndəliyin idarəetməsi ilə etibarnamə əsasında məşğul olan Yəhya Mirzəyevin kompüterindəki sənədlərə baxmadıqlarını, elektron daşıyıcılardakı heç bir sənədi gözdən keçirmədiklərini bildirdilər.
Sənədləri almaq üçün nümayəndəliyin rəsmi nümayəndəsinə müraciət etmədən Aralıq Aktı hazırladıqlarını: Aralıq Aktında iddia olunan pozuntuları əllərində olan sənədlərlə deyil, olmayan sənədlərlə ehtimal etdiklərini dedilər.

Prokurorluğun hansı dərəcədə çarəsiz olduğunu özüm üçün qətiləşdirməkdən ötrü bir oyun oynadım. Prokurorluğa yanlış bir pas atdım. Tural Mustafayevlə dostluğumuzun (bəli, bizim zərərçəkənlə münasibətlərimizin başqa adı və forması olmayıb) onun Cəmil Həsənlinin Sabirabad mitinqində döyülməsindən sonra hüquqlarını tələb etməsini müzakirəmizlə başladığını dedim.

Tural Mustafayev
Tural Mustafayev

Prokuror da həmin tarixi ittiham nitqinə salaraq, guya detallı araşdırma aparıb. Hansısa faktı üzə çıxardığını göstərmək istədi.

Xədicə İsmayılın məhkəməsi haqqında hər şeyi burada oxu:
Məhkəmədə baş verən hər şey detalları ilə burada
Xədicə ismayılın araşdırmaları və həbsi haqda bütün məlumatlar ayrıca səhifədə

Həmin gün T.Mustafayevlə ünsiyyətimizin coğrafiyasının AzadlıqRadiosunun ofisi ilə məhdudlaşdığını araşdırmaq və öyrənmək çətin deyildi. Mustafayevin telefonunun anten məlumatları prokurorluqda vardı. İşin içində də var, hətta mənə də verilib. Axı bundan ötrü işləmək, sənədlərə baxmaq lazım idi.

Prokurorluq əməkdaşlarının isə vaxtı yoxdur. Onlara saxtakarlıqlar və şərləmələr müqabilində verilən pulları xərcləmək üçün də vaxt lazımdır axı. Odur ki, prezidentin bu repressiya maşınına xərclədiyi pulun effektivliyini yoxlaması lazımdır. Onlar sizin etimadınızı doğrultmurlar, cənab prezident.

Şahid ifadələri bir-birinin ardınca ifşa olunduqca prokurorluq özünün düzüb qoşduğu işin materiallarının məhkəmədə tədqiq olunmamasına qərar verdi. Çünki məhkəmədə hamının gözü qarşısında onlara bu işlə bağlı sifariş verənlərə necə «atdıqları» üzə çıxırdı.

Mətbuata ötürdükləri seçmə ifadələr prokurorluğun sifarişçiyə hesabat cəhdi idi, amma yenə olmadı. Keyfiyyətsiz saxtakarlıq məhkəməni daha çox qanun pozmağa vadar etdi və əminəm ki, Ramella xanım və onun rəhbərliyi sifarişçiyə - Prezident Administrasiyasına prokurorluğun yarıtmaz işinin onları saldığı çətin durumdan şikayətlərini artıq çatdırıblar. Əminəm deyəndə ki, bilirəm.

YENİ BİR ŞEY FİKİRLƏŞMƏYƏ GÜCLƏRİ ÇATMADI. FİLMDƏN OĞURLADILAR

İndi istərdim, mənə qarşı irəli sürülən ittihamlar üzrə danışım.

Məhz bu maddələrin seçilməsi təsadüfi deyildi. Axı mən bu maddələrdə təsvir olunan cinayətlər haqda çox danışmışam, çox yazmışam.

125-ci maddə barədə çox danışmayacağam. Ölkəni kasıblıq, kredit borcu, polis zorakılığı ucbatından intihar dalğası bürüdüyünü yazan və deyən tək mən deyildim. Tural Mustafayevin də intihara cəhdinin səbəbi nişanlısı ilə problemləri yox, işsizlik idisə, o zaman əvvəl məhkəmədə dediyim kimi, İlham Əliyev də mənimlə müttəhim kürsüsünü bölüşməli idi. Çünki Mustafayev hökumətyönlü mediada iş tapa bilməməsindən də şikayətlənirdi. Əlbəttə ki, Mustafayevin özünün dediyi kimi bütün bunlar böhtandan başqa bir şey deyildi və onun bu böhtana məcbur edilməsi üçün MTN və Bakı Şəhər Prokurorluğu səfərbər olunmuşdu. O MTN ki, 2011-ci ildə mənim yataq otağıma kamera yerləşdirilməsi və 2012-ci ildə şantajımla məşğul olmuşdu. O Bakı Şəhər Prokurorluğu ki, həmin cinayəti ört-basdır edib və buna görə onları məhkəməyə vermişəm.

Xədicə İsmayılın araşdırmaları

Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayılın araşdırmaları

1. Qızıl mədənlərində Əliyevlərin payı

2. Baku Crystall Hall-un sirləri

3. Prezidentə yaxın şirkətlər Azercell-i necə ələ keçirdi?

4. Prezidentin qızı banka necə sahib oldu?

5. Londonda İlham Əliyevin ailəsinə məxsus imarət

6. Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır

7. Bakıda ən yaxşı otellərin bəziləri Əliyevlərindir

8. “Azərfon”a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir

9. Tanınmış azərbaycanlıların Çexiyadakı mülkləri

10. Azercell-in payçıları arasında prezident qızlarına bağlı ofşorlar

11. Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi

12. Anar Əliyev kimdir və hardadır?

«O olmasın, bu olsun» filminə baxmısınız yəqin ki. Oradakı məşhur yengə obrazını da xatırlayırsınız. İçəridə toy gecəsi səhnəsinin olduğunu ehtimal edib, açar deşiyindən baxır. İçəridə Sərvər Məşədi İbada imtina ərizəsi yazdırıb, ona silah çəkir. Yengə isə kömək çağırmır. Çünki o xəyalındakını görür, otaqdakını yox. Mənim şəxsi həyatımı pusanlar da təqribən o yengənin günündədirlər. Qapı açılanda yıxılacaqlarını göz altına almayacaq qədər həvəslə girişiblər işə.

Azərbaycan hökuməti məni intihar həddinə çatdırmaq üçün əlindən gələni etdi, mən güclü çıxdım. Şəxsi həyatıma burunlarını soxdular, sınmadım, şantaj etdilər, əyilmədim. İndi 15 il, lap 25 il həbslə də sınan deyiləm. Məni Elmar Hüseynov, Rafiq Tağı, yaxud Rasim Əliyevi susdurduqları kimi də susdura bilərdilər. Amma mən işimi ehtiyatlı tutmuşdum. Hər zaman yanımda adam vardı. Heç vaxt tək qalmırdım. Təhlükəsizliyimlə məşğul olanlar vardı. Buna görə Tural Mustafayevlə və istənilən başqa adamla münasibətlərimizin şahidləri çoxdur. Prokuror məhkəmədə tədqiq olunmayan SMS və Facebook mesajlarına istinad etdi. Qanunsuz olaraq. Bəs həmin SMS və mesajlar ittihama yardımçı olacaqdısa, onları niyə məhkəmədə oxutmadılar, tədqiq etmədilər? Çünki tədqiq etsəydilər, Mustafayevin onlara bu səhifələri təqdim etmədiyi, bir hissəsinin kontekstdən çıxarıldığı, bir hissəsininsə uydurulduğu üzə çıxacaqdı. O da məlum olacaqdı ki, istintaqın iddia etdiyi kimi Meydan TV-dən Tural Mustafayevi çıxarmayıblar. İşdən çıxmaq üçün ərizəni o özü 28 fevral 2014-cü ildə verib. Yəni prokurorluğun iddia etdiyi kimi münasibətlərimizin kəsilməsindən sonra deyil, 9 martdan 12 gün əvvəl.

Prokurorluğun bu hekayəni necə uydurduğu, təxəyyüllərinin gücü haqqında düşünmüşdüm, inanmağım gəlmirdi. Təxəyyüllərinin belə güclü olması sürpriz olmuşdu mənimçün. Amma bir gün kameradakılar İzzət Bağırov və Mehriban Xanlarovanın baş rollarda oynadığı filmə baxırdılar. Oxuduğum kitablardan diqqətimi ayıran da elə tanış gələn ifadələr və süjet xətti oldu. Cinayət işində oxumuşdum. Bəli, bu da oğurluq imiş. Film gibi yani.

Yenə də yeni bir şey fikirləşməyə gücləri çatmadı. Filmdən oğurladılar.

MƏN SÜBUT ETMƏ İŞİNDƏ ŞANLI PROKURORLUQ ƏMƏKDAŞLARINDAN DAHA UĞURLUYAM

Böhtanları da oğurluq olan şanlı hüquq-mühafizə orqanlarımızın düzüb qoşduğu digər ittihamlara baxaq:

Maddə 213 - vergidən yayınma

Bu ittihamı Azərbaycan xalqından oğurlanan pulları ofşorlara daşıyıb, ofşor şirkətlər vasitəsilə dövlət kontraktlarını sümürən və vergidən yayınan prezident ailəsi haqqında araşdırmalar etmiş Xədicə İsmayılovaya qarşı irəli sürmək necə də gülməli idi. Mən və tələbələrim, həmkarlarım ofşor həqiqətlərini, vergidən yayınma hallarını, adalarda öz adlarına, Azərbaycanda seyidəhmədlərin adına yaradılan şirkətlər vasitəsilə pulların vergidən yayındırılması haqqında yazırdıq.

Mən qazandığımın hər qəpiyin vergisini ödəmişəm.

Və budur mənə qarşı vergidən yayınma ittihamı. Mən qazandığımın hər qəpiyin vergisini ödəmişəm. Amma ittiham mənim vergi hesabatımla bağlı deyil.

Azadlıq Radiosunun Bakı bürosu ötən ilin dekabrından möhürlənib.
Azadlıq Radiosunun Bakı bürosu ötən ilin dekabrından möhürlənib.

Deyirlər ki, işlədiyim, işçisi olduğum radionun Azərbaycan nümayəndəliyinin vergi hesabatları mənlik imiş. Özü də bu hesabatlar qanundakı kimi yox, onların görmək istədiyi şəkildə aparılmalıymış.

İstintaq dövrünün və məhkəmə prosesinin bir hissəsi «Azərbaycan nümayəndəliyi Bakı Bürosu deyil», «Mən nümayəndəliyin yox, büronun rəhbəri olmuşam», «Radio heç nə satmayıb və gəlir götürməyib», «Mənim maliyyə məsuliyyətim olmayıb» kimi sadə təkzibolunmaz həqiqətləri təkrar-təkrar ittiham tərəfinin nəzərinə çatdırmaqla keçdi. Amma onlar «qatıq qaradır» deyib dirəşdilər. Belə sifariş verilmişdi, belə də etməli idilər yəqin ki. Amma nə olar, bir balaca intellektimizə hörmət etməliydilər, bizi bu keyfiyyətsiz saxtakarlıqla üz-üzə qoymayaydılar.

Maddə 179. İsrafetmə və mənimsəmə

Hətta bizim böhtançı prokurorluq da mənim nəyisə mənimsədiyimi iddia etməyə cəsarət etməyib, dövlətə ödənməli vergiləri üçüncü şəxslərin, yəni radionun digər əməkdaşlarının xeyrinə israf etdiyimi düzüb-qoşub. Mən və həmkarlarım israfçılıq və mənimsəmə işləri barədə çox yazmışam. Kilometri 60 milyona başa gələn asfalt yollardan, smeta dəyəri 6-7 milyon olsa da, büdcəyə 30 milyona başa gələn Bayraq Meydanından, «Eurovision» hazırlıqlarından, «Kristal Holl»un tikintisindən. Amma prokurorluqdan fərqli olaraq biz yazılarımızı sənədlər və faktlarla əsaslandırmışıq, daha fərziyyə və ehtimallarla deyil. Özü də mənə qarşı irəli sürülən ittihamdan fərqli olaraq, mənim yazılarımın qəhrəmanı olan İ.Əliyev həqiqətən də ona etibar edilən dövlət büdcəsindən israf edib və onun israfçılığının benefisiarları öz ailə üzvləri – övladları olub.

Bunu mənim yazılarıma əlavə etdiyim şirkətlərin təsis sənədləri, sərəncamların surətləri açıq-aydın göstərir. Prokurorluq və vergi müfəttişləri isə nəinki mənim səlahiyyətimi təsdiq edən sənəd, hətta mənim imzam olan bircə müqavilə, bircə ödəniş tapşırığı ortaya qoya bilmədilər. Saxtalaşdıra bilərdilər, amma İntiqam Əliyevin imzasını saxtalaşdırdıqları sübuta yetiriləndən sonra buna ürək etmədilər yəqin.

Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə

Prokurorluq mənim vəzifəmdən necə sui-istifadə etdiyimi də göstərə, sübut edə bilmədi. Mən sübut etmə işində şanlı prokurorluq əməkdaşlarından daha uğurluyam. Məsələn, Çovdar da daxil olmaqla 6 qızıl yatağını işlətmək üçün məhz prezidentə məxsus şirkətlə müqavilə bağlamaq tapşırığını heç kimin yox, məhz prezidentin verdiyini sübut edən sənədi yazıma əlavə etmişdim. Eyni ailənin dövlət kontraktlarını asanlıqla tendersiz ələ keçirməsini, dövlət banklarını qanunsuz özəlləşdirməsini, sənaye müəssisələrini qəpik-quruşla özəlləşdirməkdən əvvəl ailə başçısının sərəncamı ilə dövlət büdcəsindən o müəssisələrə milyonlar axıdılmasını da sənədlə, sübutlarla göstərmişəm.

Maddə 192. Qanunsuz sahibkarlıq

Bu mənim sevimli maddəmdir. Qanunsuz sahibkarlıq nədir, bilirsinizmi? Prezident, baş nazir, deputat ola-ola sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qanunsuzdur. Mən və xarici həmkarlarım Vircin adalarından şirkətlərdə prezidentin şəxsən təsisçi olduğunu görəndə çox təəccüblənmişdik.

Mehriban Əliyeva
Mehriban Əliyeva

O bu şirkəti açanda hələ prezident deyildi, amma artıq deputat və ARDNŞ-in vitse-prezidenti idi. Baş nazir, sonra prezident oldu, şirkəti isə əldən vermədi. Mehriban Əliyevanın Panamadakı şirkətlərin sənədlərində adını görəndə təəccüblənmişdik. Amma nə olsun? Prokurorluq bu təəccübümüzü bölüşmədi.

Mən və həmkarlarım onlarla deputatın qanunsuz biznesi haqda yazmışıq, ifşa etmişik, hardaydı prokurorluq işçiləri? Niyə reaksiya vermədilər?

Prokurorluqdan Beynəlxalq Şəffaflıq Təşkilatına deyiblərmiş ki, bizə o yazılardakı faktlarla bağlı rəsmi müraciət olmayıb.

Yəni özlərini görməməzliyə vururlar. Hərçənd ki, qanuna görə qəzetdə çıxması cinayət işinin başlanması üçün kifayət idi.

Olsun. İnanaq ki, xəbəriniz yox idi. Bu, son sözümdə dediklərimi rəsmi müraciət kimi qəbul edin.

Bu qədər şahidim də var ki, mən bu müraciəti etdim. Yazılarımın linkləri də mətnə əlavə olunub.

Başlayın cinayət işinə, haydı!

MƏNƏ ATILAN DAŞLARDAN EVLƏR UCALDACAĞAM
Ramella xanım, sifariş verilən hökmü oxuduqdan sonra sizə də xoş istirahətlər arzulayıram. O gün olsun istirahətinizi vicdanınız ağrımadan, vicdanınızı susdurmadan keçirə biləsiniz.

Və nəhayət, məni gözləyən həbs, həbsxana çətinlikləri barədə nə düşündüyümü soruşur dostlar. Doğrusu, düşünmürəm bu barədə, bu ölkənin bu qədər dərdi varkən, 4 saylı cəzaçəkmə müəssisəsində 8 sanitar qovşağının qarşısında növbə çəkən 500 məhbusdan biri də mən olacağam, nə olsun?

Orada analoqsuz inkişaf nağılının, penitensiar xidmətdəki şəffaflığın əfsanə olduğunu ifşa etmək imkanı düşəcək əlimə. Mən problemləri imkanlara keçirməyi bacaran adamam. Belə olub, belə də olacaq. Mənə atılan daşlardan evlər ucaldacağam. «Çətin deyil ki?» – deyə soruşurlar. Hər şey sizin nəyə köklənmənizdən asılıdır. Mübarizəyə köklənən adamlar çətinlikləri hiss etmirlər. Nazim Hikmət dediyi kimi: «Düşməsin bizimlə yola evində ağlayanların göz yaşlarını boynunda ağır bir zəncir kimi daşıyanlar».

Mən və həmkarlarım korrupsiyanı, yolsuzluqları ifşa edirik. Həbs olunduğum müddətdə bu işi görə bilməyəcəyəm. Amma mənim həbsimdən sonra bütün dünyadan 100 jurnalistin araşdırma layihəsi başlaması qəlbimi fərəhləndirdi. Bəli, mən həbsdəyəm, iş isə gedir. Çünki gördüyümüz iş vacibdir.

Biz yazırdıq, cəmiyyəti xəbərdar edirdik, əvəzində həbs, şantaj görsək də. Amma yenə də xoşbəxtəm ki, borcumu yerinə yetirmişəm. Biz jurnalistlər xalqımıza, dövlətə sahib çıxmağı bacardıq. Korrupsiya təkcə birilərini varlandırmır, həm də çoxlarını imkanlardan, təhsildən, səhiyyə xidmətindən, bəzən isə həyatından məhrum edir.

Xədicə İsmayılın məhkəməsi haqqında hər şeyi burada oxu:
Məhkəmədə baş verən hər şey detalları ilə burada
Xədicə ismayılın araşdırmaları və həbsi haqda bütün məlumatlar ayrıca səhifədə

2011-ci illərdə araşdırdığımız Beynəlxalq Bank fırıldağında adı keçən adamların sonra daha böyük qalmaqallarla yeyintilərdə günahlandırıldığını gördük. Azadlıq prospektində yanan binanın üzlənməsi işinin arxasından tender fırıldaqları çıxanda duyduğum acı və qəzəb çox böyük idi.

Biz axı o fırıldaqlar barədə yazırdıq. Vaxtında o şəbəkə durdurulsaydı! Amma yox, axı şəbəkənin bir ucu çox yuxarıdaydı. Korrupsiya 15 adamın ölümü ilə nəticələnən faciəyə gətirib çıxartdı. Biz həyəcan təbilini vaxtında çalmışdıq. Həm dələduz biznesmenlər, həm də yanan üzlüklərlə bağlı.

Mən həbsdə olduğum vaxt zaman durmayacaq. Seçkilər, büdcə oğurluqları, gözə kül üfürmələr davam edəcək.

Əminəm ki, əsl jurnalistlər və sayıq vətəndaşlar seçki saxtakarlığını ifşa etməkdə davam edəcək. Həmkarlarımdan, AzadlıqRadiosundan xahişim budur: Qoy, bu ilki «Seçki qatarı» proqramında fərqli olan yalnız aparıcı səsi olsun - komanda isə əvvəlki həvəs və şövqlə çətinliklərə baxmayaraq ifşanı davam etdirsin.

Unutmayaq ki, bu ölkə bizimdir, onu quldurlara qurban etməyək sükutumuzla. Mən burda yaxşı kampaniyadayam. Leyla xanımla, İntiqam bəylə, Anar Məmmədli, İlqar Məmmədov, Tofiq Yaqublu, Rəşadət Axundov, İlkin Rüstəmzadə, inancları və prinsipləri uğrunda həbs yatan dindarlar, hüquq müdafiəçiləri və jurnalistlərlə bir taleyi bölüşürəmsə, nə xoş mənə. Məndən nigaran olmayın.

Sonda istərdim təşəkkürlərimi bildirəm:

  • İşimizi yarımçıq qoymayan həmkarlarımıza,
  • Repressiyalara etiraz edən fəallara,
  • Beynəlxalq hüquq müdafiə qurumlarına ki, dəstəklərini və diqqətlərini əskiltmirlər.
  • Bu prosesi izləyən səfirlik əməkdaşlarına.Düzdür, bu məhkəmə zallarında gördükləri qanunsuzluqlar onların səfirlərinə korrupsiya ilə sulanmış layihələri alqışlamağa, ölkə başçılarına diktatorun əlini sıxmağa mane olmur. Amma yenə də sağ olsunlar. Ən azından məlumatsızlıq bəhanəsi vermədikləri üçün.
  • Vəkillərimə sağ olsunlar ki, bu aylar ərzində həm mənə, həm də mənə həbsxanada müraciət edən köməksiz insanlara təmənnasız yardımlarını əsirgəməyiblər. Onların köməyilə bir neçə ana balasına qovuşub. Yenidən azadlığı dadıb. Burada ölkədəki ədalətsizliyin neçə-neçə səssiz qurbanı var. Bir neçəsinə kömək etdiksə nə xoş bizə.
Ramella Allahverdiyeva
Ramella Allahverdiyeva

Və nəhayət, Ramella xanım, sifariş verilən hökmü oxuduqdan sonra sizə də xoş istirahətlər arzulayıram. O gün olsun istirahətinizi vicdanınız ağrımadan, vicdanınızı susdurmadan keçirə biləsiniz. Ümid edirəm, imza atdığınız pisliklərin bumeranq effekti sizdən və yaxınlarınızdan yan keçər. Hərçənd, enerjinin itməməsi qanunu bu ümidlərimə çox da yer qoymur."

XS
SM
MD
LG