Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Ukraynanın çoxdan gözlədiyi Amerika silahı gəlib çıxdı


ABŞ-ın M142 HIMARS sistemi Alyaskada təlim zamanı
ABŞ-ın M142 HIMARS sistemi Alyaskada təlim zamanı

Üstəlik ABŞ bildirib ki, Ukraynaya reaktiv yaylım atəşi sisteminin hədəfləri barədə kəşfiyyat məlumatlarını da ötürəcək

ABŞ istehsalı HIMARS (High Mobility Artillery Rocket Systems) reaktiv yaylım atəşi sistemləri (MLRS) Ukraynaya gətirilib.

Bu barədə məlumatı iyunun 23-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov Twitter postu ilə verib.

O amerikalı həmkarı Lloyd Ostinə “bu güclü silahlar” üçün təşəkkürünü bildirib:

"ABŞ həmkarım və dostum, müdafiə naziri Lloyd Ostinə bu qüdrətli alətlər üçün təşəkkürümü bildirirəm! Bu yay Rusiya işğalçıları üçün qızmar olacaq və onlardan bəziləri üçün bu, sonuncu yay olacaq”.

HIMARS raketləri 80 kilometrədək məsafəni vura bilir və bu, hazırda Rusiyanın yaylım atəşi sistemlərinin ata bildiyi məsafədən xeyli çoxdur.

Ekspertlər deyirlər ki, yeni silahlar Ukraynaya Rusiya ilə artilleriya qarşıdurmasında kömək edəcək.

Hazırda artilleriya Rusiya qüvvələrinin üstün olduğu bir neçə sahədən biridir.

ABŞ tərəfi bildirir ki, Ukraynaya indilik dörd dəst HIMARS sistemi çatdırılıb.

Ukrayna hərbçiləri artıq bu sistemlərdən istifadə üçün lazım olan təlimi keçiblər.

Kəşfiyyat dəstəyi

Üstəlik ABŞ bildirib ki, Ukraynaya reaktiv yaylım atəşi sisteminin hədəfləri barədə kəşfiyyat məlumatlarını da ötürəcək.

Bu, Ukrayna qüvvələrinə Rusiya qüvvələrindəki əsas hədəfləri dəqiq vurmaq imkanı verəcək.

HIMARS sistemi istifadə edilən raketlərdən asılı oplaraq 300 kilometrədək məsafəni vura bilir.

Lakin Pentaqon bildirib ki, Ukraynanın bu raketlərlə Rusiya ərazisini hədəfləməsini istəməzdi.

HIMARS reaktiv yaylım atəşli raket sistemlərinin (MLRS) ən mükəmməli hesab olunur.

Britaniya və Almaniya da Ukraynaya MLRS sistemləri verməyi vəd ediblər.

Bu yaxınlarda Ukrayna prezidenti administrasiyasının baş müşaviri Mixaylo Podolyak ölkəsinin Rusiya ilə hərbi qarşıdurmadan üstün çıxması üçün lazım olan silahları sadalamışdı.

O bildirmişdi ki, Ukraynaya minədək ağır texnika, o cümlədən 300-dək MLRS sistemləri lazımdır.

Moskva Ukraynaya bu tip silahların verilməməsi üçün xəbərlıq etmiş və bildirmişdi ki, bu baş verərsə, Rusiya qüvvələri Ukraynada indiyədək vurmadıqları həssas hədəflərə zərbələr endirəcək.

XS
SM
MD
LG