Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:32

ABŞ Türkiyəyə F-35 qırıcıları verməsə… - Qərb mediası


F-35 Lightning II qırıcısı
F-35 Lightning II qırıcısı

Məqalədə deyilir: “Əgər amerikalılar bu satışa razı olmasalar, Türkiyə nə edəcək? Onlar qırıcıları ya Rusiya, ya da Çindən alacaqlar”.

The Financial Times yazır ki, “Türkiyənin qırıcı təyyarə problemi var”, çünki ABŞ onilliklərdir NATO üzvü olan bu ölkənin sifariş etdiyi 100-dən çox təkmil F-35 qırıcı təyyarəsi almasını qadağan edib.

Halbuki bu qırıcılar Türkiyə hərbi hava qüvvələrinin bel sütununu təşkil etməli idi.

ABŞ bununla da Recep Tayyip Erdoğanı Vladimir Putindən Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemi aldığına görə cəzalandırır.

FT yazır ki, Ankara bir gün öz hərbi hava qüvvələrini özünün istehsal etdiyi qırıcılarla quracağına ümid edir, amma indilik qocalmaqda olan F-16 qırıcılarından ibarət donanmasına güvənir.

Məqalədə xatırladılır ki, Ankara elə bu səbəbdən Vaşinqtondan 40 yeni F-16 istəyib. Türkiyə habelə 80 köhnə təyyarənin yenilənməsi üçün ehtiyat hissələri rica edib.

Dilemmadan çıxış yolu varmı?

Türkiyənin müdafiə sənayesi üzərinə ABŞ sanksiyaları 2020-ci ilin dekabrında qoyulub. Halbuki onun qonşusu və köhnə rəqibi Yunanıstan həm Fransadan Rafale qırıcıları, həm də ABŞ-dan F-35 təyyarələri alır.

ABŞ Türkiyənin Rusiyadan aldığlı S-400 raket sistemini özünün F-35 qırıcıları üçün hədə hesab edir. Bu səbəbdən Ankara ümid edir ki, onun F-16 ricası ilə bağlı problem olmamalıdır.

Məqalədə deyilir ki, Türkiyənin F-35 sifarişinin yerinə yetirilməsi təkcə ABŞ müdafiə sənayesi üçün sərfəli olmaz, həm də ABŞ və onun müttəfiqləri arasında münasibətləri sağlamlaşdırardı.

FT-nin Türkiyə müxbiri Lora Pitel yazır ki, Qərb müttəfiqləri Erdoğanın Putinlə yaxınlaşmasında maraqlı deyillər.

Hazırda Vaşinqtondakı Carnegie Beynəlxalq Sülh Fondunda çalışan keçmiş diplomat Alper Coşkun deyir ki, ABŞ-ın Türkiyənin istəyinə qarşı çıxmaması Qərb üçün son dərəcə faydalı olardı:

“Burda əsl imkanlar var. Bu, Türkiyənin müdafiə sisteminin, ən azı onun əhəmiyyətli elementinin transatlantik münasibətlərə bağlılığını təmin edərdi. Bu, bütün başqa sahələrdə də təlatüm yaradan dilemmadan çıxış yolu olardı”.

Qəzəbli Konqres

Lakin məqalədə deyilir ki, ABŞ-ın inadından dönüb-dönməyəcəyi hələlik aydın deyil. F-35-lərin Türkiyəyə satışı Erdoğana çoxsaylı iradları olan Konqres tərəfindən bloklana bilər.

Bu iradların arasında Türkiyədə insan haqlarının vəziyyəti və Ankaranın ABŞ-ın Suriyada dəstəklədiyi kürd qüvvələrinə düşmənçiliyi də var.

Əgər hətta Co Bayden administrasiyası yola gəlsə belə, Erdoğanın Rusiyadan S-400-lərin ikinci dəstini almaq qətiyyəti münasibətlərin yaxşılaşmasına xidmət etməyəcək.

Erdoğan ABŞ-a yeni F-16-lar barədə sifarişdən əvvəl CBS telekanalına müsahibəsində demişdi:

“Gələcəkdə heç kim bizim hansı ölkədən və hansı səviyyədə müdafiə sistemləri almaq qərarımıza müdaxilə edə bilməyəcək”.

Filadelfiyada mənzillənmiş Xarici Siyasət Tədqiqatları İnstitutunun Yaxın Şərq proqramının direktoru Aaron Steyn deyir ki, Türkiyəyə F-35 qırıcıları verilməsi qərarının Konqresdən keçirilməsinin qarşısındakı ən böyük əngəl Rusiyanın S-400 sistemləridir.

Ekspertin sözlərinə görə qəzəblənmiş Konqres Erdoğandan S-400 məsələsində kompromis gözləyir, amma Türkiyə prezidenti çətin ki, belə bir güzəştə hazır ola.

Zarafatın gerçəyə çevrilməsi

FT yazır ki, bu vəziyyət Bayden administrasiyası üçün dilemma yaradır. Türkiyədən heç bir geri addım görmədən onun F-16 ricasına əməl olunması Ankara tənqidçilərinə əsassız lütfkarlıq kimi görünə bilər. Əgər F-16 məsələsində Türkiyəyə rədd cavabı verilsə, onda Ankaranın əlinə Rusiyaya üz tutmaq üçün girəvə düşəcək.

Məqalədə deyilir ki, Türkiyənin müdafiə sahəsində Rusiya ilə daha dərin əməkdaşlığı Ankaranın maraqlarına xidmət etmir.

Putin və Erdoğan dondurma yeyirlər
Putin və Erdoğan dondurma yeyirlər

Müəllif yazır ki, bu halda söhbət təkcə yeni ABŞ sanksiyalarından getməyəcək. Bu sanksiyalar həm də Erdoğanın öydüyü yerli müdafiə sənayesinin inkişafına zərbə olacaq.

Narahatlıq bundandır ki, Erdoğanın başqa yolu qalmaya bilər. Məqalədə xatırladılır ki, 2019-cu ildə Rusiyada keçirilən aviasiya şousunda Putinlə dondurma yeyən Erdoğan ondan yarızarafat Su-57 qırıcıları almağın mümkün olub-olmamasını soruşmuşdu. Bəzi Qərb rəsmiləri narahatdırlar ki, indi həmin zarafat gerçəyə çevrilə bilər.

Türkiyənin F-16 xahişinin yerinə yetirilməsini istəyən bir Avropa diplomatı müxbirə deyib:

“Əgər amerikalılar bu satışa razı olmasalar, Türkiyə nə edəcək? Onlar qırıcıları ya Rusiya, ya da Çindən alacaqlar. Onlar bu boşluğu doldurmalıdırlar”.

XS
SM
MD
LG