Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:38

Mina partlayışında ayaqlarını itirmiş hərbçi: ‘Məni yoğun taxta ilə döyürdülər’


İllüstrativ foto
İllüstrativ foto

Qarabağ döyüşlərində minaya düşərək, hər iki ayağını itirmiş Vurğun Əbilov həm də şərti olaraq, “Tərtər işi” adlandırılan cinayət işi üzrə zərərçəkmiş qismində tanınan yüzlərlə hərbçidən biridir.

Onun 2017-ci ilin mayında xidmətdə olarkən dövlətə xəyanət ittihamı üzrə Beyləqanda işgəncəyə məruz qaldığı iddia olunur. Onun özü məhkəmədə zərərçəkmiş kimi, bu barədə ifadə verib.

Beyləqandakı hadisələrə görə məhkəmə qarşısına 5 nəfər çıxarılıb. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov da onların arasındadır.

Orucov həmin dövrdə Beyləqan korpusunun qərargah rəisi olub. Korpusun komandiri isə Mais Bərxudarov idi.

“Dedi ki, sən də, əmin də vətən xainisiz”

Əbilov danışır ki, həmlə taborunda komandirin maddi-texniki təminat məsələləri üzrə müavini idi. Onun sözlərinə görə, onu telefonoqramla hərbçilərə işgəncə verilən köhnə hərbi hissə binasına gətirmişdilər. Deyir ki, orada onu hazırda təqsirləndirilən şəxslər arasında olan İntiqam Məmmədov sorğu-sual edib, ermənilərlə işbirliyində günahlandırıb:

“O, Şəmkir korpusunda əmimlə birlikdə işləmişdi. Dedi ki, sən də, əmin də vətən xainisiz. Kürəyimdən ‘pol’ ağacı yoğunluğunda taxta ilə vurub yıxdı. Yerdə də döyürdü. Baş leytenant Ağayev də vururdu. İntiqam Məmmədov ona deyirdi ki, boynuna almırsa, ailəsini, uşağını gətirin, nə varsa, danışacaq...”

Zərərçəkmişin sözlərinə görə, üç gün orada işgəncələrə məruz qalıb. İşgəncə verənlər əsasən, maskalı şəxslər olub. İşgəncələrdən sonra isə onu hərbi polisə gətirib, “intizamsızlıq” bəhanəsiylə on günlük cəzalandırıblar.

Stəkanda qumbara

Beyləqanda hərbçilərə qarşı bu olaylar yaşanmamışdan bir müddət öncə o ərazidəki döyüş postlarından birində stəkanın içində F-1 əl qumbarası tapılıb. Bu barədə isə məhkəmədə başqa bir zərərçəkmiş Müseyib Tanrıverdiyev danışıb. O, deyir ki, manqa komandiri kimi, postda xidmət edirdi. Qumbaranı tapanda dərhal aidiyyəti üzrə məlumat verib. Heç gözləmədiyi halda, Beyləqan korpusunun qərargah rəisi Bəkir Orucov posta gəlib:

“Məni təhqir elədi, yumruqla vurdu ki, hardan gəlib düşüb o qumbara ora? Sonra özü onu neytral əraziyə atıb partlatdı. Bizim manqanı dərhal çıxartdılar o postdan, kəşfiyyatçıları gətirdilər”.

Zərərçəkmişin sözlərinə görə, həmin vaxt ehtimal olunub ki, o posta ermənilər gəlib və nişan olaraq, qumbaranı qoyub gedib. Postdan düşürdüldükdən sonra əlləri-gözləri bağlı vəziyyətdə 3-4 gün işgəncəyə məruz qaldığını deyən Tanrıverdiyevin sözlərinə görə, qumbara məsələsilə əlaqədar onu Mais Bərxudarov da çağırtdırmışdı. Ona da baş verənləri olduğu kimi danışmışdı.

“Mən Bəkir Orucova qarşı şikayətçiyəm. Məni vurub, təhqir edib. Hərbi formamı darta-darta çıxartdılar əynimdən. Dedilər, erməniyə işləyirsiniz. Mən istintaqda Mais Bərxudarovdan da şikayətçi olduğumu demişəm. Bilmirəm yazıblar, yoxsa yox...” – Tanrıverdiyevin sözləridir.

“Bərxudarov gəlib-gedəndən sonra işgəncələr daha da şiddətləndi”

Zərərçəkmiş Kamil İbrahimov 2017-ci ilin mayında başına gələnləri əsirlərə verilən işgəncələrlə müqayisə edib. Onun sözlərinə görə, bir həftə işgəncəyə məruz qalıb. O müddətdə həmin yerə korpus komandiri, general Bərxudarovun da gəldiyini görüb:

“Mais Bərxudarov gəlib-gedəndən sonra işgəncələr daha da şiddətləndi. Bizim indiki psixoloji halımız da o vaxt başımıza gələnlərə görədir. Elə adamlar var ki, rütbədə, vəzifədə irəli getmək üçün hər şeyi satar”.

Bərxudarov indiyədək məhkəmədə ünvanına səslənən ittihamlara münasibət bildirməyib.

Zərərçəkmiş İbrahimov təqsirləndirilən şəxslərdən İntiqam Məmmədovun ona qarşı işgəncələrdə iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu şəxsin əmrinə ətrafdakılar gözlərini bağlayıb, soyundurub, təkcə alt paltarında üzü divara saxlayıb, döyməyə başlayıblar:

“İntiqam deyirdi ki, yuxarıların tapşırığı var, onu icra edirik, məcburuq bu işgəncələrə...”

İntiqam Məmmədov isə məhkəmədə geniş ifadə verməsə də, ittihamlara qısa münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib. Ümumiyyətlə, beş nəfər təqsirləndirilən şəxsin heç biri ittihamları qəbul eləmir. Onlar özlərini təqsirli bilmirlər.

Bu beş nəfərin işi üzrə ümumilikdə 63 nəfər zərərçəkən qismində tanınıb. İndiyədək onlardan 27 nəfəri dindirilib.

'Tərtər işi'ndə oğlu bəraət alan ananın mübarizəsi: 'İnsanların başının əzilib öldürülməsi nə deməkdir?!'
Gözlə

No media source currently available

0:00 0:06:32 0:00

Xatırlatma

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib.

“Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG