Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Yeyib-içib, sərxoş vəziyyətdə erməni postuna keçib... [Tərtər işi]


Qarabağda səngərdə erməni əsgərləri (Foto arxiv)
Qarabağda səngərdə erməni əsgərləri (Foto arxiv)

Hazırda Azərbaycan Ordusunda zabit kimi xidmət edən Yusif Məmmədov deyir ki, 2017-ci ilin mayında onu dövlətə xəyanət ittihamı ilə həbs etmişdilər. Sonradan həmin ittihama xitam verilib. Onun sözlərinə görə, həmin dövrdə o qədər işgəncə verilmişdi ki, bu ittihamı üzərinə götürməyə məcbur olmuşdu.

Məmmədov şərti olaraq "Tərtər işi" adlandırılan cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərdən biridir. 2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı eyni səbəblərlə kütləvi işgəncələr baş verib. Həmin hadisələr də eyni cinayət işi çərçivəsində araşdırılsa da, sonradan beş nəfərin işi ayrılaraq məhkəməyə göndərilib. Onların arasında Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov da var. Orucov 2017-ci ilin mayında İkinci Ordu Korpusunun qərargah rəisi olub. O zaman Korpusun rəisi isə Mais Bərxudarov idi.

Onunla birlikdə mühakimə olunan daha dörd nəfər isə o dövrdə korpusun təhqiqatçısı mayor İntiqam Məmmədov, kapitan Rahib Məmmədov, Ülvi Rəşidov Ziya Kazımovdur. Adları çəkilən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 63 nəfər zərərçəkən qismində tanınıb. Onlardan biri də Yusif Məmmədovdur.

Yusif Məmmədov aprelin 20-da məhkəmədə danışıb ki, yeyib-içiblər, sərxoş vəziyyətdə erməni postuna keçib orada hərbçi öldürmək qərarı veriblər. Neytral əraziyə gedib çatanda hərbçi yoldaşı Cavidan Dadaşov da arxasınca gəlib. Məmmədovun sözlərinə görə, postda yatmış bir əsgəri gülləyib qayıdanda komandirlər necə getdiklərini, detalları soruşublar, onları mükafatlandıracaqlarını deyiblər.

"Günorta mülki geyimlilər başıma torba keçirdilər, gözümü bağladılar..."

Məmmədov deyir ki, dörd-beş gün sonra onu yenidən korpus komandiri Mais Bərxudarovun qəbuluna çağırıblar. General hadisə ilə bağlı izahat verib-vermədiyini və orada nə yazdığını soruşub. O isə danışdığı qaydada da izahat yazdığını bildirib.

Zərərçəkmişin sözlərinə görə, bu zaman korpus komandiri onu düşmənə işləməkdə suçlayıb və hədələyib, ardınca isə dözülməz işgəncələr başlayıb: "Mənə dedi ki, "sənin dərini boğazından çıxartdıracağam". Mən çıxdım, Cavidanı çağırtdırdı. Günorta mülki geyimlilər başıma torba keçirdilər, gözümü bağladılar, harasa apardılar, işgəncələr başladı...".

Zərərçəkmiş onu da vurğulayıb ki, ona işgəncə veriləndə başında torba olsa da, hazırda təqsirləndirilən şəxslər arasında olan Ülvi Rəşidovu səsindən tanıyıb. Onun sözlərinə görə, Rəşidov otaqda işgəncə verən şəxslərə rəhbərlik edənlərdən idi: "Məsələn, Ülvi tələb edirdi ki, düşmənə işlədiyimi boynuma alım. Həm də Adil Sabirlinin adını çəkməyimi tələb edirdi. Deyirdim, axı, belə şey yoxdur. Bundan sonra o çıxırdı, dərhal işgəncə verənlər gəlirdi, işgəncələr davam edirdi...".

"O da iştirak edirdi şəxsən mənə qarşı olanlarda"

Cinayət işinin materiallarına əsasən, Adil Sabirli işgəncələr nəticəsində həyatını itirib. Döyülmə zamanı onun dalağı partlayıb və qanitirmədən ölüb.

Təqsirləndirilən Rəşidov zərərçəkmişin onun haqqında səsləndirdiyi ittihamlara cavab verməyib.

Məmmədov deyir ki, işgəncələr davam etdiyi müddətdə ona səs yazısı gətiriblər. Bu, Cavidan Dadaşovun səsi olub. Zərərçəkmişin sözlərinə görə, Dadaşov işgəncələrə dözə bilməyərək düşmənə işlədiyini demişdi. Bir müddət sonra Məmmədovdan da etiraf ifadəsi alınıb və barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanaraq həbs-qətimkan tədbiri seçilib. Onun sözlərinə görə, məhkəmə qarşısına çıxarılanda da, polis şöbəsinə gətiriləndə də üzərində çoxsaylı işgəncə izləri vardı. Amma əhəmiyyət verilməyib.

"Düzdür, indi deyirlər ki, korpus komandiri (Mais Bərxudarovu nəzərdə tutur-red.) o vaxt məzuniyyətdə olub, amma xeyr. O da iştirak edirdi şəxsən mənə qarşı olanlarda...", – baş leytenant Məmmədov ifadəsində bildirib.

Bərxudarov və digər yüksək rütbəli rəsmilərin adlarının "Tərtər işi"ndə hallanmasına baxmayaraq, indiyədək onlar ittihamlara münasibət bildirməyiblər.

"Soyundurub atdılar betonun üstünə"

Başqa bir zərərçəkmiş Sərvər Ələsgərovun sözlərinə görə, ona işgəncə verib, sonda Məmmədovun əleyhinə ifadəyə imza atdırıblar. Orada göstərib ki, neytral ərazidə Məmmədovu düşmənlə danışarkən görüb. Deyir ki, belə bir şey olmayıb, sadəcə işgəncəyə dözə bilmirdi.

"Bizi soyundurub atdılar betonun üstünə. Başladılar qamçı ilə döyməyə. Deyirdilər ki, "erməniyə işləyirsiz". "Yox" dedikcə daha bərk vururdular. Kürəyimə o qədər vurmuşdular, barmaq qoymağa yer yox idi. Mənə balta və doğranmış ət göstərdilər, dedilər ki, Yusifdir, xainliyinə görə doğramışıq...", – Ələsgərov məhkəmədə belə deyib.

O da deyib ki, Məmmədov içkili vəziyyətdə posta gəlib, erməni postuna tərəf gedəcəyini, oradan güllə səsləri eşidilərsə, onlardan da atəş açmalarını istəyib və gedib. Ələsgərov onların mükafatlandırılması planı, foto çəkilişi və s. haqda deyilənləri də təsdiqləyib.

General ev dustaqlığına buraxılmasını istəyir

Məhkəmədə təqsirləndirilən general Bəkir Orucov ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Lakin məhkəmə dindiriləsi zərərçəkmiş və şahidlərin sayının çoxluğunu, onlara təsir göstərmək ehtimalını nəzərə alaraq vəsatəti təmin etməyib.

Məhkəmə prosesi aprelin 27-də davam edəcək.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. Onların heç biri özünü təqsirli bilməyib. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər zərərçəkənlərdən sonra ifadə verəcək. Lakin onlar dindirmələr zamanı sual-cavablarda iştirak edirlər.

Xatırlatma

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib.

"Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG