Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Taxıl əkən bəzi fermerlər kompensasiya istəyir


Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər

Yaxın günlərdə Azərbaycanda taxıl biçini başlayacaq. Amma bəzi fermerlər indidən şikayətlənirlər ki, "sahələrdə nəinki taxıl, heç ot da yoxdur".

Həmin fermerlər hökumətin onlara kompensasiya verməli olduğunu düşünürlər.

Rusiyanın Ukrayna təcavüzü nəticəsində dünyada taxılın qıtlaşdığı bir dönəmdə Azərbaycanda məhsuldarlığın aşağı düşməsi bu ölkədə qiymətlərə necə təsir edə bilər? Fermerlərə kompensasiya verilə bilərmi?

Şəki rayonunun aran kəndlərində yaşayan fermerlər də quraqlıq səbəbindən sahələrdən bu il lazımi qədər məhsul yığa bilməyəcəklərini deyirlər.

"Məhsulumuz yanıb"

Onlar AzadlıqRadiosuna bildirib ki, yüz hektarlarla ərazidə əkin işləri aparılsa da, məhsul xarab olub. "Məhsulumuz yanıb. Üstəlik də, gübrənin qiyməti bahalaşıb deyə, lazımi qədər ondan da istifadə edə bilmədik. Nəticədə yüz hektarlarla ərazidən bu il bol məhsul yığa bilməyəcəyik", - Şəki rayonundan olan və adının çəkilməsini istəməyən bir fermer AzadlıqRadiosuna vurğulayıb.

Fermerlər iddia edib ki, onlara ciddi ziyan dəyib.

Kənd Təsərrüfatı Nazirliyindən isə "Turan"a bildirilib ki, fermerlərlə subsidiyaların ödənilməsi, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına, zərərvericilərə qarşı mübarizənin təşkili, əkinlərə hazırlıq ilə bağlı tez-tez görüşlər keçirilir.

Gübrəsiz qalan fermer: 'Ümidimizi Allaha bağlamışıq'
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

595 min hektar ərazidə buğda əkilib

Qurumun məlumatına görə, 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib: "Buğdanın əkin sahəsində ötən il ilə müqayisədə artım müşahidə edilir".

Vurğulanıb ki, 2022-ci ildən hər hektara subsidiyanın məbləği artıb: "Artıq bu, 210 manat təşkil edir".

Ümumilikdə, buğda əkinində ötən il ilə müqayisədə 1.1 faizlik artım müşahidə edilir. Ölkə üzrə buğda istehsalı isə 2021-ci il üzrə 1.9 milyon ton təşkil edib. Bu da əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 1 faiz artım deməkdir.

Nazirlik: "Quraqlıq sığorta hadisələri paketinə daxil deyil"

Nazirlikdən qeyd olunub ki, quraqlıq sığorta hadisələri paketinə daxil deyil.

Şəki şəhər İcra Hakimiyyətindən (İH) isə "Turan"a deyilib ki, rayonda 2021-ci ilin payızında 65 min 283 hektar sahədə taxıl əkilib: "Bunlardan 32 min 319 hektarını buğda, 32 min 964 hektarını isə arpa sahələri təşkil edir. Əkindən sonra taxıl sahələrində normal bitiş alınıb".

"Böyük Dəhnə, Kiçik Dəhnə,… kəndlərində…"

İH-dən qeyd olunub ki, 2022-ci ilin fevral-aprel aylarının yağıntısız və quraq keçməsi payızlıq taxıl sahələrinə mənfi təsir göstərib: "Mayın 14-də Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri rayonun Qoxmuq, Baltalı, Qudula, Böyük Dəhnə, Kiçik Dəhnə, Suçma, Aran, Cəyirli, Qozlubulaq, Sarıca, Qayabaşı, Bolludərə, Qaratorpaq kəndlərinin və Turan qəsəbəsinin taxıl əkinlərinə baxış keçirib. Böyük Dəhnə, Kiçik Dəhnə, Aran, Sarıca kəndlərində və Turan qəsəbəsində məhsuldarlığın aşağı düşməsi ehtimalı olduğu müşahidə edilib".

Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, bu il əvvəlki illərlə müqayisədə taxılın toxumunda da problem yaranıb: "Taxıl istehsalı ilə məşğul olan kəndlilərə bəzi işbazlar sertifikatla buğda təqdim ediblər. Həmin buğdanı fermerlər əkib, amma çıxış almayıblar. Bəzi fermerlərdə isə suvarma problemi yaranıb və ona görə də çıxış əldə etməyiblər".

"Qiymət ikiqat bahalaşıb deyə…"

Ekspertin sözlərinə görə, bu il gübrədən də az istifadə edilib: "Qiymət ikiqat bahalaşıb deyə, fermerlər gübrədən az istifadə ediblər. Bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur".

V.Məhərrəmli deyir ki, dövlət tərəfindən verilən subsidiyalar kifayət etmir: "Subsidiyalar 200 manatdır, amma gübrə, enerjidaşıyıcıların bahalaşdığı bir vaxtda bu, kifayət etmir".

Ölkəyə taxıl idxalı da azalıb

Dövlət Statistika Komitəsinin (DSK) hazırladığı (2020-ci il üzrə) ərzaq balansı məlumatlarına görə, Azərbaycanın illik buğda tələbatı təxminən 3.5 milyon tondur. Ölkənin ərzaq buğdası ilə özünü təminetmə səviyyəsi 57 faizdir (müstəqil ekspertlər bu rəqəmin daha aşağı olduğunu düşünürlər). Bu da onu deməyə əsas verir ki, daxili tələbatın bir hissəsi idxal hesabına ödənilir.

Amma son bir ildə idxalda azalma var. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasına görə, 2021-ci ilin ilk dörd ayında ölkəyə idxal olunan taxılın həcmi 365 min 348 ton təşkil edib. 2022-ci ilin eyni dövründə isə ölkəyə 308 min 42 ton taxıl gətirilib. Əvəzində qiymətdə bahalaşma var.

XS
SM
MD
LG