Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Ölən əsgər tualet yumaqdan imtina edirmiş...


Tapdıq Babaşov
Tapdıq Babaşov

►«Mənim oğlum özünü öldürməyib, şəhidin üstünə şər atmaq şərəfsizlikdir».

Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridəki hərbi hissəsində əsgəri ayaqyolunu yumadığına görə öz çəkməsinin ipi ilə boğublar. Yanvarın 11-də Bakı Hərbi Məhkəməsində həmin hərbi hissənin əsgərlərindən biri bu barədə ifadə verib.

Söhbət ötən ilin mayında sözügedən hərbi hissədə müəmmalı şəkildə dünyasını dəyişmiş Tapdıq Babaşovun ölümü, həmçinin daha 50 əsgərə işgəncə verilməsi üzrə məhkəmə prosesindən gedir.

Bu cinayət işi üzrə üç nəfər - Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov məhkəmə qarşısına çıxarılıb. Onlar da elə hadisə baş verən hərbi hissənin əsgərləridir. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.

Mərhum Tapdıq Babaşovun anası Kifayət Süleymanova ilə yanaşı, döyülüb, təhqir olunan 50 əsgər iş üzrə zərərçəkmiş qismində tanınıb. Onlar da məhkəmə prosesində iştirak edirlər. (Ardı aşağıda)

Kifayət Süleymanova
Kifayət Süleymanova

Buna da bax: Polisi tənqid edən videobloqçunu tutdular

“KİM ÖLDÜRÜB BALAMI?”

Məhkəmə iclası başlamamışdan əvvəl Kifayət Süleymanova zaldakı əsgərlərə müraciət edərək, onları doğru ifadə verməyə çağırdı. Zərərçəkmiş vurğuladı ki, oğlunun intihar etdiyinə qətiyyən inanmır, onu üçüncü mərtəbədən atıblar:

"Sizi analarınız gözlədiyi kimi mən də Tapdığımı gözləyirdim. Vicdanınız oyansın, düzünü deyin, kim öldürüb mənim balamı? 23 il əziyyət çəkib, sevə-sevə oğul böyütdüm, amma Tapdığın sevdiyi Vətən onu 23 gün qoruya bilmədi. Mənim oğlum özünü öldürməyib, şəhidin üstünə şər atmaq şərəfsizlikdir. Düzünü danışın, həyatda şərəflə yaşamaq lazımdır..."

Əsgərlər ananın müraciətinə heç bir cavab vermədilər.

Məhkəmə iclasında prokuror ittiham aktını elan etdi. Məlum oldu ki, müttəhimlər kürsüsündə əyləşmiş üç nəfər manqa komandiri sırada düzgün addımlamamaq, ucadan gülmək, hərəkət edərkən yanındakına yüngülcə toxunmaq və s. bəhanələrlə əsgərləri mütəmadi döyməkdə, onları biədəb ifadələrlə təhqir etməkdə ittiham olunurlar. İttihama görə, bu hərbi hissədə əsgərləri “jim” vəziyyətində üzü üstə uzadıb, onların kürəyində çəkmə ilə gəziblər.

Təqsirləndirilən şəxslərdən yalnız Elməddin Babayev özünü qismən təqsirli bilərək, bəzi əsgərləri vurduğunu etiraf etdi. Digər iki nəfər - Cəmil Ağayev və Ruslan Cavadov isə ittihamları qəbul etmədi. (Ardı aşağıda)

Məhkəmənin qarşısı
Məhkəmənin qarşısı

Buna da bax: Sülh küçəsindəki mağazaları kim sökmək istəyir?

“ÖN TƏRƏFDƏN SIXMAĞA BAŞLADI”

Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərin dindirilməsi başladı. Hərbi hissənin əsgərlərindən Seymur Kərimli bildirdi ki, özü də hər üç təqsirləndirilən tərəfindən döyülüb, təhqir olunub. Bu əsgərin ifadəsindən belə məlum oldu ki, o, həm də mərhum Tapdıq Babaşovun döyülüb-söyülməsini, hətta boğulmasının şahidi olub:

"Mən saçımı kəsdirmişdim deyə, manqa rəhbəri Ruslan Cavadovdan beş dəqiqəlik icazə alıb, başımı yumaq üçün sanitar qovşağa getdim. Həm ayaqyolu, həm də yuyunmaq üçün yer oradadır. Həmin vaxt Babaşov da orada idi, çəkməsinin birini çıxarmışdı, ayağını yuyurdu. Bu zaman Ruslan Cavadov içəri girdi, Babaşova dedi ki, "sən "naryad"da olmalısan, burada nə gəzirsən, ayaqqabını niyə çıxarmısan?" O da cavab verdi ki, "botinka"dan ayağıma nəsə batırdı". Ruslan Cavadov ona 1-2 yumruq vurdu, dedi ki, "mən səhərdən axşama qədər "botinka" ilə gəzə bilirəm, sən gəzə bilmirsən?" Daha sonra Cavadov ayaqyolulardan birinin qapısını açıb baxdı, Babaşovdan soruşdu ki, "niyə tualeti təmizləməmisən?" Babaşov cavab verdi ki, "təmizləyə bilmirəm. Dəhlizi, başqa yerləri təmizləyirəm, buranı eləyə bilmirəm". Cavadov onu vurub dedi ki, "sən kimdən artıq oğlansan, get, ayaqyolunu təmizlə". Tapdıq Babaşov dedi ki, "mən bu qədər oxumuşam ki, gəlib burada tualet təmizləyim? Mən təmizləyə bilmirəm". Bundan sonra Ruslan Cavadov onu çox pis söydü və 6-7 dəfə yumruqla vurdu. Babaşov çəkməsini çıxaranda onun ipini açıb, belindəki kəmərə keçirmişdi. Ruslan Cavadov onun belindən çəkmənin ipini çıxarıb, Babaşovun boynunun arxasından keçirib, ön tərəfdən sıxmağa başladı. Bir az sıxandan sonra Babaşov xırıldadı, sanki boğazında nə isə qalmışdı. Xırıldaya-xırıldaya dedi ki, "yaxşı, təmizləyirəm". Bundan sonra onu buraxdı. Cavadov dedi ki, "gedirəm, beş dəqiqədən sonra gəlib yoxlayacam".

Buna da bax: Bayram dəhşətləri

“BAŞLADI YUMRUQLA DÖYMƏYƏ”

Əsgərin sözlərinə görə, həmin vaxt sanitar qovşaqda o, Tapdıq Babaşov və Ruslan Cavadovdan başqa heç kim olmayıb. Ruslan Cavadovdan təxminən yarım dəqiqə sonra o da çıxıb:

"Çünki mənə başımı yumaq üçün beş dəqiqə vaxt vermişdi. Fikirləşdim ki, vaxt keçər, bunu bəhanə eləyib döyər məni. Sanitar qovşaqdan çıxıb yataqdaxanaya girəndə gördüm ki, Ruslan Cavadov da oradadır. Bu vaxt əsgər Alməmmədov da gəldi. Ruslan Cavadov onun yanında məni çağırıb söyüşlə işarə elədi ki, bir az əvvəl gördüklərimi kiməsə danışmayım. Əlinə dəsmalı doladı, başladı məni yumruqla döyməyə. Bir neçə dəqiqə sonra əsgərlərdən Bəhruz gəlib dedi ki, kimsə özünü üçüncü mərtəbədən atıb. Bunu eşidəndə Ruslan Cavadov şoka düşmüş vəziyyətdə güldü".

“MƏNİ DƏ DÖYDÜ”

Prokuror və vəkillərin suallarını cavablandırarkən Seymur Kərimlidən əsgər yoldaşı döyülərkən hansı səbəbdən reaksiya vermədiyini soruşdular. "Biz ağzımızı açıb nəsə deyəndə daha pis eləyirdilər, ona görə heç nə deyə bilmirdik. Babaşovdan beş dəqiqə sonra Alməmmədovun yanında da məni döydü. O da heç nə eləmədi", - deyə əsgər cavab verdi.

Digər zərərçəkmiş əsgər Vüqar Əhmədov ifadəsində bildirdi ki, təqsirləndirilən şəxslərdən ikisi Elməddin Babayev və Cəmil Ağayev müxtəlif vaxtlarda onu döyüblər:

"Sırada düz addımlamadığımıza görə Ağayev bizi sıraya düzüb yumruqladı. Tapdıq Babaşov da orada idi. Elməddin Babayev isə bir dəfə yatanda yastığımı dik qoyduğuma görə mənə şillə vurub".

“BİLMİRSƏN AXI...”

Vüqar Əhmədov eyni zamanda, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını dedi.

Məhkəmə iclasının sonunda Kifayət Süleymanova üzünü dəmir qəfəsdə olan təqsirləndirilən şəxslərə, xüsusən Ruslan Cavadova tutdu: "Cavab ver, mənim oğlumu niyə öldürdün?"

"Bilmirsən axı... Mən öldürməmişəm. Allah onu öldürənin bəlasını versin", - deyə o cavab verdi.

Məhkəmə prosesi yanvarın 26-da digər zərərçəkmişlərin ifadəsilə davam edəcək.

Xatırladaq ki, evin yeganə oğlu olan Tapdıq Babaşov ötən il (2015) mayın 22-də dünyasını dəyişib. Cinayət işinin materiallarına görə, əsgər özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Mərhumun yaxınları isə hesab edir ki, Tapdıq Babaşov öldürülüb, cinayətin üstünü ört-basdır eləmək üçün sonradan onu üçüncü mərtəbədən atıblar.

XS
SM
MD
LG