Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:36

"Dembel"lərin məhkəməsi başlandı: intihar, yoxsa qətl?


Məhkəmənin önündə
Məhkəmənin önündə

►Onlar gənc əsgərləri döyməkdə, işgəncə verməkdə və bir əsgəri intihar həddinə çatdırmaqda ittiham olunurlar

Fövqəladə Hallar Nazirliyinin (FHH) Biləcəridəki hərbi hissəsində baş vermiş əsgər ölümü ilə bağlı məhkəmə prosesi başlayıb. Söhbət BDU-nun tarix fakültəsinin qırmızı diplomlu məzunu və cəmi bir ayın əsgəri olan Tapdıq Babaşovun müəmmalı ölümündən gedir.

Bu cinayət işi üzrə üç nəfər həbs olunub - Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov. Onlara qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.

Buna da bax: “MTN əməkdaşları artıq işsiz sayıla bilər”

50 ƏSGƏR ZƏRƏRÇƏKMİŞ KİMİ TANINIB

Məhkəmə qarşısına çıxarılanların üçü də hadisənin baş verdiyi hərbi hissənin əsgərləridir. Onlar hərbi hissəyə yeni gəlmiş gənc əsgərləri döyməkdə, onlara işgəncə verməkdə və bununla da Tapdıq Babaşovu intihar həddinə çatdırmaqda ittiham olunurlar. Tapdıq Babaşovun anası ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin daha 50 əsgəri də bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Tapdıq Babaşov
Tapdıq Babaşov

Cinayət işinə Bakı Hərbi Məhkəməsində Müslüm Əliyevin sədrlik etdiyi hakimlər heyəti baxır. Dekabrın 14-də məhkəmənin hazırlıq iclası keçirildi. Elə ilk iclasdan mərhumun yaxınları məhkəmədən narazı qaldı. Çünki hakimlər məhkəmə prosesini izləməyə gələnlərdən heç kimi zala buraxmadı. Məhkəmə tərkibinə daxil olan hakimlərdən biri əvvəlcə bildirdi ki, "onsuz da hazırlıq iclasında işin mahiyyəti araşdırılmır, əgər məhkəmənin açıq keçirilməsinə qərar verilsə, növbəti iclaslarda iştirak edə bilərlər".

Lakin prosesi izləmək istəyən jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, mərhum Tapdıq Babaşovun qohumları buna etiraz etdilər. Bildirdilər ki, istənilən halda, məhkəmənin hazırlıq iclası qapalı keçirilə bilməz və onlar mütləq prosesi izləmək istəyirlər. Amma etirazlar nəticə vermədi.

Həmin ərəfədə məhkəmə binasına iki avtobusla Fövqəladə Hallar Nazirliyinin əsgərləri gətirildi. Məhkəmədən mərhumun yaxınlarına bildirildi ki, onların hamısı bu iş üzrə zərərçəkmiş qismində tanınan əsgərlərdir. Məhkəmə zalında da onlar əyləşir, əlavə yer yoxdur.

Buna da bax: “Bizi məsciddən didərgin salıblar”

MÜTTƏHİMLƏR ÖZLƏRİNİ TƏQSİRLİ BİLMİR

Məhkəmədən sonra zərərçəkmiş Kifayət Babaşovanın hüquqlarını müdafiə edən vəkil Hüseyn Həsənov jurnalistlərə bildirdi ki, hazırlıq iclasında onun qaldırdığı vəsatətlər müzakirə olunub. İbtidai istintaq zamanı verilən ekspert rəyləri arasında ziddiyyətlər olduğunu deyən vəkil təkrar ekspertizalar təyin olunması, içində iş üçün əhəmiyyətli görüntülər olan diskin mərhumun anasına verilməsi, həmçinin Cinayət Məcəlləsinin 125-ci maddəsilə ittiham üzrə icraatın dayandırılmasını istəyib: "Çünki burada intihardan söhbət gedə bilməz".

Məhkəmə vəsatətləri təmin etməyib, bildirilib ki, prosesin gedişində onlara yenidən baxılıb qiymət veriləcək.

Vəkil onu da qeyd etdi ki, müttəhimlərin heç biri özünü təqsirli bilməyib. Onlar ittihamları qəbul etmədiklərini deyiblər.

Bu iş üzrə məhkəmə iclası dekabrın 28-nə təyin olunub.

Buna da bax: Yumurta yenə “ceyranın beli”ndə...

QOHUMLAR NARAHATDIR

Zalı Fövqəladə Hallar Nazirliyinin əsgərlərilə doldurub, başqalarını kənarda qoymaq artıq müəyyən niyyətlərdən xəbər verir.

Açıq məhkəmə prosesinin faktiki qapalı şəraitdə keçməsi mərhumun yaxınlarında bəri başdan şübhə yaradıb. Mərhum Tapdıq Babaşovun xalası oğlu, məhkəmə prosesini izləməyə gəlsə də, zala buraxılmayan Rüfət Hacıbəyli deyir ki, işin bu yolla ört-basdır edilə biləcəyindən ehtiyatlanırlar:

"Zalı Fövqəladə Hallar Nazirliyinin əsgərlərilə doldurub, başqalarını kənarda qoymaq artıq müəyyən niyyətlərdən xəbər verir. Məhkəməyə buraxılmamağımız işə obyektiv, ədalətli baxılmayacağına bizdə indidən şübhə yaradır. Görünür, hətta zərərçəkmiş tərəfin qohumlarını, jurnalistləri, vətəndaş cəmiyyətinin nümayəndələrini buraxmamaqla prosesi qapalı və sakit şəraitdə keçirib, öz istədikləri kimi də başa vurmaq istəyirlər".

Xatırladaq ki, evin yeganə oğlu olan Tapdıq Babaşov bu il mayın 22-də Biləcəridəki N saylı hərbi hissədə naməlum şəraitdə dünyasını dəyişib. Cinayət işinin materiallarına görə, əsgər özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Mərhumun yaxınları isə bununla razılaşmır. Onlar hesab edir ki, Tapdıq Babaşov döyülərək öldürülüb, izi itirmək üçün sonradan üçüncü mərtəbədən atılıb.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalında izləyin

XS
SM
MD
LG