Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Rusiyada Qafqaz respublikalarını necə 'ləğv edirlər'


Şimali Qafqaz
Şimali Qafqaz

Bu il Kabardin-Balkar Respublikasında (KBR) sentyabrın 1-də təkcə Qurban bayramı və Bilik günü qeyd edilməyəcək. Hökumətin qərarıyla bu gün həm də Dövlətçilik günü keçiriləcək. Bu günün 1997-ci ildə respublika Konstitusiyasının qəbuluyla bağlı olduğu bildirilir.

Rusiya Federasiyasının Konstitusiyasına görə, respublikalar «dövlətlər», yəni ərazisi, əhalisi və suverenliyi olan siyasi strukturlardır. Təbii ki, federasiya şəraitində suverenlik məhdudlaşdırılır. Rusiya Federasiyasında isə bu, xüsusilə belədir. Buna görə də söhbət respublikalardan gedəndə, çox zaman «natamam dövlətçilik» terminindən istifadə olunur. Son 20 il ərzində onsuz da məhdud olan bu suverenlik get-gedə daha çox məhdudlaşdırılır.

DİSKRİMİNASİYA

Belə ki, regional hökumətlər artıq xeyli vaxtdır ki, respublika rəhbərlərinin birbaşa seçilməsindən imtina ediblər. Ancaq bu, Kabardin-Balkar Respublikasında dövlətçiliyin sadə formallığa çevrilməsi yolunda atılan ilk addım deyildi. Respublikanın keçmiş rəhbəri Arsen Kanokov Rusiya Federasiyası subyektlərinin rəhbərlərinin «prezident» adlandırılmaması təşəbbüsünü dəstəkləyib. Bununla o, regionun ən yeni tarixində Kabardin-Balkar Respublikasının sonuncu prezidenti kimi qalıb.

Maraqlıdır ki, Rusiyada bəzi ekspertlər çox zaman məhz respublikaların dövlətçilik əlamətlərinə malik olmasına görə federasiya subyektləri arasında qeyri-bərabərlikdən danışırlar. Bəziləri hətta bunu vilayət və diyarlara münasibətdə diskriminasiya sayır. Bununla bağlı səs-küylü bəyanatlar da verilir. Məsələn, publisist Yegor Kholmogorov bu yaxınlarda Rusiyada milli respublikaların ləğvinə çağırıb. Ancaq məsələyə başqa tərəfdən baxsaq, diskriminasiyaya məruz qalan məhz respublikalardır, xüsusən də Qafqaz respublikaları.

Kabardin-Balkar prezidenti Arsen Kanokov və Çeçenistan prezidenti Ramzan Kadyrov -2009
Kabardin-Balkar prezidenti Arsen Kanokov və Çeçenistan prezidenti Ramzan Kadyrov -2009

ZƏİF SUBYEKT

Bu mənada Kabardin-Balkar Respublikası zəif subyekt kimi nəzərdən keçirilə bilər. Belə ki, məsələn, qonşu Stavropol və Krasnodar diyarlarında qubernatorları KBR-dəki kimi yerli Dumanın deputatları yox, birbaşa səsvermə yolu ilə xalq seçir.

Qeyd edək ki, Şimali Qafqazda bir sıra fəallar region rəhbərlərinin yenidən birbaşa xalq tərəfindən seçilməsini təklif edirlər. Məsələn, KBR-lə qonşu olan Qaraçay-Çərkəz Respublikasında qaraçay xalqının konqresi respublika rəhbərinin birbaşa xalq tərəfindən seçilməsini təklif edib. Ancaq onun səsi eşidilməyib.

Kabardin-Balkar Respublikasının müstəqilliyi il-ildən azalır. Konstitusiyanın məzmunu respublikanın suverenliyinin məhdudlaşdırılması yönündə dəyişdirilir. Bu, respublikanın tam ləğvinə və regionun adi quberniyaya çevrilməsinə yol aça bilər.

RESPUBLİKALARA AYRISEÇKİLİK

Kabardin-Balkar Regional Hüquq Müdafiə Mərkəzinin rəhbəri Valery Khatazhukov hesab edir ki, respublikaların əleyhdarları dövlət birliklərinin və milli məsələnin əhəmiyyətini yaxşı dərk etmirlər.

Valery Khatazhukov
Valery Khatazhukov

«Rusiyada Fevral və Oktyabr inqilablarının əsas səbəblərindən biri milli məsələ idi. Bolşeviklər bu amilin əhəmiyyətini dərk edirdilər. Onlar bu məsələyə öz müqəddəratını təyinetmə hüququnun təqdim edilməsi ilə reaksiya verirdilər», – hüquq müdafiəçisi deyir.

Ancaq Khatazhukov-un sözlərinə görə, müasir Rusiyada ölkə çərçivəsində xalqların dövlətçiliyinin inkişafı problemdir.

«Şimali Qafqazın əksər respublikalarında subyekt rəhbərlərinin birbaşa seçilməməsi, bununla yanaşı, qonşu Stavropol və Krasnodar diyarlarında belə bir hüququn olmasını respublikalara qarşı ayrıseçkilik hesab edirəm», – Khatazhukov deyir.

RUSİYA DA BU BƏNDƏ İSTİNAD EDİRDİ

Hüquq müdafiəçisi xatırladır ki, öz müqəddəratını təyinetmə hüququ BMT Nizamnaməsinin fundamental müddəalarından biridir:

«Axı Rusiya Krımı öz tərkibinə qatanda, özü bu bəndə istinad etmişdi», – Khatazhukov deyir. Onun sözlərinə görə, «Rusiyanın özündə respublika konstitusiyalarının məzmunu tədricən aşınır».

Hüquq müdafiəçisi qeyd edir ki, mərkəzlə respublikalar arasında münasibətlər federasiyadan çox metropoliya ilə müstəmləkələrin əlaqəsini xatırladır.

«Öz tayfadaşlarını nəzarətdə saxlamalı olan canişinlər var», – ekspert deyir.

Opponentlər hesab edirlər ki, çoxmillətli respublikalarda birbaşa seçkilər müxtəlif etnik qrupların bir-biri ilə dalaşmasına yol aça bilər. Khatazhukov onların bu arqumentini şişirdilmiş sayır. Hüquq müdafiəçisi əmindir ki, respublikada subyekt rəhbərinin birbaşa seçilməsinə ehtiyac var.

XS
SM
MD
LG