Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:50

Zelenski müharibənin gələn il bitəcəyinə ümid edir


Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bu ölkəyə qarşı müharibəsinin 2023-cü ildə bitəcəyinə ümid edir.

“İnanıram ki, ukraynalılar gələn il də ən nüfuzlu xalq olacaqlar, ancaq bu dəfə artıq sülh şəraitində”, – Zelenski “Politico” dərgisinə müraciətində deyib. Dərgi Zelenskini Avropanın ən nüfuzlu şəxsi elan edib.

Zelenski həmçinin “milyonlarla ukraynalının bu dəhşətli dönəmdən keçməsinə kömək edən, Avropadakı dostlara” təşəkkürünü bildirib.

Bu həftə “Time” jurnalı Zelenskini “İlin adamı” elan edib.

+++

Dekabrın 8-də Ukraynanın şərqindəki mövqeləri və yaşayış məntəqələri Rusiya qüvvələri tərəfindən yeni hücumlara məruz qalıb. Məlumatı dekabrın 8-də Ukrayna ordusunun Baş Qərargahı yayıb. Moskvanın ilhaq etdiyi Krımda Rusiyanın Qara Dəniz donanmasının yerləşdiyi Sevastopol liman şəhərində isə böyük partlayış baş verdiyi bildirilir.

Rusiya qüvvələri Ukraynanın Donetsk və Luqanskdakı mövqelərini raket hücumları və bombardmana məruz qoyub.

Xarkovda kəndə hücum

Şimal-şərqi Xarkovda isə Rusiya sərhədinin bir neçə kilometrliyində yerləşən Ternova kəndinə hücum gerçəkləşdirilib.

Ukrayna ordusu Rusiya işğalçılarının Melitopol və Zaporojyedə yerli əhalini səfərbər etməyə başladığını bildirir.

AzadlıqRadiosunun müxbirləri Sevastopolun mərkəzində böyük partlayışın, bundan bir neçə saniyə öncə isə raket buraxılışına bənzər səsin eşidildiyini xəbər verir.

Sevastopola Moskvanın təyin etdiyi administrator Mixail Razvojayev deyib ki, partlayış “dron düşməsi” nəticəsində baş verib. Onun Telegram-da yazdığına görə, Rusiya donanmasının gəmisi Qara dəniz üzərində dronu vurub. Ancaq o, dronun kimə məxsus olduğunu dəqiqləşdirməyib.

Avqustdan bəri Sevastopolda bir neçə partlayış baş verib, Rusiya buna Ukraynanın dron hücumlarının səbəb olduğunu bildirib.

Bir şəhərdə 10 nəfər öldürülüb

Dekabrın 7-də Donetskin Kuraxovo şəhərinə Rusiya hücumu nəticəsində 10 nəfər həlak olub. Açıqlamanı Prezident Volodimir Zelenski dünən gecə müraciətində verib.

Zelenski söyləyib ki, “çox qəddar, hesablanmış” hücum nəticəsində bazarda, avtobus dayanacağı, yaşayış binasında “dinc, sıravi adamlar” həlak olub.

“İndiyədək 10 nəfərin öldüyü, xeyli yaralının olduğu bəllidir”, – Zelenski vurğulayıb.

Rusiya əsgərlərinin Kuraxovonu yaylım atəşi sistemlərindən atəşə tutulduğu bildirilir. Bu şəhər Donbas vilayətində qızğın döyüşlər gedən ərazilərdəndir.

“Ukrenerho” başçısının dekabrın 7-də bildirdiyinə görə, Rusiya müharibəyə başlayandan Ukraynanın enerji infrastrukturuna mindən çox raket və mərmi atıb.

Paytaxt Kiyevin meri Vitali Kliçko xəbərdarlıq edib ki, Rusiya infrastruktura havadan zərbələri davam etdirərsə, şəhərdə “apokaliptik” ssenari baş verə bilər.

XS
SM
MD
LG