Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:22

'Dojd'un Latviyada yaratdığı qalmaqal. Putinə kim kömək edir


Dojd-un efiri
Dojd-un efiri

Dekabrın 6-da Latviyanın elektron medianın tənzimlənməsinə cavabdeh qurumu mühacirətdə olan “Dojd” müstəqil Rusiya televiziyasının yayım lisenziyasını ləğv edib. Kanalın yayımı dekabrın 8-dən dayandırılacaq. Səbəb kimi isə "milli təhlükəsizlik və ictimai asayişə təhlükə” göstərilir.

Dekabrın 2-də Latviya hökuməti “Dojd” kanalını 10 min avro (10 min 500 dollar) cərimələmişdi. Səbəb kanalın Ukraynanın işğal edilmiş Krım bölgəsini Rusiya ərazisi kimi göstərməsi və Rusiya ordusunu “bizim ordumuz” adlandırması idi.

Aparıcının efirdə söylədikləri

Eyni gündə Latviya dövlət təhlükəsizlik xidməti kanalın aparıcısı Aleksey Korostelyovun dekabrın 1-də onlayn efirdə işlətdiyi ifadələrlə bağlı araşdırmaya başlayıb. Aparıcı efirdə tamaşaçıları hərbi səfərbərlik zamanı Rusiya qanunlarının pozulması halları və Ukraynada törədilən hərbi cinayətlərlə bağlı hekayələr paylaşmağa dəvət etmişdi.

Bu zaman Korostelyov belə demişdi: "Ümid edirik ki, biz həmçinin cəbhə xəttində olan çox sayda hərbçiyə ləvazimatla kömək edə bilmişik”.

Ən hörmətli rusdilli media qurumlarından birinin efirində baş verən bu insidentlər Latviya, Ukrayna və digər ölkələrdə bir çox insanın səbr kasasını daşırıb. Çoxları Rusiyanın əksər müxalifət fiqurlarının şüurlu və ya şüursuz şəkildə Kremlin neokolonial, imperialist impulslarına rəğbətlə yanaşdığını iddia edirlər.

“Dojd”un tərəfdarları isə Kremlin Ukraynaya hücumla bağlı ritorikasını qəbul etmədiyi üçün Rusiyadan çıxarılan kanalın lisenziyasının əlindən alınmasını tənqid edirlər. Onlar deyirlər ki, bu, Putinin qələbəsi və Rusiyanın aqressiyasının dayandırılması ilə bağlı səylərə zərbədir.

Telekanalın gördüyü tədbirlər

İngilis dilində “TV Rain” kimi tanınan “Dojd” kanalının rəhbərliyi Korostelyovu dərhal işdən çıxarıb və böhran rejiminə keçib.

“Dojd heç vaxt hər hansı orduya, o cümlədən Rusiya ordusuna ləvazimat göndərməyib, göndərmir və göndərməyəcək”, – kanalın baş redaktoru Tixon Dzyadko dekabrın 2-də “Nastoyaşeye Vremya”ya deyib.

Ancaq bütün bunlar Latviya qurumlarını inandırmağa yetməyib. Latviyanın hökumət qurumları öz bəyanatlarında kanal rəhbərliyinin "pozuntuların əhəmiyyəti və ciddiyyətini anlamadığını və buna görə də kanalın Latviya ərazisində fəaliyyət göstərə bilməyəcəyini” bildiriblər.

“Dojd” yayımı sosial media və İnternet vasitəsilə davam etdirəcəyini deyir.

“Dojd” kanalı 2010-cu ildə "Nikbin kanal” şüarı ilə Rusiyada yaradılıb. O, hökumətin təzyiqlərinə baxmayaraq, ölkədə etirazlar, korrupsiya, müxalif fikir və digər məsələləri işıqlandıran ciddi, peşəkar media qurumu kimi tanınıb. 2021-ci ildə Rusiyanın Ukraynaya hücumundan öncəki təzyiqlər zamanı Kreml “Dojd”u "xarici agent” siyahısına salmışdı. Bu ilin martında kanal Rusiyada bağlanıb. Səbəb onun müharibəni işıqlandırma tərzi idi. İyulda Riqada yenidən fəaliyyətə başlayıb.

Putindən sitat

“Dojd” ətrafındakı bu xoşagəlməz hallar mühacirətdə olan ruslarla keçmiş sovet respublikalarının vətəndaşları arasındakı çoxdankı gərginliyi daha da qızışdırıb.

Bir latviyalı istifadəçi “Twitter”də hökuməti “‘yaxşı ruslar’ isteriyasına qapılmadığı” üçün alqışlayıb.

"‘Rusiyanın sərhədlərinin heç yerdə bitməməsi’ ideyası həm vatniklərin (Putin tərəfdarları nəzərdə tutulur – tərc.) həm də Rusiya liberallarının könlünü isidir”, – deyə “Dojd”un başqa bir tənqidçisi “Twitter”də yazıb. Yeri gəlmişkən, “Rusiyanın sərhədlərinin heç yerdə bitməməsi” ifadəsi Putindən gətirilən sitatdır.

“İmperiyanın Troya atı”

Latviyanın bir millətçi “Twitter” hesabı Dzyadkonun 2014-cü ilə aid köhnə postunu tapıb çıxarıb və onları “Dojd”un imperialist meyllərinin sübutu kimi təqdim edib. Bu postda Dzyadko istehza ilə yazmışdı: "Krım, Rusiyaya xoş gəldin!" Ancaq eyni zamanda Rusiyanın təyin etdiyi işğalçı hökumətin Sevastopolda etirazları qəddarlıqla dağıtmasını əks etdirən videoya link paylaşmışdı.

Başqa bir “Twitter” şərhçisi “Dojd”u “imperiyanın Troya atı” adlandırıb.

Çoxu Putinin siyasətinə qarşı çıxdığı və həbsdən qorxduğu üçün ölkəni tərk edən rusiyalı liberallar Latviyanın bu qərarının Kremlin işinə yaradığını deyirlər.

"Bu gün Putinin bayramıdır. Son vaxtlar həyat ona sevinməyə az səbəb verir. Ancaq bu gün Kremldə şampan partladırlar”, – həbsdə olan müxalifət lideri Aleksey Navalnının köməkçisi Leonid Volkov deyir.

Putinə kömək?

Navalnının sözçüsü Kira Yarmış bu sözləri yazıb: "“Dojd”un lisenziyasının ləğvi Putinə kömək edir və ona zərər vermək üçün heç nə etmir”.

Peterburqdan deputat Boris Vişnevski Latviyanın bu qərarından bir neçə gün öncə yazıb ki, lisenziyanın ləğvi "Rusiya təbliğatçılarına böyük hədiyyə olardı”.

Liberal “Yabloko” partiyasının Latviya ilə həmsərhəd Pskov bölgəsi üzrə sədri Lev Şlosberq Riqanın qərarını "Latviya cəmiyyətinin ölkə media və siyasətinin tamamilə rusiyasızlaşdırmasına çağıran radikal hissəsinin tələblərinə populist reaksiya” adlandırıb.

Ancaq bu arqumentlər də etirazla qarşılanıb.

“Gəlib qayda-qanun yaradacaqsınız?”

Şlosberqin postunun altında bir şərhçi yazıb: "Bu postun mənası odur ki, Latviya ümidsiz bir əyalətdir, ancaq “yuxarıların” icazəsi olmadan qərarlar verməyə cürət edir. Təklifiniz nədir? Gəlib qayda-qanun yaradacaqsınız? Mən “Dojd”un bağlanmasını dəstəkləmirəm, ancaq onlar Latviya qanunlarına əməl etmək öhdəliyindən azad deyirlər. Reaksiyanız sizi ələ verir”.

Rusiyalı jurnalist Yuliya Latınina “Twitter”də Latviyanın qərarını ölkənin kiçik Estoniyadan daha az ukraynalı qaçqın qəbul etməsi haqda iddialarla bağlamağa çalışıb. Bir çox şərhçilər onun göstərdiyi rəqəmləri sorğulayıb. Digərləri isə onu Latviyaya yol göstərməyə çalışdığı üçün qınayıblar.

"Qaçqınları əmələ gətirən ölkənin vətəndaşı başqalarını çox az qaçqın qəbul etməkdə günahlandırır. Xalis surrealizm”, – bir şərhçi yazıb.

XS
SM
MD
LG