Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:21

Dünyada silah satışı. Türkiyə, İsrail şirkətlərinin gəliri artıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xüsusi Təyinatlıların silahlarını təftiş edir, 2016-cı il
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xüsusi Təyinatlıların silahlarını təftiş edir, 2016-cı il

2021-ci ildə dünyada 100 ən böyük silah və hərbi xidmət şirkətinin satışı 592 milyard dollara çatıb. Bu, 2020-ci illə müqayisədə 1.9 faiz artım deməkdir. Dekabrın 5-də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) bu haqda hesabat yayıb.

Artıq yeddinci ildir dünyada silah satışı ardıcıl yüksəlir. 2020-21-ci illərdə artım 2019-20-ci ildəkindən (1.1 faiz) yuxarı olsa da, Covid-19 pandemiyasına qədərki dörd ilin ortalama göstəricisindən (3.7 faiz) aşağıdır.

Təchizat, sanksiyalar

Pandemiyanın 2021-ci ildə təchizat zəncirində yaratdığı problemlər silah industriyasından da yan keçməyib.

“Davamlı təchizat problemləri olmasaydı, 2021-ci ildə silah satışında daha böyük artım baş verərdi. Həm böyük, həm də kiçik şirkətlər il ərzində satışlarının təsirləndidirini deyiblər. Airbus, General Dynamics kimi şirkətlər işçi çatışmazlığı ilə üzləşib”, – SIPRI-da Hərbi xərclər və silah istehsalı proqramının direktoru Dr. Lusi Bero-Sudro (Dr Lucie Béraud-Sudreau) deyib.

Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiya şirkətlərinin istehsalı artırması xəbərləri gəlsə də, onların yarımkeçiriciləri çətinliklə əldə etdiyi bildirilir. Həm də bu şirkətlər müharibəyə görə sanksiyalar altındadır. Məsələn, data çatışmazlığına görə ilk 100-lüyə daxil olmayan Almaz-Antey şirkəti silah ixracının bir hissəsi üçün ödənişləri ala bilmədiyini bildirib.

ABŞ, Avropa şirkətləri

Siyahıdakı 40 ABŞ şirkətinin 2021-ci ildə ümumi satışı 299 milyard dollar olub. Şimali Amerika 2020-ci illə müqayisədə silah satışında azalma baş verən yeganə regiondur. 0.8 faizlik azalma ötən il ABŞ iqtisadiyyatında yüksək inflyasiya ilə izah olunur.

2018-ci ildən bəri 100-lükdəki ilk 5 şirkət ABŞ-a məxsusdur.

İlk 100-lüyün 27 şirkətinin qərargahı Avropada yerləşir. Onların cəmi silah satışı 2020-ci illə müqayisədə 4.2 faiz artaraq 123 milyard dollara çatıb.

Hərbi aerokosmik sahə üzrə ixtisaslaşmış Avropa şirkətlərinin çoxu 2021-ci ildə təchizat zəncirində pozuntulardan dolayı itkilərlə üzləşdiklərini deyiblər.

109 milyard dollar

Ötən il Asiya və Okeaniyadan 21 şirkətin ümumi satışı 136 milyard dollar olub. Bu, 2020-ci ildəkindən 5.8 faiz çoxdur.

Siyahıdakı səkkiz Çin şirkətinin ümumi satışı 6.3 faiz artaraq, 109 milyard dollar təşkil edib.

İlk yüzlükdə Rusiyanın altı şirkəti var, onlar 2020-ci ildəkindən cəmi 0.4 faiz çox, 17.8 milyard dollarlıq silah sata biliblər. Ümumilikdə ötən il Rusiyanın silah sənayesində durğunluq əlamətləri müşahidə olunub.

Türkiyənin 2 şirkətinin cəmi gəliri 3.4 milyard dollar olub

Ötən il Türkiyə, Ukrayna, Hindistan şirkətlərinin satış gəlirləri ümumi satışın 1 faizindən də azını təşkil edir.

İlk yüzlükdə Yaxın Şərqdən beş şirkət var və onların ötən il silah satışından ümumi gəliri 15 milyard dollar olub. Bu şirkətlər əsasən yüksək ixtisaslaşmış hərbi məhsullar buraxırlar. Onların gəlirinin 92 faizi hərbi sektordan qaynaqlanır.

Siyahıda 38-ci yerdə olan “Israel Aerospace Industries”in satışı isə cəmi 1.9 faiz artıb. Siyahıdakı üç İsrail şirkətinin cəmi gəliri 11.6 milyard dollar olub ki, bu da 2020-ci ildəkindən 3.0 faiz çoxdur.

Elə Azərbaycanın da silahı əsasən İsraildən aldığı bildirilir.

Türkiyənin “Turkish Aerospace” siyahıda 84-cüdür, silah satışında 62 faizlik artım qeydə alınıb.

“Turkish Aerospace” və ASELSAN (56-cı yerdədir) şirkətlərinin cəmi gəliri 3.4 milyard dollar təşkil edib.

XS
SM
MD
LG