Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Daha bir səfirlik işçisi ilə bağlı qalmaqal


Arif Məmmədov
Arif Məmmədov

►"Müstəntiqlər heç nə tapa bilmədikləri üçün əsəbidirlər. Hamı bilir ki, işıq pulu və bu kimi başqa ittihamlar gülünc səslənə bilər”

Azərbaycanın Fransadakı səfirliyində təsərrüfat müdiri vəzifəsində çalışan Samir İsmayılov vətənə dönmək istəmir. Bunu AzadlıqRadiosuna İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov bildirib.

Arif Məmmədovun sözlərinə görə, Samir İsmayılov vaxtilə Strasburqda və Brusseldə onun yanında çalışıb:

“Samir İsmayılov mənimlə bağlı Baş Prokurorluqda gedən istintaqa çağrılıb, çox güman ki, əvvəldən hazırlanmış sənədlərə qol çəkdirəcəklərmiş. Samir İsmayılov prokurorluqdan səfirliyə rəsmi sənəd göndərilməsini tələb etsə də, buna əhəmiyyət verilməyib”.

Arif Məmmədov deyir ki, Samir İsmayılov vətənə qayıdarsa, ya ona şər atmalıdır, yəni yalan məlumatları təsdiqləməlidir, ya da onun özünü təzyiq vasitəsi kimi cinayət məsuliyyətinə cəlb edə bilərlər:

“Samir İsmayılov yanımda təsərrüfat müdiri işləyib. Mənə qarşı qaldırılan cinayət işi çərçivəsində ondan hansısa sənədləri imzalamasını istəyiblər. Müstəntiqlər heç nə tapa bilmədikləri üçün əsəbidirlər. Hamı bilir ki, işıq pulu və bu kimi digər ittihamlar gülünc səslənə bilər”.

Buna da bax: Vergi cərimələri 5 dəfə artırılır

“İşimi ehtiyatlı tutmuşdum”

Arif Məmmədov deyir ki, o, işini hər zaman ehtiyatlı tutub:

“Bilirdim ki, gec-tez məsələm gündəmə çıxacaq, ona görə sənədlərlə çox ehtiyatlı olmuşam. Səfir bütün maliyyə sənədlərini imzalayır, ancaq hər ayın sonunda sənədlər təsdiq üçün XİN-ə göndərilir. Avropada avtomobilin qeydiyyatı belə səfirin adına olur. Avtomobil satan, onu sığortalayan şirkətlər, evlərini kirayə verən adamlar belə müqavilənin səfirlə bağlanmasını istəyirlər”.

Samir İsmayılov hələlik susmağa üstünlük verib. O, müsahibə istəyimizi müsbət cavablandırmadı.

Xarici İşlər Nazirliyi ilə əlaqə cəhdlərimiz də alınmadı.

“Etik davranışları pozanlar...”

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov bir müddət öncə bildirmişdi ki, “Bütün dövlət qurumlarında olduğu kimi, Xarici İşlər Nazirliyində də tutduğu vəzifədən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf çıxan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcəkdir”.

Buna da bax: Jurnalist Şirin Abbasov azadlığa buraxılıb

“Azərbaycan üçün qara piar”

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə AzadlıqRadiosuna müsahibəsində deyir ki, səfirlik əməkdaşlarında ədalətli istintaq araşdırmasına inam yoxdur:

Hikmət Hacızadə: "Ölkənin imici üçün xoşagəlməz haldır"

“İstintaq vəzifəsindən asılı olmayaraq hər kəsi çağırıb dindirə bilər. Ancaq ədalətsiz, qərəzli istintaq aparılacağı qorxusu daha güclüdür və konkret bu işlə bağlı prokurorluğa çağrılanlar Avropada siyasi sığınacaq istəməyə üstünlük verirlər”.

Hikmət Hacızadə diplomatların və səfirliyin texniki işçilərinin siyasi sığınacaq istəməsinin davam etməsini Azərbaycan üçün “qara piar” sayır:

“Biz dünyaya göstəririk ki, vəziyyətimiz belədir. Bizdə ədalətsiz məhkəmə, ədalətsiz təhqiqat işləri aparılır, adamlar ədalətsiz olaraq tutulur. Ölkənin imici üçün xoşagəlməz haldır”.

XS
SM
MD
LG